“Biz Prezident Administrasiyasının rəsmilərinə zəng etdik və onlar onun ölkəni tərk etdiyini təsdiqlədilər"
Fransanın RFI radiostansiyası Madaqaskar Prezidenti Andri Rajoelinanın bazar günü Fransa hərbi təyyarəsi ilə ölkədən çıxarıldığını bildirib. Bildirilib ki, o tezliklə xalqa müraciət edəcək.
Müxalifət lideri Siteny Randrianasoloniaiko Prezident Administrasiyasının rəsmiləri ilə söhbətlərinə istinadən “Reuters” agentliyinə Rajoelinanın ölkəni tərk etdiyini təsdiqləyib.
"Prezident ölkəni tərk edib. Biz Prezident Administrasiyasının rəsmilərinə zəng etdik və onlar onun ölkəni tərk etdiyini təsdiqlədilər", - Randrianasoloniaiko deyib və əlavə edib ki, Rajoelinanın hazırda harada olduğu bilinmir.
RFI bildirir ki, bazar günü Madaqaskar Prezidentini vertolyotla Madaqaskarın şərq sahillərində yerləşən Sent-Mari adasına aparıb və oradan o Fransa hərbi təyyarəsinə minib. RFI-nın məlumatına görə, Prezident Mavrikiy vasitəsilə Dubaya səfər etmiş ola bilər.
Onun mənbələrinə görə, Rajoelinanın təxliyyəsinə Fransa Prezidenti Emmanuel Makron icazə verib. Bununla belə, Fransa rəsmiləri Madaqaskardakı vəziyyətə müdaxilə etməyəcəklərini bəyan ediblər.