Kaxovskaya SES-dəki partlayış: Kremlin şantaj arqumenti və savaşın "dondurulması"

Dünya

06.06.2023 - 22:15

İşğalçıya üç variant təklif etmək lazımdır: işğalçı evinə qaçır, işğalçı təslim olur, ölü işğalçı torpağa qarışır

Rus işğalçıları Xersondan Dnepr çayının yuxarı axınında yerləşən Kaxovskaya Su Elektrik Stansiyasının bəndini partladıblar. Və demək olar ki, dərhal baş verənlərə görə Ukraynanı günahlandırmağa başladılar. Deyək ki, atəş nəticəsində bənd dağılıb. Amma problem burasındadır ki, partlayış anının videosunu özləri qoyublar.

Sosial şəbəkələrdəki görüntülərə əsasən, bənd kritik zədələnib və artıq su axını saxlaya bilmir. Videoda aydın göründüyü kimi, Kaxovka su anbarından nəzarətsiz su axımı başlayıb ki, bu da Dneprdən aşağıya doğru ciddi daşqınlarla müşahidə olunur.

Ruslar üçün tarixi xatırlamaq kifayətdir. 1941-ci ildə Vermaxtın sıçrayışının qarşısını almaq üçün Dnepr GES partladıldı. Nəticə on minlərlə mülki vətəndaş itkisi baş verdi. Bəs Vermaxt? Onlar Dnepr çayının sağında, yüksəklikdə dayandılar. Yəni Kremlin məntiqi düşməni gecikdirmək üçün öz xalqını öldürməkdən ibarətdir. Bir neçə ay sonra, 1941-ci ilin noyabrında da eyni şeyi etdilər - İstra su anbarının bəndini partlatdılar, Moskva vilayətinin əhəmiyyətli bir hissəsini su basdı. Və yenə dinc insanlar ziyan gördülər.

Bu gün - Kaxovskaya SES-in bəndi partladıldı. Bu, Ukraynanın hücumu ilə bağlı söhbətlər fonunda. Yenə də elə bir vəziyyət yaranıb ki, Ukrayna Silahlı Qüvvələri Dnepr çayının sağında, yüksək sahilindədir.

Təəssüf ki, dalğanın hündürlüyü elədir ki, Xersonun bir hissəsi su altında qalacaq. Sol sahildə vəziyyət daha pisdir - böyük ərazilər su altında qalacaq. Ukrayna tərəfi Daxili İşlər Nazirliyi və aidiyyəti qurumlar həyəcan təbili çalıb - evakuasiya artıq davam edir. Bəs ruslar? Onlar sonra elan edəcəklər. Yeni ki, guya heç nə yoxdur. Kremlin ənənələrində cəsədləri çoxaltmaq var.

Kremlin məntiqi başqa şeylərlə yanaşı, atəşkəs tələbi olacaq. Məsələn, sol sahildə "insanları xilas etmək" üçün deyəcəklər ki, “atəşkəs lazımdır”. Həm də “nüvə təhlükəsi” adı ilə şantaja başlayacaqlar. Bəndin dağıdılması Kaxovka su anbarında suyun səviyyəsinin düşməsi deməkdir. Dolayısı ilə Zaporojye AES-in soyuducularında suyun səviyyəsində azalma əsas gətiriləcək. Moskva nüvə şantajını təkrarlayaraq, bu istiqamətdən təzyiq edəcək.

Putin üçün indi istənilən yol mübahdır. Təəssüf ki, Ukraynanın bəzi tərəfdaşları ən azı bu ehtimalı nəzərdən keçirəcək və Kiyevə təzyiq göstərməyə çalışacaqlar. Yəni bu, gözləniləndir.

Eyni zamanda, müharibədən söhbət gedəndə rusların sevimli ifadəsini xatırlamağa dəyər – “biz bunu təkrarlaya bilərik”. Bu, uşaqlıqdan onların şüuraltına yeridilib. Beləliklə, əgər dayansaq, təkrarlayacaqlar. Deməli, təhlükəsizlik naminə yeganə mümkün hərəkət yolu işğalçıya üç variant təklif etməkdir: işğalçı evinə qaçır, işğalçı təslim olur, ölü işğalçı torpağa qarışır.

Müəllif: İqor Tışkeviç - Ukrayna Gələcək İnstitutunun politoloqu.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.

Müəllif: Ayna.az