8-ci sinif şagirdi “AsimChat” adlı mobil mesajlaşma tətbiqi hazırlayıb
Bakı şəhəri 217 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi Asim Hüseynov “AsimChat” adlı mobil mesajlaşma tətbiqi hazırlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.
Qeyd olunub ki, Android platforması üçün yaradılan tətbiq istifadəçilərə bir-biri ilə mesajlaşmaq, qruplar formalaşdırmaq və şəkillər paylaşmaq imkanı yaradır. Layihə müasir kommunikasiya vasitələrinin əsas funksiyalarını özündə birləşdirərək istifadəçi rahatlığının təmin olunmasına yönəlib.
Şagird layihənin hazırlanması zamanı Kotlin proqramlaşdırma dilindən istifadə edib. A.Hüseynov tətbiqin hazırlanması prosesində müxtəlif texniki çətinliklərlə üzləşsə də, apardığı araşdırmalar nəticəsində onların öhdəsindən gəlməyi bacarıb. “AsimChat” tətbiqi məktəblinin innovativ düşüncə tərzini, informasiya texnologiyalarına marağını və davamlı özünüinkişafını nümayiş etdirir.
Gələcəkdə informasiya texnologiyaları sahəsində daha böyük layihələr həyata keçirməyi qarşısına məqsəd qoyan Asim Hüseynov yeni texnoloji həllərin hazırlanması və innovativ məhsulların yaradılması istiqamətində fəaliyyətini davam etdirməyi planlaşdırır.