İki gündə 1263 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar mayın 9-u saat 00:00-dan mayın 11-i saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
İdarədən AYNA-ya verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə mayın 9-u saat 00:00-dan mayın 11-i saat 00:00-dək respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1263 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə, ümumilikdə, 51 min 437 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.