Mərasimdə rayon rəhbərliyi və KİV nümayəndələri iştirak ediblər
Qazaxın Orta Salahlı kəndində şəhid Hacıyev Səməd Məmməd oğlunun adını daşıyan bulağın yenidənqurmadan sonra açılışı olub. AYNA xəbər verir ki, şəhidin ailə üzvləri tərəfindən abadlıq işləri aparılan bulağın açılışında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, şəhid ailələri, Orta Salahlı kənd sakinləri, şəhidin ailə üzvləri, yaxınları, doğmaları və KİV nümayəndələri iştirak ediblər.
İcra başçısı Rəcəb Babaşov bulağın yenidən qurulmasında əməyi keçən insanlara minnətdarlığını çatdırıb. O, təyin olunduqdan sonra ilk görüşünün də şəhid ailələri ilə olduğunu söyləyib: “Atdığım ilk addım şəhidlər qəbiristanlıqlarını və xiyabanlarını ziyarət etmək oldu. Rayonda aparılan abadlıq və quruculuq işlərinə də, məhz həmin müqəddəs məkanlarda görülən işlərlə start verildi. Şəhidlərimizin uyuduğu qəbiristanlıqlar, onların xatirəsinə ucaldılmış abidələr, parklar, bulaqlar, xiyabanlar abadlaşdırıldı, yeniləndi, əsaslı şəkildə təmir edilərək şəhidlərimizin adına layiq hala gətirildi. Ən əsası isə şəhidlərimizə olan sonsuz ehtiramı bir daha nümayiş etdirərək şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını əsl xiyaban adını daşıyacaq görkəmə gətirdik. Xiyabanda aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması, 287 nəfər şəhidin cismani ruhunun bir məkanda toplanması şəhidlərimizə, onların ruhuna ən böyük töhfə oldu”.
Ayna.az