Kişinin pulu cibində, kasıbın malı gözünün qabağında

İqtisadiyyat

22.04.2021 - 15:36

Professor: “Səhv yanaşma nəticəsində e-manatın tətbiqi nəinki fayda gətirər, əksinə ciddi fəsadlar törədə bilər”

 

Azərbaycanın milli valyutası olan manat elektronlaşa bilər. Artıq Mərkəzi Bank bununla bağlı araşdırmalara başlayıb. Proses nə dərəcədə realdır? E-manatın hansı üstünlükləri olacaq? E-manatın özəlliyi nədən ibarətdir?

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı alim Elşad Məmmədov AYNA-ya şərhində deyib ki, elektron manat o zaman iqtisadiyyata lazım olan səviyyədə effekt verə bilər ki, bu, rəqəmsal valyuta şəklində Mərkəzi Bank tərəfindən emissiya edilən valyuta olsun: “Gərək bu valyutanın idarə edilməsi prosesi Mərkəzi Banka aid olsun. İnkişaf baxımından iqtisadiyyata valyutanın nə qədər emissiya edilməsi tələb olunursa, bu, o qədər də Mərkəzi Bank tərəfindən emissiya edilsin. Rəqəmsal texnologiyalar üzərində elekton valyutanın tətbiqi tam şəkildə hər bir ayrılan manatın, qəpiyin təyinatı üzrə istifadə etməsini rahat şəkildə təmin etmiş olacaq”.

Elşad Məmmədov

İqtisadçının sözlərinə görə, bu valyutanın tətbiqi və hazırda rəqəmsal texnolgiyaların bu prosesdə iştirakı demək olar ki, bank sektorunda vasitəçiliyin aradan qaldırılmasına şərait yarada bilər: “Yəni investisiya üçün iqtisadiyyata dövriyyəyə nə qədər pul vəsaiti lazımdırsa, o qədər emissiya ediləcək və iqtisadi fəaliyyət növləri üzrə istiqamətlənidiriləcək. Belə olduğu halda isə artıq kommersiya banklarının iqtisadi inkişafı, investisiyaların maliyyələşməsinə bir o qədər də ehtiyac qalmayacaq. Çünki rəqəmsal valyutalar vasitəsilə istənilən ölkə iqtisadiyyatında tələb olunan investisiya resurslarını iqtisadiyyata çatdırmaq mümkündür”.

 

“Bu valyutaların dövriyyəsi tam şəkildə idarə olunacaq. Bu valyutaları investisiyadan kənar istiqamətlərə sərf etmək mümkün olmayacaq. Məsələn, istehlak kreditlərinə, valyuta alışına və s. Bu, yalnız son dövriyyə prosesi zamanı artıq əmək haqları formasında nəğdləşdirilsə, insanlara nəğd formada, artıq ənənəvi valyuta kimi çata bilər. Amma qalan halda bunun dövriyyəsi və istiqamətlənməsi məhz iqtisadi inkişafla bağlı olan investisiya layihələrinə getməlidir”, - deyə alim bildirib.

 

Məmmədovun dediyinə görə, əvvəllər də bu təcrübə müxtəlif ölkələrdə istifadə olunub: “Burada iki istiqamət var - pul konturu, yəni investisiya, müəssisələr, müəssisələrin inkişafı ilə bağlı olan bir kontur; ikincisi, istehlakla bağlı olan əhali tərəfindən tələb olunduğu qədər əmtəə və xidmətlərin əldə olunması üçün tələb olunan pul kütləsi: “Bunlar, əslində ayrı olmalıdır. Çünki nəğd pul kütləsi, yəni əhalidə olan pul kütləsi ilə istehsal, investisiya üçün nəzərdə tutulmuş pul kütləsinin qarışdırılması böyük problemlərə səbəb olur”.

 

“Ona görə də hesab edirəm ki, bu, rəqəmsal valyuta məhz investisiya yönülmü olmalıdır. İqtisadiyyatda isə məhz istehsala yönəlik proseslərdə iştirak etməlidir. Və mütləq şəkildə dövlət tərəfindən emissiya edilməlidir. Çünki bunu hansısa özəl qurumlar və yaxud da özəl vasitəçi banklar etsə, o zaman iqtisadiyyatda çox ciddi xaotik vəziyyət yarana bilər. Bu, nəinki fayda, iqtisadi proseslərə çox ciddi maneə törədə bilər”, - deyə professor fikrini yekunlaşdırıb.

Müəllif: Ülviyyə Şahin