İstifadə olunan tibbi maska və əlcəklər hara yoxa çıxır?

Cəmiyyət

13.04.2020 - 16:56

Koronavirusdan qorunduğumuz vasitələr əlavə virus mənbəyinə çevrilə bilər

 

Dünyanın bir çox ölkəsində koronavirus epidemiyası səbəbindən tibbi tullantıların miqdarı xeyli artıb. Məsələn, dünya mətbuatının yazdığına görə, Çinin COVID-19-un beşiyi sayılan Vuhan şəhərində belə tullantıların həcmi 6 dəfə çoxalıb.

 

Bu məsələ Azərbaycanda nə yerdədir? Artıq ölkəmizdə koronaviruslu xəstələrin sayı 1000 nəfərdən çoxdur, deməli, buna paralel olaraq tibbi tullantıların miqdarı da artır. Bundan əlavə, indi əhalinin əksəriyyəti tibbi maskalar və birdəfəlik əlcəklərdən istifadə edir ki, bu da lazımi qaydada atılmadıqda, COVID-19 infeksiyasının daha geniş yayılmasına təkan verə bilər.

 

Qeyd etmək lazımdır ki, pandemiyadan əvvəl də ölkədə tibbi tullantıların atılmasına yanaşma arzuolunan deyildi, belə tullantılarla hər yerdə üzləşirdik. Bu səbəbdən hazırda problemin daha da dərinləşdiyini düşünmək olar.

 

Təhlükəli Tullantılar Poliqonunun direktoru Firuddin Əliyev AYNA-ya açıqlamasında deyib ki, ölkədə tibbi tullantıların atılmasına ciddi nəzarət edilir: “Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün təhlükəli tibbi tullantıların respublikada fəaliyyət göstərən xəstəxanalar və müvəqqəti düşərgələrdə idarə olunması qanuna uyğun olaraq həyata keçirilir. Təhlükəli tibbi tullantıların normativ aktlara uyğun olaraq atılması üçün tibb müəssisələrinə xüsusi çanta və qablar gətirilib”.

 

“Tibbi tullantılar təhlükə kateqoriyasına görə çeşidlənir, xüsusi nəqliyyat vasitələri ilə daşınır və ixtisaslaşdırılmış müəssisələrdə yandırılaraq zərərsizləşdirilir. Daşınmadan sonra avtomobillər dezinfeksiya olunur. Yanma zamanı əmələ gələn kül təhlükəli tullantı poliqonunda təyin olunmuş ərazilərdə basdırılır. İdarəetmə və sərəncamvermə prosesini təşkil etməyə davam edirik”, - deyə F.Əliyev bildirib.

 

“Rüzgar” ekoloji təşkilatının rəhbəri İslam Mustafayev də AYNA-ya açıqlamasında qeyd edib ki, tibbi tullantılar təhlükəli tullantıkar kateqoriyasına aid edilə bilər: “Təhlükəli tullantıların payı bütün bələdiyyə tullantılarının, təxminən 2%-ni təşkil edir: “Bəzi tibb müəssisələrində tibbi tullantılar üçün xüsusi qablar var, bəzilərində isə yoxdur. Bu, o deməkdir ki, bəzi tullantılar qalan zibillərlə birlikdə atılır və xoşagəlməz mənzərə yaranır”.

 

“Zibilxanada zibillər çeşidlənir, amma adi zibillərin arasında olan tibbi tullantılarla nə etdikləri barədə məlumatım yoxdur, çox güman ki, çeşidləmir. Yalnız tibb müəssisələrində deyil, hər həyətdə də tibbi tullantılar, digər təhlükəli, zərərli tullantılar üçün xüsusi qablar olmalıdır. Oraya təkcə batareyalar və civə termometrləri atılmamalı, həm də istifadə olunan tibbi maskalar və əlcəklər atılmalıdır. Bu cür zibillərin çeşidlənməsinin zəruriliyi ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılmalıdır”, - müsahibimiz vurğulayıb.

 

Ekoloq Fikrət Cəfərov təhlükəli tullantı poliqonunun tibbi tullantıların atılması üçün uyğun olmadığı qənaətindədir: “Bu vəziyyətdə digər standartlar, texnologiyalar və avadanlıqlar tətbiq edilməlidir. Tibbi tullantılar yalnız marla, pambıq deyil, həm də şprislər, əməliyyat üçün istifadə olunan tullantılar və s. kimi tuallantılardır. Bioloji tullantıların atılmasına ehtiyac var və gec-tez bu problemi həll etmək lazımdır. Lakin indiyə qədər, koronavirus epidemiyası səbəbindən bu məsələ təxirə salınıb. Bu məsələyə xüsusi nəzarət olmalıdır”.

Müəllif: Elya Belskaya