Donald Tramp: “Rusiya razılığa gəlməlidir. Bütün bunlar sadəcə gülüncdür”
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibə ilə bağlı qiymətləndirməsini yenidən nəzərdən keçirib. AYNA.AZ “Bloomberg”ə istinadən bildirir ki, mənbələrə görə, artıq onun ətrafında və G7 liderləri arasında Rusiyanın döyüş meydanında qələbə qazana bilməyəcəyi barədə fikir birliyi var.
Bu, Trampın 2025-ci ilin avqustunda Alyaskada Vladimir Putinlə görüşündən sonra Ukraynanın "şansları" olmadığına və ərazi güzəştlərinə getməli olduğuna inandığı dövrdən sonrakı mövqeyində əhəmiyyətli bir dəyişiklikdir. İndi isə anonimlik şərti ilə danışan G7 rəsmisinin sözlərinə görə, ABŞ və Avropa müttəfiqləri Kiyevin mövqeyinin gücləndiyi fikri ilə razıdırlar.
Agentliyin mənbəsi bildirib ki, bu dəyişiklik Fransanın Evian şəhərində keçirilən G7 sammitində özünü daha aydın göstərib. Mənbə bildirib ki, bu sammitdə Fransa Prezidenti Emmanuel Makron Trampla Ukrayna lideri Volodimir Zelenski arasında qısa danışıqlar aparıb. Mənbənin sözlərinə görə, söhbət zamanı Zelenski Trampa Rusiyanın zərbəsi nəticəsində zədələnmiş Kiyevdəki Assuriya Katedralının fotoşəkillərini göstərib və bu, Trampı heyrətləndirib.
"Rusiya razılığa gəlməlidir. Bütün bunlar sadəcə gülüncdür. Ona görə də, bəli, mən əlimdən gələni edəcəyəm", Tramp Qətər əmiri ilə görüşündə deyib.
“Bloomberg” qeyd edir ki, BƏƏ lideri ilə söhbətində Tramp, xüsusən də İranla müharibənin bitməsi nəzərə alınmaqla, Moskvaya qarşı sanksiyaların gücləndirilməsinə açıq olduğunu bildirib: "Biz bunu edə bilərik, çünki indi neft axır".
Böyük Britaniyanın Baş naziri Keir Starmer “Times Radio”ya verdiyi müsahibədə ritorikadakı dəyişikliyi Rusiya iqtisadiyyatının pisləşən vəziyyəti ilə əlaqələndirib: "Rusiya iqtisadiyyatı çox zəifləyib və bu, Moskvada fərqli bir atmosfer yaradıb".
Kanadanın Baş naziri Mark Karni isə öz növbəsində Zelenski ilə görüşündə bildirib: "Mmüharibədəki vəziyyət dəyişir və bu, müzakirə etdiyimiz şeylərin bir hissəsidir. Bu gün biz G7-də birlik görürük".
“Bloomberg”in məlumatına görə, Makron Zelenskini sammitin sonuna qədər Evian şəhərində qalmağa dəvət edib ki, o daha çox görüş keçirə və Trampla dialoqu davam etdirə bilsin.