Yadellilərin yaratdıqları yuxularda yaşayan toplumlar öz gerçəkliyini, kimliyini və özəlliyini itirir
Bir an düşünün: ekrana baxarkən heç ağlamısınızmı? Qorxmusunuzmu? Ürəyiniz döyünübmü? Pərdədəki bir insanın acısı sinənizi sıxıbmı? Bir qəhrəmanın məğlubiyyəti sizi susdurub, qələbəsi içinizdə gizli bir sevinc oyadıbmı?
Əgər belə olubsa, sizi narahat edəcək sual budur: o duyğular haradan gəldi?
Pərdədə gördüyünüz insan gerçəkdə qarşınızda deyil. Hadisə indi baş vermir. Siz təhlükəsiz bir otaqda, kresloda oturmusunuz. Gözünüzün önündəki dünya qurulmuş dünyadır: aktyor var, kamera var, işıq var, montaj var, musiqi var, senari var. Amma bədəninizin verdiyi reaksiya gerçəyə bənzəyir. Qorxanda nəfəsiniz dəyişir, həyəcanlananda ürəyiniz sürətlənir, kədərlənəndə boğazınız düyünlənir. Beyin bunun film olduğunu bilsə də, duyğu sistemi həmin səhnəyə çox vaxt yaşanmış təcrübəyə bənzər reaksiya verir - Kinonun sirri buradadır.
Kino fizioloji mənada yuxu deyil. Biz film izləyəndə yatmırıq, gözümüz bağlı deyil, bədənimiz yuxu mərhələlərindən keçmir. Amma kino yuxunun bəzi psixoloji və duyğusal mexanizmlərini oyaq halda təqlid edən süni bir təcrübədir. Yuxuda insan gerçək olmayan bir dünyanın içində gerçək duyğular yaşayır. Kino da tamaşaçını qurulmuş bir dünyanın içinə salır və ona gerçək qorxu, gerçək sevgi, gerçək heyranlıq, gerçək nifrət, gerçək ümid yaşadır. Ona görə kino yalançı duyğu yaratmır; kino gerçək duyğuları süni qurulmuş bir dünyanın içində oyadır. Bu mənada kino - yapay yuxudur.

Bu fikri kino sənətinə qarşı ittiham kimi yox, onun böyük təsir gücünü anlamaq üçün fəlsəfi və elmi metafora kimi qəbul etmək lazımdır. Kino insanı yalnız əyləndirmir. Kino insanın diqqətini tutur, duyğusunu yönləndirir, yaddaşına obraz yerləşdirir, arzusunu oyadır, qorxusunu formalaşdırır, qəhrəmanını seçir və zamanla onun “normal” dediyi dünyanın sərhədlərini dəyişdirir. Məhz buna görə kino yalnız sənət deyil; kino incə gücün ən təsirli yuxu qurğularından biridir.
İncə Güc dedikdə nəyi nəzərdə tuturuq? Dünyada bu anlayış “Joseph Nye”-nin “soft power” nəzəriyyəsi ilə tanınır. Mən bu ifadəni “yumuşaq güc” kimi yox, “İncə Güc” kimi işlətməyi daha doğru sayıram. Çünki burada söhbət zəiflikdən, yumşaqlıqdan və passivlikdən getmir. Burada söhbət insanın içinə səssiz keçən, zövqünü, arzusunu, heyranlığını, gözəllik ölçüsünü, azadlıq təsəvvürünü, gələcək xəyalını və normal anlayışını yönləndirən dərin təsir gücündən gedir.
Kobud güc insanı məcbur edir. İncə güc isə insanın nəyi istəməli olduğunu dəyişdirir. Kobud güc bədəni idarə edir. İncə güc xəyalı idarə edir. Kobud güc “bunu et” deyir. İncə güc elə bir dünya göstərir ki, insan özü həmin dünyanın içində yaşamaq istəyir. Ən davamlı təsir də çox vaxt burada yaranır: insan ona verilən istiqaməti əmr kimi deyil, öz arzusu kimi qəbul edəndə.

Kino bu təsiri yaratmaq üçün insan beyninin ən qədim mexanizmlərindən istifadə edir. İnsan yuxu görəndə beyin kənardan görüntü almadan öz içində dünya qurur. O dünyada məkan var, səs var, qorxu var, arzu var, münasibət var, qaçış var, görüş var, itki var. Yuxu zamanı beyin xüsusilə duyğu, yaddaş və təsəvvürlə bağlı sahələri aktivləşdirir; buna görə də yuxuda yaşanan hadisələr uydurma olsa belə, insanın verdiyi duyğusal reaksiya çox vaxt gerçək kimi hiss olunur. Yuxuda uçurumdan yıxılırsınız — bədəniniz qorxur. Yuxuda sevdiyiniz birini itirirsiniz — oyananda belə içərinizdə ağırlıq qalır. Oyananda hər şeyin “yalan” olduğunu anlayırsınız, amma o anda yaşadığınız duyğu yalan deyildi.
Yuxu araşdırmalarında yuxuların sosial simulyasiya funksiyası da ayrıca izah olunur. Bu yanaşmaya görə, insan yuxuda sosial münasibətləri, təhlükələri, emosional ssenariləri və gündəlik həyatın gərginliklərini bir növ daxili səhnədə sınaqdan keçirir. Yuxu insanın öz içində qurduğu gizli simulyasiya mühitidir. Kino isə bu simulyasiyanın kollektiv, texnoloji və qəsdən qurulmuş formasıdır. Yuxu fərdin içində baş verir; kino toplumun qarşısında qurulur. Yuxu şəxsi şüurun səhnəsidir; kino kollektiv şüurun ekranıdır.
Kino zalına girəndə işıqlar sönür. Kənar aləm yavaş-yavaş çəkilir. Səs, görüntü, musiqi və montaj diqqətinizi bir nöqtəyə toplayır. Bədəniniz yerində qalır, amma zehniniz başqa bir dünyanın içinə daşınır. Bu mühit yuxu deyil, amma yuxunu xatırladan qapalı diqqət halı yaradır. Sanki insan oyaq ikən başqa bir zamanın, başqa bir məkanın, başqa bir taleyin içinə keçir. Film bitəndə işıqlar yanır, amma gördüyünüz obrazlar, eşitdiyiniz cümlələr, yaşadığınız duyğular içinizdə qalır. Yaxşı kino zalda bitmir - insanın içində davam edir.

Uri Hasson və onun komandası tərəfindən inkişaf etdirilən neurocinematics araşdırmaları da kinonun bu təsirini başqa bir tərəfdən göstərir. Güclü qurulmuş film izləyən fərqli insanların beyin aktivliyində müəyyən sahələr üzrə oxşar zamanlama və uyğunlaşma müşahidə oluna bilir. Bu, o demək deyil ki, hamı eyni düşünür və eyni duyur. Amma yaxşı qurulmuş kino diqqəti, emosional reaksiyanı və qavrayış ritmini müəyyən ölçüdə ortaq axına sala bilir. Başqa sözlə, kino təkcə fərdi təcrübə deyil; eyni anda bir çox insanı eyni hekayənin duyğusal ritminə bağlayan kollektiv təcrübədir.
Burada hekayənin gücü meydana çıxır. Psixologiyada “narrative transportation” deyilən bir anlayış var. Sadə dillə desək, insan bir hekayənin içinə duyğusal və zehni olaraq daşınanda, o hekayənin dəyərlərinə daha açıq hala gəlir. Çünki həmin anda insan ona verilən fikri quru arqument kimi deyil, yaşadığı duyğunun nəticəsi kimi qəbul edir. Sizə “bu həyat tərzi yaxşıdır” deyilsə, bəlkə, etiraz edərsiniz. Amma sevdiyiniz bir personajın həmin həyat tərzi içində azadlıq, sevgi, qurtuluş, uğur və özünü tapma hissi yaşadığını görsəniz, beyniniz həmin dəyəri təbliğat kimi yox, duyğusal təcrübə kimi qəbul edə bilər.
Kino buna görə reklamdan daha dərinə işləyir. Reklam sizə məhsul göstərir. Kino isə məhsulun aid olduğu dünyanı göstərir. Reklam “bunu al” deyir. Kino “belə yaşamaq gözəldir” hissi yaradır. Bir filmdə göstərilən ev sadəcə dekor deyil. Maşın sadəcə nəqliyyat vasitəsi deyil. Geyim sadəcə kostyum deyil. Telefon, içki, restoran, universitet, şəhər, musiqi, danışıq tərzi, ailə modeli, sevgi dili — bunların hamısı tamaşaçının arzu xəritəsinə yerləşdirilən işarələrdir. İnsan bəzən məhsulu yox, o məhsulun təmsil etdiyi dünyanı almaq istəyir.

Qərbin, xüsusilə Hollivudun kino sənayesini də bu baxımdan oxumaq lazımdır. Bu, Qərb insanına qarşı qəzəbli bir çıxış deyil. Bu, mədəni güc və narrativ hakimiyyət mexanizminin sosioloji təhlilidir. Qlobal kino sənayesi dünyaya yalnız film satmadı - o, öz yaşam biçimini, şəhər estetikasını, ailə modelini, sevgi anlayışını, qəhrəman tipini, gözəllik ölçüsünü, azadlıq təsəvvürünü və istehlak vərdişlərini də normal kimi göstərdi. Bunu hər zaman gizli plan kimi izah etmək sadəlövhlük olar. Amma bunu sadəcə təsadüf saymaq da eyni dərəcədə sadəlövhlükdür. Böyük kino sənayesi öz dünyasını cazibəyə çevirir.
Bir Marvel filmində biz yalnız super qəhrəman görmürük. Biz Nyu-York siluetini, şüşəli binaları, kafeləri, küçə ritmini, texnoloji üstünlük hissini, fərdin dünya ilə münasibətini, gücün hansı obrazla təmsil olunduğunu, yumorun necə işlədiyini, sevginin necə danışıldığını, ailə konfliktlərinin necə həll edildiyini də izləyirik. Bir romantik komediyada yalnız iki insanın sevgisini görmürük; hansı qadının cazibədar, hansı kişinin uğurlu, hansı münasibətin azad, hansı həyat tərzinin modern sayıldığını da duyuruq. Bir serialda yalnız hadisə izləmirik; illərlə təkrarlanan davranış modellərinin içində öz normal anlayışımızın yavaş-yavaş dəyişdiyini də fərq etmirik.
George Gerbnerin cultivation theory — becərmə nəzəriyyəsi — bunu izah edən ən önəmli media nəzəriyyələrindən biridir. Bir film təkbaşına cəmiyyəti dəyişməyə bilər. Amma illərlə təkrarlanan filmlər, seriallar, kliplər, reklamlar, oyunlar və platforma məzmunları toplumun gerçəklik duyumunu dəyişə bilər. İnsan ekranda gördüyünü bir dəfə sadəcə səhnə sayır. İkinci dəfə yenə ötür. Amma eyni obraz, eyni münasibət, eyni həyat forması, eyni gözəllik ölçüsü, eyni uğur modeli min dəfə qarşısına çıxanda artıq o, tanış görünməyə başlayır. Tanış olan şey isə bir müddət sonra normal görünür.

Normal nədir? Normal — toplumun sual vermədən qəbul etdiyi şeydir. Kino məhz bu normalı qurur. Yavaş-yavaş. Görünmədən.
Bir uşaq illərlə eyni tip qəhrəmanlara baxanda, onun qəhrəmanlıq ölçüsü dəyişir. Bir gənc illərlə eyni tip sevgi hekayələrini izləyəndə, sevginin necə yaşanmalı olduğuna dair içində səssiz bir qəlib yaranır. Bir toplum illərlə öz şəhərini yox, başqasının şəhərini arzu məkanı kimi görəndə, öz küçəsinə, öz evinə, öz ailəsinə, öz dilinə, öz musiqisinə baxışı dəyişir. Öz gerçəkliyi ona sönük görünməyə başlayır. Başqasının ekranında gördüyü həyat isə yüksəliş, azadlıq və modernlik kimi görünür. Bu, incə gücün ən səssiz nəticəsidir: insan başqasına heyran olarkən özündən uzaqlaşmağa başlayır.
Burada ən ağır məsələ başlayır: öz anlatısı olmayan toplum başqasının yuxusunda yaşamağa məhkum olur. Çünki incə güc sahəsi boş qalmaz. Kim hekayə danışırsa, arzunu da o qurur. Kim qəhrəman yaradırsa, gələcəyin insan modelini də o formalaşdırır. Kim uşağın xəyalına obraz yerləşdirirsə, sabahın dəyər sisteminə də toxunur. Əgər biz öz qəhrəmanlarımızı, öz ailə gücümüzü, öz azadlıq anlayışımızı, öz şəhər estetikasını, öz kənd ruhumuzu, öz mənəviyyatımızı, öz sevgi dilimizi, öz insan modelimizi kino, serial, animasiya, oyun və rəqəmsal hekayə dili ilə anlatmasaq, bunu bizim yerimizə başqaları edəcək.
Bu gün Türkiyə seriallarının dünyada yaratdığı təsir, Koreyanın Hallyu dalğası ilə musiqi, serial, gözəllik və yaşam tərzini qlobal arzuya çevirməsi bir şeyi açıq göstərdi: mədəni məzmun ixracı yalnız böyük hərbi və iqtisadi güclərin işi deyil. Öz hekayəsini estetik, ardıcıl və strateji şəkildə quran toplumlar dünyaya yalnız məhsul yox, duyğu, obraz və həyat tərzi də ixrac edə bilirlər. Deməli, məsələ yalnız pul deyil. Məsələ anlatı iradəsi, sənaye düşüncəsi, estetik səviyyə və incə güc strategiyasıdır.
Bizim üçün sual budur: biz öz yuxumuzu qururuqmu? Öz dilimizin səsi olan filmlərimiz, öz tariximizin dərinliyindən gələn qəhrəmanlarımız, öz bu günümüzün ağrılarını və imkanlarını göstərən seriallarımız, uşaqlarımızın xəyalını öz dünyamızla böyüdən animasiyalarımız, gənclərin duyğu və düşüncə dünyasına toxunan oyunlarımız varmı? Yoxsa biz hələ də başqalarının qurduğu yapay yuxuların içində özümüzə yer axtarırıq?

Kino yalnız əyləncə deyil. O, duyğuların, dəyərlərin, arzuların, normalın və gerçəklik duyumunun qurulduğu böyük bir incə güc qurğusudur. Onu anlamadan müasir dünyanı anlamaq mümkün deyil. Çünki bugünkü dünya yalnız orduların, bankların, şirkətlərin, universitetlərin və diplomatiyanın dünyası deyil; bu dünya həm də ekranların, platformaların, serialların, oyunların, reklamların və hekayələrin dünyasıdır. Artıq savaş yalnız sərhəddə getmir. Savaş insanın arzu xəritəsində, yaddaşında, zövqündə, heyranlığında və “normal” dediyi yerin içində gedir.
Bu sistemi anlamaq ona tabe olmaqdan çıxmağın ilk addımıdır. Biz başqasının filminə baxmaqdan qorxmalı deyilik. Dünya ilə bağımızı kəsmək də çıxış yolu deyil. Əksinə, dünyanı oxumalı, onun təsir mexanizmlərini anlamalı, amma öz ekran ağlımızı, öz hekayə sənayemizi, öz incə güc dilimizi qurmalıyıq. Başqasının anlatısını lənətləməklə öz anlatımız yaranmaz. Öz anlatımızı yaratmaq üçün senari düşüncəsi, kino məktəbi, animasiya dili, sənədli film cəsarəti, oyun sənayesi, platforma strategiyası və ən əsası, özümüzə inanan yaradıcı iradə lazımdır.
Artıq başqalarının göstərdiyi yuxulara sadəcə heyranlıqla baxmağa davam edə bilmərik. Öz yuxu qurğularımızı yaratmalıyıq. Öz kinomuzu, seriallarımızı, animasiyalarımızı, sənədli filmlərimizi, oyunlarımızı, rəqəmsal hekayələrimizi, qəhrəmanlarımızı və yaşam biçimimizi dünyaya danışan anlatılar qurmalıyıq. Özümüzə dönmək üçün öz anlatılarımıza dönməliyik. Öz anlatılarımıza dönmək üçün öz incə gücümüzü qurmalıyıq.
Çünki hekayəni kim danışırsa, gələcəyi də o yazır. Başqasının yuxusunda yaşayan toplum, gec-tez öz gerçəkliyini də itirir.
Elmi və nəzəri dayaqlar
Bu yazının əsas nəzəri dayağı “Joseph Nye”-nin “soft power” anlayışıdır. Burada həmin anlayış “İncə Güc” kimi işlədilir və məcbur etmədən, cazibə, heyranlıq, zövq və arzu vasitəsilə təsir göstərən güc kimi izah olunur. Melanie C. Green və Timothy C. Brock tərəfindən işlənmiş “narrative transportation” nəzəriyyəsi hekayənin insanı zehni və duyğusal olaraq öz içinə daşıdığını, bunun da inanc və dəyər qəbulunu asanlaşdıra bildiyini göstərir. George Gerbnerin “cultivation theory” yanaşması uzunmüddətli ekran təkrarlarının toplumun gerçəklik və normallıq duyumunu dəyişdirə biləcəyini izah edir. Uri Hassonun “neurocinematics” araşdırmaları kino izləyərkən fərqli insanların diqqət və beyin aktivliyində müəyyən sinxronlaşma nümunələrinin yarana bildiyini göstərən mühüm istiqamətdir. Yuxu ilə bağlı hissələr sosial simulyasiya nəzəriyyəsinə, yuxuların duyğusal yaddaş, sosial münasibətlər və emosional emalla bağlı izahlarına dayanır. Kino, reklam, məhsul yerləşdirmə, yaşam biçimi ixracı və istehlak mədəniyyəti ilə bağlı hissələr isə media nəzəriyyəsi, mədəni təmsil və qlobal mədəni axınlar üzrə araşdırmalarla əlaqəlidir