İtaliya Ukraynaya yardımı ildə 1,7 milyard avroya çatdıracaq
İtaliya Ukraynaya hərbi yardımı ildə 1,7 milyard avroya çatdıracaq. AYNA xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, NATO-nun Vaşinqtonda keçiriləcək sammitində belə öhdəlikləri Baş nazir Corc Meloni öz üzərinə götürəcək.
Romanın hazırda Kiyevə yardım ildə təxminən 1,2 milyard avro təşkil edir və bu məbləğin 400 milyon artırılması müəyyən çətinliklər yaradır.
Bildirilib ki, İtaliya Ukraynaya yardımı artırmaq üçün Avropa İttifaqından milli iqtisadiyyatlar üçün tələblər qoyan sabitlik paktının daha çevik şərtlərini axtarır.
Bundan əvvəl Almaniya, İtaliya, Hollandiya, Rumıniya, ABŞ və Ukrayna liderləri ölkə Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemini gücləndirmək üçün Ukraynaya 1 milyard dollardan çox vəsait ayırmaq niyyətində olduqlarını bəyan ediblər. İzah edilib ki, “Patriot” strateji hava hücumundan müdafiə sistemlərinin əlavə batareyaları və onların komponentləri Kiyevə ötürüləcək. Ukrayna Silahlı Qüvvələri İtaliyadan əlavə SAMP-T sistemi də alacaq.