“İt sürüsü” qədər də olmadıq...

Cəmiyyət

12.06.2020 - 13:08

İrqinə, millətinə baxmadan, bütün insanlarla məzələndilər, amma bizim başımıza gətirilənlər kimsənin başına gətirilmədi

 

Koronavirusu kim icad etdisə, bütün bəşərlə, sözün əsl mənasında məzələndi. Hadisənin bu mərtəbəsində alçaldılan, təhqir edilən, ələ salınan, lağa qoyulan, bütün növ məcburiyyət və məhkumiyyətlərə məruz saxlanılan təkcə hansısa qrup, hansısa xalq deyil, dünyanın hər küncündəki bütün insanlar idi.

 

Bir tərəfdən bu icadla bəşəri ələ salan kəslərə təşəkkür də borcluyuq. Onların sayəsində təkcə öz toplumumuzun deyil, bütün dünya əhalisinin şüuri baxımdan hansı uçurumlara yuvarlandığını, insanların həqiqətdə nə qədər kortəbii yaşadığını, köləliyin, mütiliyin bütün bəşəri hansı günə qoya bildiyini öyrəndik.

 

Düzdür, kiçikdən böyüyə, irqinə, millətinə baxmadan, bütün insanlarla məzələndilər, amma heç kəsin üzünə-gözünə baxa-baxa təhqir etmədilər. Heç kəsi açıq-aşkar söymədilər. Bizdən başqa. Bizi lap biabır etdilər, heysiyyatımızla oynadılar.

 

Azərbaycanda xüsusi karantin rejimi elan ediləndən başımıza gəlməyən qalmadı. Ən birinci məyusluğa 190 manatlıq müavinətin ödənilməsi ilə düçar olduq. Guya, işsizlərə verilən 190 manatlıq ödəniş üçün 600 min nəfər nəzərdə tutulmuşdu, amma ölkədəki işsizlərin sayı hökumətin xəyal dünyasındakı 600 min nəfərdən ibarət deyildi. Həqiqi göstərici bunun 3-4 qatı qədər idi. Məhz, bu səbəblə könüllərinin seçdiyi 600 min nəfərə min cür məşəqqət nəticəsində 190 manat ödədikdən sonra digər müraciətlərin hamısına avtomatik cavablar göndərməyə başladılar.

 

Həyat yoldaşı 10 il əvvəl ölmüş tənha və dul qadına “əriniz (arvadınız) aktiv vergi ödəyicisi olduğu üçün sizə müavinət ödənilməsindən imtina edilmişdir” mesajını göndərib camaatın ölüsünü məzardan çıxardılar, dinmədik. Burada bir haşiyə çıxım ki, ölülərimizlə tez-tez zarafatlaşırlar. Deputat seçkilərində də ölənlərimizin o dünyadan gəlib səs verdiyi hər kəsə məlumdur. Məşhur “ayə, ölüf, ölüf basdırıflar!” ifadəsini də xatırlayarsınız.

Ardından, onsuz da işsiz olan, ya da pandemiya səbəbi ilə işini itirən, bütün maddi gəlirlərindən məhrum qalan, sonra da uşağını həkimə aparmaq üçün, yaxud hamilə yoldaşını xəstəxanaya çatdırmaq üçün, ya da ölüsünü dəfn etmək üçün yola çıxanları yollarda qurduqları postlarda iki saat gözlədib yaratdıqları SMS-icazənin vaxtını qəsdən bitirib, sonra da həmin şəxslərə 100-200 manat cərimə yazdılar. Yəni bizə vaxt verdilər, sonra yolumuzu kəsib vaxtımızı aldılar, sonra da vaxtımız bitdiyi üçün cərimlədilər. Dinmədik. Dünyada, görəsən, başqa hansı ölkədə belə təcrübə var?

 

Sonra camaatın evinə, yatağına, ən məhrəm yerinə soxulub, onları lüt-üryan yataqlarından çıxardılar. Başlarına, boyunlarına şillələr vura-vura maşınlara doldurdular. Üzlərinə baxa-baxa, “hamınız dovşansınız” dedilər. Əslində, bu, bir məhəllənin, bir binanın sakinlərinə yox, hamımıza deyildi. Dinmədik.

 

Qurduqları seçki oyununda deputat seçilən Fazil Mustafa da onların ardından üzünü camaata tutub “it sürüsü” dedi. Amma onu qınamaq da olmur. Axı ağlı başında olan hansı insan onu özünə vəkil seçərdi? Kimlərinsə yaratdığı karusellərdə boy-boy düzülən, döşlərinin arasında bülleten daşıyan bir sürü onu özünə vəkil seçmişdi, Fazil Mustafa da onlara belə qiymət verdi. Dinmədik.

 

İndi də illərdir, Azərbaycan Televiziyasından Almaniyanın dağıldığını bağıran İbrahim Məmmədov üzünü camaata tutub “itlərinizi gəzdirə bilərsiniz” dedi. Demək istədi ki, “deputatın “it sürüsü”nə nahaq əsəbləşirsiniz, baxın, itlər gəzə bilər, amma siz yox”. Yenə dinmədik.

 

İşimizi-gücümüzü, ölümüzü-dirimizi bilmədik. Dovşan olduq. İt sürüsü olduq. Axırda “itləriniz gəzə bilər, amma siz yox”, - deyib it yerinə qoymadıqlarını da üzümüzə vurdular. Nə karəyik ki, dinək?!

 

Pandemiya bütün dünyanın cəhalətinə tərəzi tutmaqla bərabər, bizim onların gözündəki yerimizi də bizə göstərdi. Sonrakı taleyimiz isə müsəlman aləminin qədim duasına qalıb: Allah kərimdir!

Müəllif: Bünyamin