Jurnalistlər KİVDF-ni lənətləyir, MEDİA-nı isə doğru yola dəvət edirlər

Cəmiyyət

27.01.2021 - 13:31

Mətbuat nümayəndələrinin fikrincə, jurnalistikanı böhrandan çıxarmaq üçün təcili tədbirlər görülməlidir

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” (MEDİA) publik hüquqi şəxs yaradılıb. AYNA yeni qurumdan gözləntilərlə bağlı media nümayəndələrinin fikirlərini öyrənməkdə davam edir.

 

Sosial Media Mərkəzinin direktoru, jurnalist Azər Niftiyev MEDİA-nın yaradılmasını zəruri addım hesab edir: “2019-cu ilin ortalarından Azərbaycanda ümumi islahatlar həyata keçirilir ki, bu islahatlar hakimiyyətin bütün qollarını - icraedici, qanunverici və məhkəmə sahəsini əhatə edir. Düzdür, bu islahatların başa çatdığını və lazımi nəticəni verdiyini iddia etmək hələ tezdir. Lakin bütün hallarda hakimiyyətin üç qanadını əhatə edən islahatlar prosesi dördüncü qanada da çatmalı idi və yeni Agentliyin yaradılması bu xüsusda təqdir olunmalıdır”.

 

“Nəzərə almaq lazımdır ki, hər hansı bir qurumun yaradılması islahat prosesinin ilkin mərhələsidir. Mətbuatın gələcəyi Agentliyin öz fəaliyyətini necə quracağından və medianın inkişafına hansı töhfələr verəcəyindən bilavasitə asılıdır. Məlumdur ki, Agentlik KİVDF-nin bazasında yaradılıb və hüquqi varisidir. KİVDF isə mövcud olduğu müddətdə, əsasən yarıtmaz fəaliyyəti ilə yadda qalıb. Fondun sabiq sədri Vüqar Səfərlinin həbsi, onun törətdiyi əməllərlə bağlı Respublika Prokurorluğunun açıqlaması açıq şəkidə deməyə əsas yaradır ki, bu qurum dövlət büdcəsini talamaqla məşğul olub və yalnız kağız üzərində mövcud olub”, - jurnalist bildirib.

 

O, hesab edir ki, əsas diqqət mətbuatı düşdüyü böhranlı vəziyyətdən çıxarmağa yönəlməlidir: “İlk növbədə mətbuatın müstəqilliyi təmin edilməlidir. Bu, imkan verəcək ki, Azərbaycan oxucusunun mətbuata olan inamı bərpa edilsin. Bundan sonra cəmiyyətin ayrılmaz tərkib hissəsi olan sahibkarlar da mətbuata münasibətdə loyal olacaq, tədricən reklam bazarı formalaşacaq. Eyni zamanda, heç bir oxunaqlığı olmayan, daha çox ərzaq və digər məhsulları bükmək üçün yararlı olan qəzetlərə maliyyə dəstəyi dayandırılmalıdır. Agentliyin fəaliyyəti media resurslarını öz nəzarətində saxlamaq yox, onların fəaliyyətini stimullaşdırmaqdan ibarət olmalıdır”.

 

“Şəxsi əlaqələrin, heç olmasa, mətbuata təsirləri minimuma endirilməlidir. Yox, əgər bunlar baş verməsə, Agentliyin fəaliyyəti ictimai rəğbət qazanmayacaq və verdiyi qərarlar zamanla öz əleyhinə yönələcək. Beynəlxalq təcrübəyə istinad olunmalı, mətbuatın inkişafı istiqamətində formal yox, strateji proqramlar qəbul edilməli, müvafiq işçi qrupları və bölmələr yaradılmalı, arzusunda olan jurnalistlərin prosesdə iştirakına şərait yaradılmalıdır. Bütün hallarda MEDİA yeni fəaliyyətə başlayıb. Bizim bu qurumdan gözləntilərimiz böyükdür və onlara öz fəaliyyətində uğurlar arzu edirik”, - deyə Niftiyev vurğulayıb.

 

“Yeniçağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər o fikirdədir ki, hər şeydən əvvəl reklam bazarında monopoliya, haqsız rəqabət aradan qaldırılmalı, mediada normal rəqabətə meydan verilməlidir: “Çox təəssüf ki, bu gün mediada ayarlar qarışıb. Məsələn, 30 minlik büdcəsi olanla 5 minlik büdcəsi olanlar bəzən eyni kateqoriyada müzakirə edilir. Hər kəsə gücü, təsiri nisbətində davranılmalıdır. Mən qəzetlərə də dövlət dəstəyinin əleyhinə olmuşam. Çünki dəstək ələbaxımlılığa, asılılığa təşviqdir. Dövlət müstəqil və təsirli media istəyirsə, bizə çörək verməməlidir, çörəyi bişirmə yeri açmalı və bizdən gücümüz yetdiyi qədər çörək bişirməyi tələb etməlidir. O zaman real potensial ortaya çıxar”.

 

“Əks halda Vüqar Səfərlinin krassvord qəzeti ölkənin ən aparıcı qəzetlərinin önünə keçdiyi kimi, hansısa qəzetin elektron versiyası digərlərini əzib keçəcək. Yəni, mən açığı yeni media rəhbərliyindən KİV-dəki monopolistlərin, kim gəlirsə gəlsin, dəyişməyən simaların nazı ilə oynamaması gərəkdiyini, dünən Vüqar Səfərliyə tərif deyənlərin bu gün onların mühasirəsinə düşməməsini arzu edirəm. Eyni zamanda, “qəzet tarixdir, qorunmalıdır” fikri ilə də tam razı deyiləm. Çünki müasir medianın da özünün bu məsələdə öz komponentləri var. Belə ki, əgər qəzeti şkafda qorumağı tarix sayırlarsa, digital məlumatların da on illərlə qorunma yolları var. Sadəcə, yeniliklərə bağlı olanlar, dövlətdən aldıqları minlərlə manatı silib, bir neçə yüz manata təhlükəsizlik qaydalarına cavab verə bilməyən saytlar yığdıranlar hər fürsətdə onlayn mediaya Vüqar Səfərlilik etmək istəyirlər. Ancaq Azərbaycan Prezidenti də dəfələrlə onlayn mediaya münasibətini açıqlayıb. İnanmaq istəyirəm ki, yeni qurum, məhz Prezidentin istədiyi kimi bir media siyasəti izləyəcək”, - sayt rəhbəri qeyd edib.

 

“Moderator.az” saytının şef redaktoru Xəyalə Rəisin sözlərinə görə, hazırda jurnalistika təsadüfi şəxslərlə doludur: “Bu gün kimə daş atsan, jurnalistə dəyir. Hər yerindən duran özünü jurnalist, media işçisi kimi qələmə verir. “İnstagram” jurnalistlərinin isə əlindən tərpənmək mümkün deyil. Özündə “Press” vəsiqə gəzdirən və onu hər kəsin gözünə soxan şəxslərlə bağlı qəti addımların atılmasını gözləyirəm. Elə bir hal yaranıb ki, “media işçisiyəm” deməyə belə, çəkinirik. Çünki həmin insanlar bu adı ləkələyiblər. “Press” vəsiqə ilə min cür hoqqadan çıxan “reket”lər ayaq tutub yeriyir. Ancaq onlar peşəkar jurnalistlərdən qat-qat yaxşı yaşayır və onlara cəmiyyətdə hörmət daha çoxdur”.

 

“Bundan başqa media nümayəndələri üçün KİVDF tərəfindən bəzən ayrılan vəsait tam olaraq ya redaksiyalara gedib çatmırdı, ya da çatırdısa belə, sıravi əməkdaşlar onu öz maddi və mənəvi rifah hallarında hiss etmirdilər. Ona görə də bundan sonra media resurslarının maliyyələşdirilməsi meyarları dəqiq müəyyənləşməli və onun sonrakı icra mexanizminə nəzarət edilməlidir. Yeni yaranan Agentliyin nizamnaməsindən də görünür ki, qurumun qarşısında çox məsuliyyətli vəzifələr dayanır. Onlara işlərində uğurlar arzu edirəm”, - deyə redaktor əlavə edib.

Müəllif: Təranə Xudabaxşiyeva