“İsrailin cavabı İranın hücumuna bənzəyəcək” – PROQNOZ

Dünya

15.04.2024 - 14:34

Vasili Dandikin: “İran regional güc kimi simasını qorumaq üçün hər şeyi etdi, amma bundan başqa heç nə edə bilməz”

“İsrailin İranın zərbələrinə cavabı çox güman ki, aprelin 14-də baş verən hücumlara bənzəyəcək və dağıdıcı nəticələr verməyəcək”. AYNA xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Vasili Dandikin “Lenta.ru”ya deyib.

“İsrail müxtəlif yollarla cavab verə bilər, onun belə imkanları var. Amma düşünürəm ki, cavab İranın hücumu ilə eyni olacaq - cüzi nəticələrlə”, hərbi ekspert deyib və bildirib ki, “İran regional güc kimi simasını qorumaq üçün hər şeyi etdi, amma bundan başqa heç nə edə bilməz”.

Dandikin xatırladıb ki, ABŞ Prezidenti Co Bayden artıq İsrail lideri Benyamin Netanyahu ilə danışıqlar aparıb və İranla münasibətləri gərginləşdirməməyə çağırıb: “Birləşmiş Ştatlar Yaxın Şərqdəki qarışıqlıqdan faydalanmır. Amerikada qarşıda seçkilər keçiriləcək, Ukrayna münaqişəsi var. Düşünürəm ki, onlar İsrailə vəsait, avadanlıq və mərmi verməli olacaq ki, bunu Vaşinqton istəmir. Amma Netanyahunun ABŞ maraqlarına uyğun davranıb-davranmayacağı sual altındadır. Əgər imtina etsə, bunun nəticələri təkcə İran üçün deyil, İsrailin özü üçün də ağır ola bilər”.

Qeyd edək ki, aprelin 14-nə keçən gecə İran Silahlı Qüvvələri İsrail ərazisinə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 yer-yer tipli raket atıb. Tehran bunun aprelin 1-də ölkənin Dəməşqdəki konsulluğuna hücuma cavab olduğunu bildirib.

Müəllif: Turan Abdulla