“Zurabişvili bəyanatları ilə ölkəyə ziyan vurur”
“Gürcüstan Prezidenti Salome Zurabişvili fırıldaqçı və ölkə Konstitusiyasının ilk pozucusudur. Zurabişvili bəyanatları ilə ölkəyə ziyan vurur”. AYNA gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze deyib.
Kaladze Zurabişvilinin Almaniyaya səfərini tənqid edib.
Qeyd edək ki, Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer sosial şəbəkə hesabında yazıb ki, sentyabrın 30-da Berlində Gürcüstan Prezidenti almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşəcək. Konstitusiyaya görə, Zurabişvili yalnız hökumətin razılığı ilə xarici səfərlər edə və rəsmi görüşlər keçirə bilər. 2023-cü ildə Gürcüstan Prezidentinin Konstitusiyanı pozması impiçmentə səbəb olub.
Kaladzenin sözlərinə görə, Zurabişvili müxtəlif platformalarda çıxış edən və məsələn, Gürcüstanın Avropa İttifaqına namizəd statusu almağa layiq olmadığını birbaşa deyən şəxsdir.
Tiflis meri vurğulayıb ki, Prezident hansısa yolla ölkənin imicinə xələl gətirmək üçün hər şeyi edir.
Qeyd edək ki, Salome Zurabişvili ilə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası arasında münasibətlər pisləşməyə başlayıb. Prezident ilk öncə ehtiyatlı davranaraq hakim partiyanın 2021-ci ildə qəbul etdiyi qərarlardan narazılığını ifadə etməyə cəhd göstərib. Zaman keçdikcə Zurabişvilinin ritorikası daha da sərtləşib.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin edilib. İlk dəfə seçkilər yalnız proporsional sistemlə keçiriləcək.