Protokol tərtib olunub və onların hər biri 400 manat məbləğində cərimələnib
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Talalar və Tülü kəndlərində fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvanlara baxış keçirilən zaman mərasimlərdə iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu aşkarlanıb. Qayda pozuntuları ilə bağlı toy sahibləri Vüqar Şahverdiyev və Ramazan Əliyevin barələrində protokol tərtib olunub və onların hər biri 400 manat məbləğində cərimələnib.
Şöbə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir nəticəsində isə şəhər ərazisində yerləşən “Balakən” şadlıq sarayında təşkil edilən toy məclisinə gələn qonaqlardan 100-ə yaxının COVID-19 pasportu olmadığı aşkarlanıb. Həmin şəxslərə mövcud qaydalara riayət etmələri izah olunub və onlar geri qaytarılıblar.