"Mən baş verənlərdən qəzəblənirəm, təhqir və alçaldılan bütün qadınlarla həmrəyliyimi bildirmək istəyirəm"
İtaliyanı qalmaqal sarsıdıb: “Phica” porno saytı ölkənin Baş naziri Giorgi Meloninin vulqar şərhlərlə müşayiət olunan saxta fotolarını dərc edib.
"Mən baş verənlərdən qəzəblənirəm, təhqir və alçaldılan bütün qadınlarla, bu saytın idarəçiləri və istifadəçiləri tərəfindən məxfilik hüququ pozulmuş bütün qadınlarla həmrəyliyimi bildirmək istəyirəm" deyə Giorgi Meloni “Corriere della Sera” qəzetində cavab verib.
Xanım Meloni bütün qurbanları polisə müraciət etməyə çağırıb.
İtaliyanın Demokratik Partiyasının üzvü Valeriya Kampanya “Phica” portalının bağlanması tələbi ilə petisiyaya başlayıb. Onu 150 min nəfər imzalayıb.
Avqustun 29-da “Phica”nın əsas səhifəsində portalın "bəzi istifadəçilərin toksik davranışı səbəbindən" bağlandığı barədə bildiriş verilib.
Qeyd edək ki, sayt 2005-ci ildən fəaliyyət göstərir və 700 mindən çox abunəçisi var.
Giorgi Meloni ilə yanaşı, saytın qurbanları arasında onun bacısı Arianna, Demokratlar Partiyasının lideri Elli Şleyn və digər tanınmış italyan siyasətçiləri, jurnalistlər və nüfuzlu şəxslər də var.
Müxtəlif partiyalardan olan qadın siyasətçilərin fotoları mitinqlərdə, televiziya müsahibələrində və ya qadınlar bikinidə tətildə olarkən çəkilib. Onlar saytın “VIP bölməsi”ndə yerləşdirilib.