Çeçenistan rəhbəri Ukrayna Prezidentini Minsk razılaşmalarını yerinə yetirməyə çağırıb
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ukrayna Prezidenti Volodimir Zelenskiyə və ukraynalılara müraciət edib. AYNA xəbər verir ki, Kadırovun bəyanatı onun "Telegram" kanalında dərc edib.
“Cənab Zelenski! Klounluğun vaxtı sona çatıb. Geri dönməz nəticələrdən qaçmaq üçün öz xalqı qarşısında borcunu yerinə yetirməyin vaxtı gəldi. Yəni bu gün təkcə Rusiya Prezidenti deyil, həm də Ukrayna Prezidenti tərəfindən imzalanan Minsk razılaşmalarının həyata keçirilməsinə hər zamankından daha çox ehtiyac var”, - Kadırov yazıb.
O, Minsk razılaşmalarının müddəalarının ciddi şəkildə yerinə yetirilməsini təkcə Moskva ilə Kiyev arasında qarşıdurmanın həllində deyil, həm də ümumi gərginliyin azaldılmasında ilk mühüm addım adlandırıb.
Siyasətçi həmçinin konstitusiyanın və xalqının təhlükəsizliyinin təminatçısı kimi Zelenskini sülhün bərqərar olması və qan tökülməməsi üçün əlindən gələni etməyə çağırıb.
Kadırov Ukraynaya və onun xalqına sevgisini də etiraf edib: "Məktəbdə oxuduğum SSRİ tarixindən bilirəm ki, Rusiya dövlətçiliyinin və pravoslavlığının beşiyi Kiyevdir. Ruslar və ukraynalılar ortaq tarixə, mədəniyyətə və dinə malik bir slavyan xalqıdır. Ona görə də, ukraynalılar bütün tənəzzülə uğramış dəyərləri və rusofob isteriyası ilə özlərini Qərb dünyasının bir hissəsi hesab etmələri inamından imtina etməlidirlər".
Sonda Çeçenistan rəhbəri ümid edib ki, Ukrayna xalqı kənardan kömək olmadan tarixi ədaləti bərpa edəcək: "Ola bilməz ki, böyük Boqdan Xmelnitskinin və dahi yazıçı Nikolay Qoqolun mənəvi və tarixi varisləri qardaş Rusiya ilə əbədi sülh istəməsinlər!".