Ölkədə “Pfizer-BioNTech”, “Oxford-AstraZeneca”, “Moderna” və “Johnson & Johnson” peyvəndləri tətbiq olunur
Əhalisinin 70 faizindən çoxu iki doza COVID-19 peyvəndi qəbul edən və pandemiyanın başlamasından bu yana cəmi 9 min 126 nəfərin koronavirusa yoluxduğu və 30 nəfərin öldüyü qeydə alınmış İslandiyada son vaxtlar yoluxma saylarında artım müşahidə edilir.
AYNA xarici KİV-ə istinadən xəbər verir ki, epidemioloji vəziyyət elan olunandan bəri avqust ayının 11-i İslandiyada gündəlik yoluxma sayında ən yüksək rəqəm qeydə alınıb. 170 nəfər COVID-19-a yoluxub. İyul ayının sonundan bəri yoluxma sayında ciddi artım müşahidə edilən İslandiyada hazırda 1376 nəfərin yoluxduğu və yoluxanların 2 faizinin ağır xəstə olduğu bildirilib.
Digər tərəfdən mayın 26-da ölkədə 1 nəfər koronavirusdan öldükdən sonra heç bir ölüm halı qeydə alınmayıb. İslandiyada bu günə qədər gündəlik ölüm sayı ən yüksək 3 nəfər olub və bu da 9 noyabrda qeydə alınıb.
İslandiyada COVID-19-a qarşı “Pfizer-BioNTech”, “Oxford-AstraZeneca”, “Moderna” və “Johnson & Johnson” peyvəndləri tətbiq olunur.
Məlumata görə, 343 min əhalisi olan İslandiyada əhalinin 77.1 faizinin ən az bir doza, 71.5 faizi isə iki doza COVID-19 peyvəndi qəbul edib.
İslandiyada COVID-19 peyvəndinə başlayandan bu yana ümumilikdə 477 min 205 doza peyvənd vurulub. Gündəlik vurulan vaksin sayının isə ortalama 2 min 515 olduğu bildirilir.