"Mən heç vaxt saat istəməmişəm, amma bunu gördükdən sonra düşündüm ki, saatlar əladır”
Sərvəti 200 milyard dollardan çox qiymətləndirilən “Meta”nın qurucusu Mark Zukerberq son illərdə yüzlərlə dollardan milyonlarla dollara qədər dəyişən bahalı saatlar kolleksiyası toplayıb. AYNA.AZ xəbər verir ki, “Business Insider” onun aksesuarları haqqında icmal dərc edib.
Sahibkar 2024-cü ilin mart ayında Ambani ailəsinin toy öncəsi məclisində saatlara olan marağını açıq şəkildə ifadə edib. Zukerberq daha sonra bildirib: "Mən heç vaxt saat istəməmişəm, amma bunu gördükdən sonra düşündüm ki, saatlar əladır”.
Kolleksiyadakı ən bahalı modellər arasında Zukerberqin 2025-ci ilin yanvar ayında taxdığı 900.000 dollardan çox dəyəri olan “Greubel Forsey” saatı da var. İstehsalçıya görə, bu saatlar əl ilə yığılır və ildə yalnız iki və ya üç ədəd istehsal olunur.
Milyarderin kolleksiyasına həmçinin platin korpuslu və timsah qayışlı “Patek Philippe Grand Complications In-Line Perpetual Calendar 5236P” də daxildir. Model həftənin gününü, tarixini, ayını, sıçrayış illərini və ay fazalarını göstərir. Əvvəlcə qiyməti təxminən 148.000 dollar idi.
Bundan əlavə, Zukerberq tez-tez nadir” De Bethune”, “Rolex Daytona” “Le Mans və F.P. Journe” modelləri ilə ictimaiyyət qarşısına çıxıb. Fərdi əşyaların qiyməti 300.000 dollara qədər olub və bəzi saatlar məhdud sayda, cəmi bir neçə onlarla ədəd istehsal olunub.
Kolleksiyadakı ən bahalı modellərdən biri yaqut siferblat və qızıl bilərzikli “F.P. Journe Tourbillon Souverain Cœur de Rubis-dir”. “Phillips” hərrac evinin məlumatına görə, bu saatlardan biri 2025-ci ildə təxminən 2 milyon dollara satılıb və 2019-2020-ci illər arasında cəmi 20 saat istehsal olunub.
Zukerberqin ən əlverişli aksessuarı təxminən 120 dollara başa gələn və 2025-ci ilin aprelində taxdığı “Casio G-Shock GA2100WS-7A” idi.