Putinə yaxın politoloq Kremli nüvə silahından istifadə etməyə çağırıb
Kremlə yaxın olan politoloq Sergey Karaqanov yenidən Rusiya hakimiyyətini nüvə silahından istifadə etməyə çağırıb. AYNA rus mediasına istinadən bildirir ki, Karaqanov özünün “Məhkəmiyyətdən çəkindirməyə: nüvə silahları, geosiyasət, koalisiya strategiyası” adlı kitabının təqdimatında Rusiyada nüvə silahının olmasını “Uca Allahın lütfü” adlandırıb.
“Biz Allahı qəzəbləndirməməliyik və özümüzü xilas etmək üçün bizə verilən silahlardan fəal şəkildə istifadə etməliyik”, deyən politoloq nüvə zərbələrindən imtinanın “sovet və rus xalqına qarşı günah olduğunu” bildirib.
Bundan əvvəl Karaqanov artıq Rusiya hakimiyyətini, xüsusən də Avropaya qarşı nüvə zərbələri endirməyə çağırmışdı.
Eyni zamanda, KİV-lərin yazdığına görə, politoloqun Almaniya və İtaliyada daşınmaz əmlakı var. Ona qarşı tətbiq olunan sanksiyalara baxmayaraq, əmlaklarını icarəyə verib və oradan müntəzəm gəlir əldə edir.
Karaqanov Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin fəxri sədridir. Bu Şura Vladimir Putinin dəfələrlə iclaslarında çıxış etdiyi “Valday” Klubunun yaradıcılarından biridir. KİV Karaqanovu “Rusiya Prezidentinə yaxın politoloq” və ya “Putinin müşaviri” adlandırır.