İŞIQ

Mədəniyyət

05.11.2021 - 08:43

Sənin adın nə olsun...?

Yağış yağırdı. Külək taxta pəncərələri yellədərək evə səs salırdı. Dəliklərdən içəri sıçrayan yağış damcıları məhəccəri isladırdı...

... Gözümü açdım. Hər yer qaranlıq idi. Bir az da dumanlı. Ətrafdan ciyiltili səslər gəlirdi. Yad qoxular burnuma dolmağa başladı. Aşağı-yuxarı titrəşən xırda bığlarımla onları tutmağa çalışırdım. Yavaş-yavaş səslər azalmağa başladı. Az sonra ancaq mənim qırıq-qırıq çıxan ciyiltim qalmışdı. Böyük və kobud bir əl məndən yapışaraq yerimdən qaldırdı:

- Qızdı! Xoş gəldin, balaca...

Qarnımı sığallayan ovxalayan ovucun daşlaşmış dərisini hiss edirdim. İlıq əllərin sığalından xumarlanırdım. Başımı düz anamın sinəsinin üstünə qoydu. Məni qoxulamağa başlayan anamla burunlarımız toqquşdu. Üzümü, gözümü, hər yerimi durmadan yalayırdı. Burnuma şirin süd qoxusu gəldi. Başımı sağa-sola yelləyərək onun hardan gəldiyini axtarmağa başladım. Az sonra mənim ciyiltim də kəsildi. İki qardaşımın arasında sakitcə südü içimə ötürürdüm...

***

... Hava sakit idi. Neçə gün aramsız yağan yağışlardan sonra nəhayət gün çıxmışdı. Nəm otların üzərində uzanıb mürgüləyirdim. Qardaşlarım ora-bura qaçır, oyun oynayırdılar. Bir-birinin quyruğundan yapışıb dartırdılar. Arada məni də səsləyir, bəzən yanıma qaçıb üstümə yıxılırdılar. Mən isə şirin yuxumu bölmək istəmir, yerimdən durmağa tənbəllik edirdim. Arada ayılıb gərnəşir, sonra təzədən yuxuya gedirdim.

Anidən üzümə sıçrayan palçıqdan dik atılıb oyandım. Gözümün içinə düşən qum dənəciyi bəbəyimi yandırmağa başladı. Tez yerimdən sıçradım. Gözlərimi qabaq pəncələrimlə ovxaladım. Qardaşlarım gülürdülər. Gözümə düşmüş qum dənəciyindən canımı qurtaran kimi onların üstünə cumdum. Palçığın içində yuvarlanmağa başladıq. Az sonra bizə yaxınlaşan anam quyruğumdan dartıb məni özünə çəkdi. Palçığa batmış ağ tüklərimi təmizləməyə başladı. Nə qədər çırpınsam da, dilindən azad ola bilmirdim. Dayanmadan hər yerimi yalayaraq məni buraxmaq istəmirdi. Nəhayət, taleyimə boyun əyib sakitcə uzandım. Beş dəqiqə sonra artıq tər-təmiz idim...

Yaşadığım evin iri dəmir darvazası var idi. Darvazanın hər iki tərəfindən, aşağıdan-yuxarıya doğru sarmaşıqlar uzanırdı. Yamyaşıl yarpaqları darvazanı bəzəyirdi. Onlarla oynamağı çox sevirdim. Sarmaşığı dartışdırır, hərdən hansısa yarpağını qoparırdım. Bəzən onun arasında ilişib qalır, bədənimi qıdıqlayan sarmaşıqlara hirslənirdim.

- İşıq, yanıma gəl!

“O”nun səsini eşitdim. Səndələyə-səndələyə məni səsləyənə tərəf qaçdım. Böyük və kobud əl başımı sığalladı. Qabaq pəncələrimi “O”nun dizinə söykəyib quyruğumu buladım. İnsan adlanan ikiayaqlılar arasında ən çox onu sevirdim. Əslində çox insan görməmişdim, ancaq məhz “O”nun yanında özümü “evimdəki kimi” hiss edirdim. Sevgi? Sinəsində daima bir parıltı var idi. Nə olduğunu bilmirdim. Bəzən daha yaxına gedib aydın görməyə çalışsam da, alınmırdı. Məni qucağına aldığı zaman qoxulasam da, heç bir iy hiss etmirdim. Sanki səmanın ortasında parıldayan günəş balacalanıb onun sinəsinə qonmuşdu. Ancaq balacalanmış bu günəş qaranlıq düşdüyündə belə itmirdi. Səmadan itdiyi kimi...

Bu çox sevdiyim insanın adı Tofiq idi. Hər kəs onu belə çağırırdı. Tez-tez evimizin darvazası aralanır, tanış olmayan insanlar girib “Ay Tofiq” deyə onu səsləyirdilər. Çox arıq və uzun olduğuna görə gəzdiyi zaman beli donqarlanardı. Gündən yanmış qızılı dərisi qırış-qırış idi. Ağ saçları təpədən tökülmüş, dazı ortaya çıxmışdı. Tez-tez əli ilə başının tük olmayan hissələrini, yaxud uzun, səliqəsiz saqqalını sığallayırdı. Evdə az olurdu. Səhər tezdən evdən çıxıb hava qaralana yaxın gələrdi. O gələnə qədər darvazanın ağzında oturub onu gözləyərdim. Bu darvazadan o tərəfdə necə bir dünya olduğunu bilmirdim.

Ümumiyyətlə, orada dünya var idimi? Mənim dünyam yalnız içəridə idi. Darvaza açılmamış onun qoxusunu hiss edər, qabağına qaçardım. Pəncələrimlə onun tozlu ayaqqabılarının üstünə çıxar, əllərinin qabarmış dərisini yalayardım. Bəzən isə heç hara getməzdi. Bütün günü evin arxasında, bağda olardı. Əkdiyi ağacları sulayar, otları biçərdi. Yaşının çox olmasına baxmayaraq qıvraqlığını itirməmişdi. Bir göz qırpımında nəsə tikər, nəsə sökər, haranısa düzəldərdi. Belə günləri daha çox sevərdim. Onun yanından ayrılmaz, arxasınca gəzərdim. Hərdən ayağına dolaşıb onu büdrədərdim. “Ayağımın altında qalacaqsan!”, - deyib mənə hirslənərdi. Sonra gülümsəyib yenə başımı sığallayardı.

Hiss edirdim ki, məni qardaşlarımdan daha çox sevir. Ən çox mənimlə oynayar, ən çox məni səsləyərdi. Adımı İşıq qoymuşdu. Deyirdi ki, mən digərlərindən fərqliyəm. Qalın ağ tüklərim par-par yanır. Hərdən mənə “O qədər ağsan ki, elə bilirəm, əllərimi sənə toxundursam, çirklənəcəksən” deyərdi. Ən çox işlətdiyi cümlə isə “Bəlkə səni yanımda saxlayım?” idi...

Onunla özümü təhlükəsizlikdə hiss edirdim. Özümü ona, onun evinə, onun həyətinə, onun darvazasına aid hiss edirdim. Dünyam bizdən ibarət idi... “O” və mən...

***

- Hazırsan, İşıq? Bu gün sənin üçün böyük gündür.

Həyəcanlı idim. Tofiq məni və qardaşlarımı harasa aparmağa hazırlaşırdı. Neçə gün idi ki, mənimlə oynayanda bu sözləri deyirdi: “Hazırsan?” Nəyə hazır olmalı olduğumu bilmirdim. “O” evin arxasında, zirzəmidə eşələnirdi. Oradan iri bir taxta qutu çıxarıb tozunu çırpdı. Bir yerdə evin önünə qayıtdıq. Qutunu yerə qoyub ona diqqətlə baxdı. Əyilib əli ilə içini yoxladı. “Möhkəmdi”, - deyib ayağa qalxdı. Qardaşlarımla birgə onun ətrafında var-gəl edirdik. Onları bir-bir qucağına alıb həmin qutunun içərisinə qoydu. Sonra mən tərəfə əyilib əllərini uzatdı. Onun ovuclarını yalamağa başladım. Qulaqlarımın arxasını sığalladı. Məni də qucağına alıb qutuya qoydu və ağzını dəsmalla qapadı. Qutunun deşiklərindən ətrafa baxmağa başladım.

Dəmir darvaza açıldı. Evimizdən çıxıb bir az aralıda dayanan maşına doğru getdik. İlk dəfə idi ki, darvazadan o biri tərəfdəki dünyaya düşdüm. Həyəcandan qutunun içində özümə yer tapa bilmirdim. Quyruğumu dayanmadan bulayırdım. Qutunu daşımağa gücü çatmayan Tofiq dayanıb nəfəsini dərdi. Qonşuluqda yaşayan Rəhim onun qabağına qaçıb qutunu əlindən aldı. Bizi maşının arxa oturacağına yerləşdirdilər. Arxa pəncələrimin üstünə qalxıb pəncərədən arxaya - evə boylandım. Darvaza bağlandı. İçimi qəribə duyğular bürüdü...

Burnumu qutudan çıxarıb ətrafı iyləməyə başladım. Hər yer yad qoxurdu. Başımı ehmalca qaldırıb ətrafa boylandım. Hələ də tanış qoxu gəlmirdi. Qutunun içi dar olduğu üçün qardaşlarımla ora sığmırdıq. Bir-birimizi əzir, itələyir, hərdən dalaşırdıq. Qutudan hoppanıb çıxmaq istədim, lakin harda olduğumu bilmədim. Qorxu hiss etdiyim üçün zingildəməyə başladım. Səsim hər yeri bürüdü...

... Nəhayət, bir xeyli müddət sonra burnuma tanış qoxu gəldi. Bərkdən hürdüm. Kobud, tanış əllər yanaqlarımdan yapışdı. Tofiq  məni qucağına alıb burnumdan öpdü:

- Bəlkə, heç olmasa İşığı saxlayaq?     

- Yox!

Arxadan Nəzakətin səsi gəldi. O da bizimlə bir yerdə sarmaşıqlı darvazanın içərisində yaşayırdı. Nəzakət balacaboy, dolu qadın idi. Zil qara saçlarını həmişə arxadan, kəlağayı ilə bağlayardı. Darvazadan demək olar ki, çıxmırdı. Həyətdə də az-az görünərdi. Bizi sevməzdi. Onun ətrafında dolaşanda əlini yaxud ayağını tərpədərək: “get o tərəfə”, - deyərdi. Ancaq zaman-zaman su qabımızı dəyişər, bəzən yemək də verərdi. Tez-tez bizə acıqlanar, bizi danlayardı. Ondan çəkinərdik. Tofiqdən fərqli olaraq onun sinəsində heç zaman parıltı görməmişdim...

- Ay Tofiq, bizim ikinci iti saxlamağa nə yerimiz var, nə imkanımız. Hər dəfə təzə küçüklər doğulanda belə edirsən də. Birinə bağlanırsan, vermək istəmirsən... Ona bizdən də yaxşı baxacaqlar, sən narahat olma...

Tofiqin qucağında sakitcə dayanmışdım. Başımı sinəsinə söykəyib gözlərimi yummuşdum. Hərdən başımı qaldırıb onun çənəsini yalayırdım. Yorulmuşdum. Evə getməyimizi gözləyirdim. Məni özünə sıxdı. Burnumdan öpdü:

- Sənin üçün darıxacam, mənim İşığım...

Söhbətin nədən getdiyini anlamırdım. Ancaq hiss edirdim ki, ayrılıq vaxtı yaxınlaşır. Deyəsən onu bir daha görməyəcəkdim. Mən axı ondan ayrılmaq istəmirdim. O, mənim evim idi. Mən onunla xoşbəxt idim... Məni geri - qutuya qoydu və aralandı. Başımı qutudan çıxarıb onun arxasınca baxdım...

***

- Təzə evinə xoş gəlmisən!

Saçı səliqə ilə yana daranmış, sarışın bir kişi başımın üstündə dayanmışdı. Sağ əli ilə bığını burur və gülümsəyirdi. Harda olduğumu bilmirdim. Ancaq əvvəl heç olmadığım bir yerdə idim. Evimdən fərqli olaraq buranın içi və həyəti çox geniş idi. Hər yer işıqlı və təmiz... Sarışın kişi məni qutudan çıxarıb yerə qoydu. Bir xeyli dayanıb ətrafı süzdüm, evdə gəzişməyə başladım. Qapının ağzında, bir sırada düzülmüş ayaqqabıları iylədim. Par-par yanan ayaqqabılardan xoş ətir gəlirdi. “O”nun üstü tozlu ayaqqıblarını axtarırdım. Lakin tapa bilmədim. Boynuma bağlanmış qırmızı bant məni sıxırdı. Arxa pəncəmlə onu çıxarmağa çalışırdım, ancaq alınmırdı. Gendən qışqırıq səsi gəldi. Fikrimi boynumdakı lentdən yayındırdı:

- Qoymayın gəzsin! İndi hər yeri batıracaq!

Bir qadın məni əli ilə göstərib deyinirdi. Qorxub gözümə sataşan ilk stulun altında gizləndim. Qadını sakitləşdirən kişi təzədən məni yanına səsləməyə başladı. Başımı bulaya-bulaya ona tərəf getdim. Əlini sinəsində çarpazlayan hündür qadın mənə hirslə baxırdı. Geyindiyi düz, uzun ətək onun arıqlığını daha da büruzə verirdi. Başdan ayağa məni süzdükdən sonra dodağını büzdü. Çiyninə tökülən şabalıdı, dalğalı saçları ilə oynayan qadın onları arxaya atıb bizdən uzaqlaşdı. Kişi bığını oynada-oynada mənə baxdı. Yenə gülümsəyib məni yerdən qaldırdı:

- Hə... Qızımla tanış olmaq zamanı gəldi.

İri pilləkənlərlə yuxarı qalxdıq. İlk dəfə idi evin üstündə ev görürdüm. Pilləkənləri qalxan kimi ikinci otağın qapısını astaca araladı. İçəri daxil olduq, səssizlik idi. Çəhrayı divarlı, ensiz otaqdan süd qoxusu gəlirdi. Günəşin şüaları pəncərədən düz çarpayının üstünə düşürdü. Yorğanı başına çəkdiyi və altında gizləndiyi üçün yatağın içində kimin olduğunu görmürdüm. Kişi məni çarpayının üstünə buraxdı. Ətrafı qoxlamağa başladım. Südün iyini alıb o tərəfə doğru getdim. Onun üzünü görmürdüm. Sadəcə nəfəsini duyurdum. Quyruğumu buladım.

Yorğan aralandı. Yarıyuxulu balaca qızın başı göründü. Əsnəyə-əsnəyə, xeyli gözünü ovxaladıqdan sonra mən tərəfə baxdı. Diksindi. Mən də diksinib arxa-arxaya getdim. İri, boz gözlərini mənə zilləmişdi. Uzun kirpikləri nazik qaşlarına çatırdı. Təəccübdən iri dodaqları aralanmış, ağzı açıq qalmışdı. Günəş şüaları onun sarı, pırpız saçları arasından ətrafa yayılırdı.  Quyruğumu həyəcandan bulamağa başladım. Ona doğru yaxınlaşdım. Şirin qoxusu burnuma dolmuşdu. Onu bir xeyli iylədikdən sonra çənəsindən yaladım.

Anidən qışqırıb məni qucaqladı. İki əli ilə boğazımdan bərk-bərk yapışıb sağa-sola yelləyirdi. Az sonra boğulduğumu hiss edərək onun əlləri arasından zorla sivişib çıxdım. Üzünü tutub bərkdən gülürdü. Sonra kişiyə tərəf qaçıb onun üstünə atıldı. Doluxsunmuşdu. Kişi onu öpüb sakitləşdirməyə çalışırdı. Yatağın üstündə oturub onları izləyirdim. Hələ də nə baş verdiyini, bu insanların kim olduğunu anlamırdım. Burada mənə tanış gələn yeganə şey balaca qızın sinəsində yanıb-sönən parıltı idi...

Balaca qız kişidən ayrılıb yenə mən tərəfə qaçdı. Çarpayıya tullanıb yanımda uzandı. Tüklərimi sığallayaraq: “Sən nə gözəlsən”, - deyirdi. Qapı aralandı. Bayaq, aşağıda qarşılaşdığım qadın içəri daxil olub yenə deyinməyə başladı:

- Yatağa yox! Olmaz! Bir bu itimiz çatmırdı da...

Kişi yenə hirsli qadını sakitləşdirməyə çalışdı.

- Əgər bir də onu yatağın üstündə görsəm, geri qaytaracağıq!

Qapı çırpılaraq bağlandı...

***

Bu sarışın, balaca qız yanımdan ayrılmırdı. Bir yerdə keçirdiyimiz ilk gün idi. Onu sevməyə başlamışdım. Mənimlə bir yerdə ora-bura qaçır, evin hər küncü ilə tanış edirdi. Hey əzizləyir, yeməli nələrsə verirdi. Bəzən məni qucağına almağa çalışırdı, lakin gücü catmadığından qaldıra bilmirdi.

Balaca qızla yaxşı zaman keçirsəm də, hələ də gözüm Tofiqi axtarırdı. Hələ də hər yeri iyləyir, ona aid bir ipucu axtarırdım. Artıq axşam düşürdü. Hava qaralmağa başlamışdı. Çəhrayı otaqda, çarpayının üzərinə dırmaşıb pəncərədən baxırdım. Ətrafdakı evlərin işıqları bir-bir yanmağa başlayırdı. Darvazanın necə açılıb-örtüldüyünü eşitdim. Sonra isə ev qapısının. Aşağı mərtəbədən səslər gəlməyə başladı. “O”nun işdən evə qayıtdığı saatlar idi. Həyəcanlandım. Marağıma aldanıb səs gələn tərəfə qaçdım. Balaca qız da mənim arxamca gəldi:

- Getmə, getmə, bura gəl...

Astaca pilləkənlərdən enməyə başladım. Sonuna çatmış yan otaqdan gülə-gülə üstümə gələn on iki-on üç yaşlarında oğlanı gördüm. Sarı, buruq saçları sağa-sola yellənir, boz gözləri par-par yanırdı. Ağappaq dərisi yanaqlarındakı və burnundakı çilləri büruzə verirdi. Qolları və ayaqları yara-xora içində idi. Bərkdən güldüyü zaman görünən dişlərinin bəziləri mırıq idi. Ürəyim iki dəfə tez döyünməyə başladı. Ondan qorxdum. Üzümü çevirib təzədən yuxarı qaçmağa başladım. Ancaq oğlan məndən daha sürətli idi. Bir-iki addımla artıq pilləkənin başında oturub ona çatmağımı gözləyirdi. Pilləkənlərin ortasında ayaq saxlayıb ona bir də baxdım. Əllərini bir-birinə sürtür, bic-bic gülürdü. Ondan ehtiyat etməli olduğumu sanki qulağıma pıçıldadılar. Üzümü çevirib təzədən aşağı enməyə başladım.

- Tutdum səni!

Bərk ağrı hiss etdim. Pəncələrim döşəmənin üstündə sürüşürdü. Qabağa gedə bilmirdim. Oğlan iki əli ilə quyruğumdan yapışmışdı. Nə qədər çırpınsam da, azad ola bilmirdim. Yüngülcə zingildəməyə başladım.

Bu zaman balaca qızın səsi eşidildi. Pilləkənin başında yerə əyilib bərkdən ağlayırdı. Gözündən gilə-gilə yaşlar axırdı. Onun səsinə gələn kişi ilə qadın bu səhnəni görüb vahiməyə düşdülər. Kişi irəli atılıb məni oğlanın əlindən xilas elədi. Tez masanın altına girib gizləndim. Tir-tir əsirdim.

- Sənə min dəfə tapşırmışam ki, belə işlər görmə! – deyə kişi oğlanı danlamağa başladı.

- Mən sadəcə oynamaq istəyirdim...

- Bacını ağlatma!

Balaca qız burnunu çəkə-çəkə pilləkənlərdən endi. Oğlana “vəhşi” deyib yanından keçdi. Gizləndiyim yerə tərəf yaxınlaşıb əyildi. Məni səslədi. Qorxa-qorxa oradan çıxdım. Qucaqlaşdıq. Oğlan gözünü süzdürə-süzdürə otağına çəkildi...

***

- Sənin adın nə olsun...

Qonaq otağında idik. Balaca qız mənimlə üzbəüz, yerdə uzanıb fikrə getmişdi. Nə isə onu qane etmirdi. Fikirləşirdi. Artıq evin bütün sakinləri ilə tanış olmuşdum. Hər birinin adını öyrənmişdim. “Ata”, “Ana”, “Oğlum” və “Qızım”...

- Tapdım! Pambıq. Sənin adın bu gündən Pambıq oldu.

Divanda oturub televizor seyr edən ata gülümsədi:

- Pambıq niyə?

- Çünki pambıq kimi ağ və yumşaq tükləri var – məni sığalladı.

- Gül kimi adı var. Niyə dəyişirsən? Həm də öyrəşib, cağıranda tanıyır.

- Yox! Mən özüm ad qoyacam. Ona da öyrəşəcək.

Bir az aralıda, masada əyləşib həvəssiz halda yazı yazan oğlan pişim-pişim gülməyə başladı:

- Adı elə it!

Balaca qız hirsli-hirsli ona baxdı. Ağzını açıb nəsə demək istəyirdi ki, mətbəxdən ananın səsi gəldi:

- Yatmaq vaxtınızdır! Qalxın otağa.

Oğlan əlindəki qələmi sevincək dəftərin üzərinə tullayıb masadan aralandı. Qız mızıldamağa başladı:

- Axı mənim yuxum gəlmir...

Əlindəki qəzeti səliqə ilə qatlayıb qırağa qoyan kişi gərnəşdi. Yerdən qalxmaq istəməyən balaca qıza əlini uzatdı.

- Ata, onda məni qucağında apar...

Kişi ayağa qalxıb onu qucağına aldı. Pilləkənə tərəf getdilər. Mən də onların arxasınca düşdüm. Mənim varlığım haqda unudan balaca qız atasının çiyinlərində artıq yuxuya gedirdi. Kişi dönüb ayağının altında hərlənən mənə baxıb fikrə getdi:

- Bəs sən harda yatacaqsan?

- Onun yeri məlumdur. Həyətdə. – Qadının səsi gəldi.

- Balacadı axı hələ. Qorxar.

- Heç nə olmaz. Qoy öyrəşsin.

Qadın qızı onun qucağından götürdü. “Gələndə işığı söndürməyi unutma”, - deyib yuxarı qalxdı. Kişi başını qaşıdı. Çöl qapısını açıb əli ilə həyəti göstərdi:

- Çıx...

Yerimdən tərpənmədim. Qaranlıq həyət çox vahiməli görünürdü. Kişi bir az daha yüksək səslə təkrar elədi:

- Ağıllı it ol. Çıx...

Hələ də yerimdən tərpənmirdim. Mənə yaxınlaşıb ayağı ilə itələmək istədi. Döşəməyə uzandım. “Nə tərs küçüksən” deyə donquldandı. Sonda məni əlinə alıb həyətə - düz qapının ağzına qoydu.

Evin qapısı üzümə bağlandı. Pəncələrimi bağlı qapıya söykədim. Onu açmağa çalışırdım. Dayanmadan qapını cızır, zingildəyirdim. Aça bilmədiyimi görüb bərkdən ulamağa başladım. Az sonra yuxarıdan - pəncərədən bir baş çıxıb “Sakit ol”, - deyə mənə acıqlandı. Qapının ağzında bir xeyli ümidlə gözləyəndən sonra açılmayacağını anladım. Evin bütün işıqları söndü...

Həyət qaranlıq idi. Bir az ətrafa boylandım. Arabir külək əsir, ağacların yarpaqlarını yellədirdi. Özümə gizlənmək üçün yer axtarırdım. Kolluqlardan çıxan böcəklərin səsi hərdən artır, hərdən azalırdı. Yenə tutunmaq üçün tanış qoxu axtarır, amma tapa bilmirdim. Sonda həyətin lap qurtaracağında divarın küncünə atılmış taxtaların arasında bir deşik tapıb ora girdim. Uzanıb gözlərimi yumdum. Taxtaların arasından gələn fısıltıları bəzən lap yaxından duyurdum. Quyruğumu ayaqlarıma bacardığım qədər qısıb gizlənmişdim. Arabir başımın üstündən uçan bayquşların səsindən dik atılırdım. İlk dəfə idi gecə tək qalırdım. Yenə anam, qardaşlarım, Tofiq üçün darıxdım. Yanımda heç kəs yox idi, evimə istəyirdim...

***

... Xeyli zaman keçmişdi... Bu evə gəldiyim gündən etibarən “O”nu heç görməmişdim. Artıq bu evdə nə qədər müddət yaşadığımı xatırlamırdım. Özümü dustaq kimi hiss etdiyim evin içinə demək olar ki, buraxılmırdım. Çox zaman həyətdə təkbaşıma olurdum. Balaca qız bəzən oynamaq üçün həyətə çıxırdı. Bir-iki saat bərabər vaxt keçirdikdən sonra qadın onu içəri aparırdı. Artıq heç kəs mənə İşıq demirdi. “Pambıq” deyə çağırırdılar. İlk zamanlar məni səsləyəndə hay verməsəm də, qısa zamanda yeni adıma öyrəşdim.

Kişi ilə oğlan çox zaman evdə olmurdular. Axşama yaxın bir yerdə qayıdırdılar. Ən çətin vaxtlar onda başlayırdı. Oğlan evdə olmadığı müddətdə özümü daha çox təhlükəsizlikdə hiss edirdim. O, evə gəldiyi zaman taxtalarımın arasına girirdim. İlk fürsətdə mənə sataşır, quyruğumu yaxud qulağımı dartırdı. Bəzən başımı zorla su qabının içinə salıb “İç!” deyə bağırırdı. Heç kəs yanımızda olmayanda boynuma asdıqları kəndirdən yapışıb göyə qaldırırdı. Ayağım yerdən kəsilirdi, nəfəs ala bilməyib çırpınırdım. Qəhqəhə çəkib gülürdü. Dörd-beş saniyədən sonra məni yerə buraxırdı. Bunu niyə etdiyini bilmirdim. Axı mən ona pis heç nə etmirdim?.. Onda çatmayan bir şeylər var idi. Nə olduğunu hələ ki tapmamışdım.

***

Həyətdə mürgüləyirdim. Qadın və kişi günortadan evdən çıxmışdılar. Evin qapısı həmişəki kimi bağlı idi. Uşaqların içəridən səsləri gəlirdi. Nə isə oynayırdılar. Balaca qızın ağlamaq səsi eşidildi. Başımı qaldırdım. Qulaqlarımı səs gələn tərəfə şəklədim.

Az sonra evin qapısı açıldı. Oğlan əlində gəlincik gülə-gülə həyətə atıldı. Arxasınca qapıdan çıxan qız göründü. Ağlaya-ağlaya qardaşının üstünə getdi. “Gəlinciyimi qaytar!”, - deyə qışqırırdı. Onun ağlamağına fikir verməyən oğlan ora-bura qaçır, balaca bacısını cırnadırdı. Yerimdən qalxıb onlara tərəf bir az getdim, baxmağa başladım. Kolların arasından məni görən oğlan dayandı. Bir anlıq fikrə getdi. Əlini çənəsinə söykədi. Sonra yenə əllərini bir-birinə sürtərək bic-bic güldü. Bu səhnə mənə tanış idi... Qıza tərəf dönüb gəlinciyi ona uzatdı:

- Ala, qaytarıram.

Təəccüblə qardaşına baxan balaca qız gözünün yaşını sildi. Hıcqıra-hıcqıra gəlinciyi alıb sinəsinə sıxdı. Oğlan hələ də pişim-pişim gülürdü:

- Gəl, iti içəri salaq.

- Evə? Ana hirslənəcək axı... – qız mızıldadı.

- Hardan biləcək? Demərik ona.

Balaca qız susub bir az fikrə getdi. Az sonra başını yellədərək gülümsədi. Evin qapısına tərəf qaçıb məni səslədi. Evə girmək fikri heç xoşuma gəlməmişdi. Arxa-arxaya getməyə başladım. Səsinə hay vermədiyimi görən qız mən tərəfə qaçdı. Boğazımdakı ipdən yapışıb məni dartmağa başladı.. Düz iş görmədiyimi hiss edirdim. İçəri daxil olub elə oradaca oturdum. Qulaqlarımı sallamışdım. Qız məni sığalladı.

- Qorxma... Bu, bizim sirrimizdir.

Məni özü ilə yuxarı dartan balaca qızın sözündən çıxa bilmədim. Yuxarıya - onun otağına qalxdıq. Məni içəri salandan sonra otağının qapısını örtdü. Sevinə-sevinə boynuma sarıldı. Anidən qapı taybatay açıldı. İçəri girən oğlan əlindəki telefon ilə bir-iki dəfə şəklimizi çəkdi:

- Hə... Anama göstərəcəm gələndə! Qoy bir az da səni danlasınlar, - deyib gülməyə başladı.

Balacaq qız qızardı:

- Axı sənin fikrin idi! Mən də anama deyəcəm!

- Sənin sübutun var? Yoxdu. Mənim isə var!

Mübahisə etməyə başladılar. Bir-birinin üstünə qışqırır, köynəklərini dartışdırırdılar. Oğlan balaca qızın qolundan sıxıb onu itələdi. Yatağın üstünə yıxılan qız qışqırdı. Bu zaman qabağa keçib var gücümlə oğlana hürməyə başladım. İçimdə baş qaldıran hisslər mənə “onun qolundan ya da ayağından yapış” deyirdi. Balaca qızı incitməyinə icazə verə bilməzdim.

Oğlan cəld hərəkətlə yenə boğazımdakı kəndirdən yapışdı. Məni göyə qaldırdı.

- Hə... Sənə indi öyrədəcəm özünü necə aparmaq lazımdı, küçük!

Yenə ayağım yerdən kəsildi. Boğulmağa başladım. Otaqdan çıxıb məni bu vəziyyətdə pilləkən tərəfə apardı. Çırpınırdım. Nəfəs ala bilmirdim. Ha çalışsam da, onun əllərindən azad ola bilmirdim. Qız da arxamızca gəlib onun köynəyindən yapışmışdı. Yenə ağlayırdı, “Onu burax!”, - deyə qışqırırdı.

Anidən oğlanın o biri əlindən yapışdım. Dişlərimlə biləyini bərk sıxdım. Ağrıdan qışqıran oğlan ipi buraxıb məni əlindən yerə saldı. Pilləkənin ucuna bərk dəydim. Ağrıdan zingildədim. Müvazinətimi saxlaya bilməyib aşağıya dığırlanmağa başladım. Ağzı üstə yerə yapışdım. Ayağımda bərk ağrı hiss etdim. Bütün bədənim zonquldayırdı. Başımı qaldırıb sağa-sola tərpətdim. Ayağa qalxıb pilləkəndən aralanmaq istədim, lakin arxa pəncəmi yerə basa bilmədim.

Oğlanla qızın bir-birinə qarışmış səsləri bütün evi bürümüşdü. Axsaya-axsaya qapıya tərəf sürünməyə başladım. Bu zaman kişi və qadının dəhlizə daxil olduğunu gördüm. Hər ikisi mənim yanımdan şütüyüb pilləkən tərəfə qaçdı. Aralı qalmış qapıdan sivişib çıxdım. Taxtalara doğru getdim...

Az sonra evin qapısı yenə açıldı. Ata hirslə mən tərəfə yaxınlaşırdı. Dodaqaltı nə isə mızıldayırdı, ancaq nə dediyini anlaya bilmirdim. Mənə yaxınlaşa-yaxınlaşa köynəyinin qollarını yuxarı çırmalayırdı. Yolüstü yerdən tapdığı uzun taxtanı əlinə aldı. İçimdəki hissim qaçmalı olduğumu deyirdi. Ancaq hara? Necə? Edə biləcəyim tək şey taxtaların arasında gizlənmək idi.

Anidən arxama dəyən bərk qapazın ardından zingildədim. Əzilmiş ayağımın yuxarısına dəyən taxta bədənimi keyləşdirdi. Ağrı o qədər bərk idi ki, müvazinətimi saxlaya bilməyib tirtap yerə yıxıldım. Ata hələ də məni vurmağa davam edirdi. Özümü müdafiə etmək üçün ona məsələni başa salmağa çalışırdım. Qulaqlarımı sallayıb ona yazıq-yazıq baxır, zingildəyirdim. Ancaq o məni başa düşmürdü. Üzümə də baxmadan məni taxta ilə döyməyə davam edirdi. Üzü-gözü qızarmışdı. Nə qədər vursa da, sakitləşə bilmirdi. Bir müddətdən sonra artıq ona müqavimət göstərməyə taqətim yox idi. Bu işgəncənin nə vaxt bitəcəyini gözləyirdim.

Məni vurmaqdan yorulan kişi sonunda dayandı. Əlindəki taxtanı yerə atdı. Təngnəfəs olmuşdu. Alnından axan tərini dirsəyi ilə silib qırışmış köynəyinin yaxasını düzəltdi. Üstünü çırpıb geri - evə döndü...

***

Sağ ayağım bərk ağrıyırdı. Onu tərpədə bilmirdim. Taxtaların arasında uzanmışdım. Zingildəyirdim. Başımı qaldırıb şiş pəncəmə baxdım. Ağ tüklərimin arasına çirkli taxtadan tökülən qum dolmuşdu. Onları təmizləməyə başladım. Yadıma Tofiqin sözləri düşürdü: “O qədər ağsan, elə bilirəm, əllərimi sənə toxundursam, çirklənəcəksən”. Onun üçün darıxdığımı hiss etdim. Mənim evim sarmaşıqlı dəmir darvaza idi. Geri - ora istəyirdim. Bu hisslər o qədər ağır gəlməyə başladı ki, içimdə bir şeylərin məni incitdiyini hiss etdim. Həsrət? Bilmirdim. Ulamağa başladım. Ancaq nə qədər çağırsam da, evim məni eşitmədi...

Az sonra ayaq səsləri gəldi. Hava artıq qaralmışdı. Kişi, qadın və oğlan həyətə daxil oldular. Oğlanın biləyində sarıq var idi. Anasının əlindən tutub yavaş addımlarla evə doğru irəliləyirdi. Məni görüb diksindi. Anasının arxasında gizlənib: “Qorxuram”, - deyərək ağlamağa başladı.

- Yaramaz küçük! Mən deyəndə ki, it almayaq, sözümə qulaq asan olmadı. İndi isə xəstəxanalarda gəzirik... – deyib ah çəkdi.

- Kim bilərdi belə olacaq. Sakit də it idi... – Ata donquldandı.

İçəri keçdilər. Mən isə yerimdən tərpənə bilmirdim...

... Səhər bədənimi saran küt ağrıya oyandım. Axşamdan yanıma qoyulan yemək olduğu kimi qalmışdı. İşə getməyə hazırlaşan kişi mənə yaxınlaşdı. Qorxub taxtaların arasında bir az da gizləndim. Əyilib onların arasından məni səslədi. Yenə məni döyəcəyindən qorxurdum. Amma bu dəfə səsi sakit idi. Dünənki qəzəbli kişidən əsər-əlamət qalmamışdı. Yerimdən qalxmaq istəyəndə yenə məndən zingilti qopdu.

- Nə olub sənə? – kişi təntidi.

Başımın üstündəki taxtaları itələyib mənə yaxınlaşdı. Yan-yörəmə baxmağa başladı. Şişmiş ayağıma toxundu. Ağrıdan yenə səs saldım. Bunu görən ata tez məni qucağına aldı...

***

Baytarlıq xəstəxanasına müayinəyə gəlmişdik. Məni masaya uzatmışdılar. Üstüm örtülü idi. Halsız idim. Üzümə işıq düşürdü. Günəş işığına bənzəyirdi, ancaq günəş deyildi. Dörd tərəfi bağlı dar otaqdan qarışıq qoxular gəlirdi. Ağrılarım azalmışdı, ancaq pəncəm hələ də bir az sızıldayırdı. Biləyimdə sarıq var idi. Dünən eynilə oğlanın əlindəki sarıq kimi. Kişi həkimlə söhbət edirdi:

- Ayağında qırıq var. Onurğası da zədəlidi. İlkin yardım göstərmişik. Lakin düzəlməsi üçün əməliyyata ehtiyac var.

- Axı bu, necə ola bilər? Heç nəyi yox idi...

- Hələ balacadı deyə sümükləri tam bərkiməyib. Yıxılmış ola bilər, döyülmüş ola bilər...

Kişi susdu. Az sonra yenə dilləndi:

- Bəs əməliyyat etməsək?

- Şikəst qalmağını istəmirsinizsə etməlisiz. Nə qədər tez olarsa, sağalmaq ehtimalı o qədər çoxdur.

... Axşam evin bütün işıqları yanırdı. İçəridə nəyisə müzakirə edirdilər. Səslər bir-birinə qarışmışdı. Yerimdən güclə qalxıb axsaya-axsaya səs gələn tərəfə getdim. Qapıya yaxınlaşdıqca bəzi kəlimələri daha aydın eşidirdim. Ana hamını danlayırdı, tez-tez “Sizə demişdim” kəliməsini işlədirdi. Uzun müzakirələrdən sonra “göndərək, getsin” qərarı verildi. Bu qərarın mənimlə əlaqəli olduğunu başa düşürdüm. Ancaq nə qərar idi, həyatımı necə dəyişəcəkdi, bilmirdim...

***

İki gün keçmişdi. Yerimdən demək olar ki, qalxmırdım. İstəsəm də, boğazıma keçirilmiş zəncir taxtalardan çox aralanmağa qoymurdu. Ayağımdakı ağrılar azalmaq bilmirdi. Pəncəmin şişi get-gedə çəkilirdi. Lakin günbəgün onu hərəkət etdirmək daha da çətinləşirdi. Evdə heç kəs mənə yaxın gəlmirdi. Yalnızca kişi gündə iki dəfə yanıma gəlib mənə su və yemək gətirirdi. Hərdən evin pəncərəsindən üzümə vuran parıltını görürdüm. Anlayırdım ki, bu, balaca qızdı. Bu evdə tək onun sinəsində bu parıltı yaşayırdı. Mənə baxır, məni səsləyirdi. Ona cavab olaraq nə qədər hürsəm də, yanıma gələ bilmirdi. Bəzən bu balaca qız üçün də darıxırdım... Kaş ki, daha böyük olsa idi. Məni müdafiə edə bilsə idi. Əmin idim ki, hər şey daha fərqli olacaqdı. Bəlkə də onunla bu evdə xoşbəxt yaşaya biləcəkdim. Bu həyəti sevəcəkdim...

... Üçüncü gün həyətə yaxınlaşan maşının mühərrikinin səsinə oyandım. Qulaqlarımı şəkləyib səs gələnə tərəfə çevirdim. Addım səsləri eşidirdim, get-gedə mənə yaxınlaşırdı. Başımı taxtaların arasından çıxarıb səs gələn tərəfə boylandım. Kişi iki nəfərlə həyətə daxil oldu. Əli ilə mən tərəfi göstərib: “budur”, - dedi. Yanında dayanmış balacaboy, kök kişi mənə baxıb təəccüb elədi:

- Balaca imiş ki.

- Balaca olmağına baxmayın. Oğlumun az qala qolunu qoparmışdı, – deyə kişi cavab verdi.

Kök kişi gülə-gülə mənə yaxınlaşdı. Sarıqlı ayağıma baxıb başını qaşıdı. Əlindəki kəndiri ora-bura yelləyirdi. İlk baxışdan xoşuma gəlməyən bu kişiyə dişlərimi göstərib mırıldadım. Bunu görüb qəhqəhə çəkdi:

- Doğrudan da, az yox imiş bu küçükdə.

Əlini uzadıb boğazımdakı zənciri açmağa çalışanda tez ondan aralanıb bərkdən hürdüm. Dayandı. Arxaya dönüb onunla bir yerdə gələn oğlanı səslədi. Oğlan cəld addımlarla bizə yaxınlaşdı. Boğazıma eyni anda iki kəndir keçdi. Çırpınıb azad olmaq istəsəm də, artıq gec idi. Oğlan arxadan mənim boğazımdan tutub bərk dartdı. Anidən ağzıma taxılan ağızlıq məni çaşdırdı. Hərəkətsiz qalan çənəmi yelləyərək ondan azad olmağa çalışırdım. Ancaq yenə alınmırdı. Kök kişi məni yerdən qaldırıb qolunun altına saldı. Qabaq pəncələrimlə onun boynundan itələməyə başladım. Bu anda arxa, şiş pəncəmdən yapışaraq qışqırdı:

- Sakit ol!

Ağrı yenə bədənimi sardı. Zingildədim. Anladım ki, artıq gecdir. Taleyimə boyun əymək zamanıdır. Hələ də ayağımdan bərk yapışan kişi dodaqaltı mızıldanmağa başladı:

- Bax belə, ağıllı it ol...

Bundan sonra evindəsən...

- Bundan sonra evin buradır.

Kök kişi məni iri, qaranlıq otağa saldı. Hündür tavanın məsamələrindən içəri azacıq işıq düşürdü. Otaq başdan-başa qəfəslərdən ibarət idi. Bəzilərinin içi boş, bəzilərininki dolu idi. Yəqin ki, bu qədər iti bir arada bundan qabaq heç harda görməmişdim. Qəfəslərin yanından keçərək otağın sonuna doğru getməyə başladıq. Bəzi itlər irəli çıxıb yeni gələn qonağa baxırdılar. Quyruqlarını bulayan itlər, dillərini bayıra çıxarıb ləhləyirdilər. Hərdən bir hansısa küçüyün zingiltisi yaxud itin səsi eşidilirdi.

Küncdə yerləşən boş bir qəfəsin yanına çatdıq. Onu aralayıb məni oraya saldı. Səhərdən ağzıma keçirilmiş ağızlığı açaraq qəfəsi bağladı. Çənəmi açıb-bağlamağa başladım. Ağrıyırdı. Arxamızca içəri daxil olan gənc oğlan qəfəsə yaxınlaşıb mənə baxdı:

- Bir ayağı da şikəstdi. Heç kəs istəməz bu küçüyü...

- Mən də onu fikirləşdim. Bir-iki həftə qalsın hələ. Sonra görək nə edirik bunu.

Nəyisə müzakirə edə-edə otağı tərk etdilər. Ətrafa boylanmağa başladım. Burnumu qəfəsdən çıxarıb ağır-ağır nəfəs alırdım. Yenə yad qoxular gəlirdi. Bayaqdan hürüşən itlər sakitləşmişdi. Qəfəslərinin qapısından çəkilmiş, sükuta qərq olmuşdular. Mənimlə üzbəüz qəfəsdə yerləşən iri, yaşlı itə baxdım. Deyəsən çoxdan burada idi. Onu səslədim. Gözlərini azacıq aralayıb mənə baxdı. Yorğun görünürdü. Əsnəyib üzünü divar tərəfə çevirdi. Dar qəfəsin içində gəzinməyə başladım. Hər küncünü iyləyib qəfəslə tanış oldum. Bura çox çirkli və natəmiz idi. Ancaq bu, məni narahat etmirdi. Harada olduğumu hələlik bilmirdim. Evimdən nə qədər uzaqda olduğumu, burada nə qədər qalacağımı da bilmirdim. Dərindən nəfəs aldım. Küncdə uzanıb sınıq pəncəmi yalamağa başladım...

***

Daş hasar boyu dövrə vururdum. Ətrafını gəzərək olduğum yerdən çıxmaq üçün dəlik axtarırdım. Bəzən daha yumşaq, torpaqla örtülü yerləri qazımağa çalışırdım. Sonda yenə bərk səthlə qarşılaşıb dayanırdım. Gün ərzində bir dəfə günəşi görə bilirdim. Bizi bir neçə saatlıq həyətə buraxırdılar. Gün batana kimi ona baxır, ürəyimi ona boşaldırdım. Ailəmlə eyni günəş altında olmağım mənə təsəlli verirdi. Görəsən onlar da mənim üçün darıxırdımı...? Son zamanlar günəş də artıq yox idi. Havalar soyumuşdu. Dumanın arxasında gizlənən işığın parıltısı yerə çatmırdı. Burada nə qədər zamandır olduğumu bilmirdim. Ancaq bir ömür kimi gəlməyə başlamışdı.

Qaranlıq otaqda evimə çevrilən qəfəsdə tənhalığımı hər gün daha çox hiss edirdim. Bu soyuq qış havalarında ürəyim də buz bağlamışdı. Yumşaq tüklərim daranmadığı üçün get-gedə bir-birinə yapışır, düyünlənirdi. Üzərimdə ağırlıq hiss edirdim. Su və yem çatışmazlığı olduğu üçün bəzən gün ərzində bir dəfə qidalanırdıq. Quru yem və az miqdarda su mədəmi doldurmurdu. Bəzən su yerinə qablara qar doldururdular. Yetəri qədər yemək yemədiyim üçün artıq ayaqlarım da tutmur, əsirdi. Sümüklərim bəzi yerlərdən qabarmağa başlamışdı. Ya da mən arıqlayırdım.

Pəncəm artıq ağrımırdı. Onu hiss etmirdim. Sanki heç zaman olmamışdı. Sanki həmişə üç pəncə ilə gəzmişdim. Küləklərə qoşulub sürətlə qaçdığım günlər bəzən yuxularıma girirdi. Nə vaxtsa sürətlə qaça bilirdim?

Qəfəs qonşularım zaman-zaman dəyişirdi. Bəzilərini alıb götürürdülər. Hara? Bilmirdim. Bəzən küçükləri, bəzən yaşlıları qəfəslərindən çıxarıb aparırdılar. Qısa zamanda başqa itlər bu evlərə sahiblənirdi. Bunlar, ümumiyyətlə, ev idimi? Bizim evimiz? Bunu anlaya bilmirdim. Buradakı itləri də anlamırdım. İçi özüm qarışıq. Xoşbəxt idikmi biz? Nə üçün var idik? Bəzən gecələr səs-səsə verib ulayırdıq. Mahnı oxumağa bənzəyirdi. Ayrılıq mahnıları, tənhalıq mahnıları. Tək idik biz. Kimsəsiz...

***

...Yuxuya getmişdim. Qəfəsimin önündə dayanmış iki nəfərin səsi məni ayıltdı. Qulağımı şəkləyib dinləməyə başladım.

- Səkkiz həftədən çoxdu burdadı. Daha nə qədər saxlaya bilərik?

- Neçə nəfərə göstərmişik. Heç biri istəmədi. Şikəstdi axı. Sahiblənən çətin tapılar.

- Elədi, elədi... Bəlkə də əziyyət çəkir heyvan.

- Yer də... Yer də get-gedə azalır. İtlər çoxdu...

Eynəkli, hündür kişi əyilib qəfəsin içinə - mənə baxdı. Onu həftədə bir dəfə, bəzən iki dəfə burada görərdim. Gəlib bir az qəfəslərə baxar, digərləri ilə söhbət edər, sonra gedərdi. İlk dəfə idi qəfəsimə yaxınlaşıb nəzərlərini mənə tuşlamışdı. Yerimdən qalxmadan başımı ona tərəf çevirib baxışlarına cavab verdim. Bir az məni süzdükdən sonra geri çəkildi. Boz kostyumunun önündən sallanan qalstukunu düzəltdi. Yanında dayanan kök kişi dilləndi:

- Nə təklif edirsiniz, müdir?

- Yatızdırmaq. Məcbur...

***

Həyətdə qardaşlarımla oynayırdım. Bir-birimizin qulağını dartır, quyruğunu tuturduq. Həyətin o başından bu başına qaçır, bəzən yıxılır, bəzən dığırlanır, bəzən də özümüzü nəm torpağa sürtürdük. Belimi yerə sürtə-sürtə günəşə gülümsəyirdim. Gözlərim sarmaşıqlara sataşdı. Tez dikəlib başımı dəmir darvazaya tərəf çevirdim. Mənə doğru uzanan darvaza get-gedə mənə yaxınlaşırdı. Yerimdən qalxıb sarmaşıqlar tərəfə qaçmağa başladım. Anidən məndən uzaqlaşmağa başladılar. Nə qədər sürətlə qaçırdımsa, darvazalar məndən o qədər sürətlə aralanırdı. Nə olduğunu anlamırdım. Ancaq dayanmadan qaçırdım...

- Yatırsan hələ?

Dik atıldım. Harda olduğumu anlamaq üçün sağa-sola boylandım. Kabus qəfəsin içini qoxulayandan sonra kor-peşman yenə başımı pəncələrimə söykədim. Qalxmaq üçün heç bir səbəbim yox idi. Kök kişi qəfəsin divarlarını vurmağa başladı. Hər tərəfə yayılan səs qulaqlarımı incitdi. Başımı qaldırıb ona baxdım. Onsuz artıq öyrəşmişdim. Ona hay verməyəndə bu üsulla itlərin diqqətini özünə çəkirdi. Məni şirin yuxumdan ayırdığına görə ona hirsli idim. İki dəfə hürdüm. “Sakitləş”, - deyib qəfəsin qapısını açdı. Boğazıma ip keçirib məni özünə tərəf çəkdi. Yerimdən qalxmaq istəmədiyim üçün başımı yenə pəncələrimə söykədim. Bir-iki dəfə kəndiri dartdıqdan sonra zorla məni qəfəsdən çıxardı.

- Tərssən, tərs... Gedək.

Hara getdiyimizi bilmirdim. Bu saatlarda bizi həyətə gəzməyə buraxmırdılar. Ona görə ehtiyat etməyə başladım. Öz iradəm olmadan məni bu sevmədiyim tənha otaqdan çıxarırdılar. Bəzən dayanıb dartınsam da, kök kişi məni buraxmırdı. Digər qəfəslərdən mənə zillənmiş sual dolu baxışlarla toqquşdum. Otağı tərk edən hər itin arxasınca belə baxırdıq. İndi isə məni yola salmaq zamanı idi. Qapı bağlanmamış son dəfə dönüb içəri boylandım və qapılar bağlandı...

Həyətə çıxdıq. Neçə zamandır durmadan yağan və həyəti bürüyən qar əriməyə başlamışdı. Günəş şüaları gözlərimi qamaşdırdı. Neçə vaxtdan bəri nəhayət günəş səmada aydın görünürdü. Kök kişi boğazımdakı kəndiri çıxardı:

- Bəxtin gətirdi, üçayaq. Yaman gətirdi...

Bizdən bir az aralıda bir qaraltı göründü. Axsaya-axsaya biz tərəfə gələn bu kölgə məndən iki-üç addım aralıda dayandı. Bu qaraltının əlində tutduğu çəlik məni qorxutdu. Quyruğumu bulayıb arxa-arxaya getdim. Bu zaman onun tərəfindən mənə doğru əsən külək tanış qoxunu ciyərlərimi doldurdu. Çaşdım... Nə qoxu olduğunu xatırlamaq üçün başımı bir az yuxarı qaldırıb havanı udmağa başladım.. Get-gedə mənə daha çox tanış gələn qoxuya tərəf getdim. Asta addımlarla qaraltının ətrafında dövrə vurub önünə keçdim. Sinəsində yanıb-sönən parıltı məni ayıltdı.

- Mənim İşığım...

Bədənimdən üşütmə keçdi. Tüklərim biz-biz durdu. Bu “O” idi! Tofiq! Sevincimdən bərkdən hürməyə başladım. Onun qucağına atıldım. Qabaq pəncələrimi qarnına söykəyib yanaqlarını yalayırdım. Əlindəki çəliyi yerə tullayıb, tanış, sərt ovucları ilə başımı sığallamağa başladı, özünə tərəf çəkdi. Qarşımda dizlərini yerə qoyan bu kişi məni qucaqlayıb hönkürməyə başladı. Özümə yer tapa bilmirdim. Onu öpməkdən, qoxlamaqdan doymurdum. Ətrafında yenə bir dövrə vurub üstünə atıldım. Onun üçün necə darıxmışdım. Mənim dilimdən azad olub nəfəs almağa çalışan kişi dolmuş gözlərini sildi:

- Bağışla məni...

***

Uzun, incə yol ilə gedirdik. Maşının arxa oturacağında oturmuşdum. Rəhimin maşını ilə geri - evə qayıdırdıq. Onun yanında, qabaq oturacaqda oturmuş Tofiq əllərini yanına qoyduğu çəliyə söykəmişdi. Onu yenə itirməmək üçün sağ pəncəmi arxadan onun çiyninə qoymuşdum. Hərdən bir mən tərəfə dönüb gülümsəyirdi. “Axır ki səni tapdım”, - deyərək pəncəmi sığallayırdı. Hələ də inana bilmirdim. Bəlkə bu da yuxu idi...?

Maşından düşdük. Dəmir darvaza ilə üzbəüz dayanmışdım. Ürəyim iki dəfə daha sürətlə döyünməyə başladı. Quyruğumu bulayır, darvazanın ağzında ora-bura gəzinirdim. Qabaq pəncələrimi darvazanın cəftəsinə söykədim. İçəri daxil olmaq üçün səbirsizlənirdim.

Nəhayət, qapı açıldı. Qışqıra-qışqıra içəri daxil oldum. Bir neçə dəfə hürüb anamı, qardaşlarımı çağırdım. Bəlkə onlar da buradadı, qayıdıblar deyə. Heç kəs səsimə hay vermədi. Tanış həyətin hər küncünü gəzib qoxlayırdım. Torpaqda yuvarlanır, otların üzərində fırlanır, sevimli sarmaşıqlarımı dartırdım.

Evin girişində pilləkənlərə söykənən Tofiq mənə baxıb gülümsəyirdi. Hərdən onun da yanına qaçır, şırvanırdım. Əllərini, üzünü, boynunu yalayırdım. Bərkdən hürür, sevgimi ona çatdırmağa çalışırdım.

Evin qapısı aralandı. Əlində böyük su qabı ilə həyətə çıxan Nəzakət məni görcək donquldandı:

- Bir bu çatmırdı...

- Elə demə! Gərək sənin sözünə qulaq asmayaydım. Özüm baxaydım ona...

- Sən hələ birinci özünə bax. Özümüzə yeməyə güclə çörək tapırıq. Acından o biri itin öldü. İndi də bunu tapdın gətirdin. Özü də şikəst!

- O, acından ölmədi! Buna isə mən özüm baxacam, sənin nə işinə...

- Kaş elə bu da öləydi...

Nəzakət qapını çırpıb içəri keçdi. Tofiqin üzündə olan gülüş bir anda itdi. Cibini eşələyib oradan qutu çıxardı. Siqaret yandırıb çəkməyə başladı. Bir az aralıda oturub onu seyr edirdim. Onun kefi yox idi deyə, artıq mən də oynamaq, əylənmək istəmirdim.

Evin arxasına tərəf getməyə başladı. Başımı aşağı salıb onun ardınca gedirdim. Başdan-başa yaşıllıq olan bağın bir küncündə taxta stulda oturdu. Çəliyini də yanına qoyub əli ilə məni səslədi. Yanına gəlib başımı onun dizinə söykədim. Onu son gördüyümdən bəri çox dəyişmişdi. Əvvəlki qədər cəld və güclü deyildi. Yaxşı gəzə bilmirdi. Tez-tez yorulub dayanır, nəfəsini dərirdi. Saçları demək olar ki, tökülmüşdü. Buğda gözlərinin yanlarındakı qırışlar artmışdı. Başımı sığallamağa başladı:

- Bilirsən, səni nə qədər axtarmışam? Elə bilirdim, tapa bilməyəcəm. Anan da xəstəlik tutdu. Nə qədər çalışsam da, xilas edə bilmədim. Getdi vəfalı dostum. İndi sən qalmısan, ondan mənə əmanət. Tükləri par-par yanan dostum...

Barmaqları ilə tüklərimi daramağa başladı:

- Səni yaxşıca yuyub, təmizləyib əvvəlki İşıq edəcəyik. Həkimə də aparacam səni, ayağın da düzələcək, gözlə bir az pul yığım...

Gözlərim yumulurdu. “O”nun sözlərindən xumarlanırdım. Uzun zamandan sonra yenidən sevgi və qayğı hiss edirdim. Yenidən “O”nun sinəsindən çıxan parıltıya bu qədər yaxın idim...

Hey təkrar edirdi:

- Bundan sonra evindəsən...

***

... Həyətimiz başdan-başa sarı, çəhrayı, ağ güllərlə örtülmüşdü. Uzun çəkən qışdan sonra nəhayət, təbiət canlanmışdı. Yenə ətraf yaşıllıq idi, yenə böcəklərin, arıların səsi hər gülün ləçəklərindən gəlirdi. Hər gün daha çox çiçəkləyən yaz ağacları sanki yuxudan ayılırdı. Günəş səmanın üzərindən itmir, mənə baxmaqdan heç usanmırdı. Yenidən parıldamağa başlayan ağ tüklərimin üstünə düşərək əks olunurdu.

Pəncərədən içəri baxırdım. Son zamanlar etdiyim yeganə iş pəncərənin ağzında oturub içəri - “O”na baxmaq idi. Yataqdan qalxmırdı. Gözləri də çox zaman qapalı olurdu. Arada sağa-sola dönüb zarıyırdı. Mən də onunla bir yerdə... Bəzən gözlərini azca aralayıb mənə baxırdı. Əlini mən tərəfə uzatsa da, çatmırdı. Bu zamanlar pəncərəni silkələməyə başlayırdım. Bəlkə açılar deyə... Ən son Tofiqlə bərabər olduğumuz zaman hələ havalar soyuq və tutqun idi. Gün görünmürdü. Tez-tez yağışlar yağırdı. Güclü külək ağacları yerindən tərpədirdi. İndi gün qayıtmışdı. Mən isə hər gün ümidlə onun pəncərəsində dayanıb yanıma səsləyirdim. Bir yerdə günəşi seyr etməli idik axı...

... Səhər tezdən idi. Özümə yer tapa bilmirdim. Gecə Rəhim məni pəncərənin yanından çəkib arxa həyətdə kəndirə bağlamışdı. Bütün gecəni gözümə yuxu getməmişdi. Ora-bura gəzinir, “O”nu səsləyirdim. Evin işıqları bütün gecəboyu yanılı olmuşdu. Arada bir səsimə Rəhim çıxıb “sakit ol!”, - deyirdi.

... Həyətdən çoxsaylı yad qoxular gəlirdi. Boğazımdakı ipdən azad olmağa çalışırdım. Nə qədər dartınırdımsa, alınmırdı. Həyətin önünü görmür, ancaq addım səslərinin kəsilmədiyini eşidirdim. Bütün bədənimə güc verib dartınsam da, boğazımdakı ip məni qabağa getməyə qoymurdu. Kəndir dərimi kəsməyə başlayırdı. Ağ tüklərimin arasından görünməyə başlayan qan ləkələri get-gedə artırdı. Ancaq buna baxmayaraq yenə də dayanmır, özümü qabağa verirdim.

Sonda ip qoparaq torpağa basdırılmış dəmirdən ayrıldı. Evə tərəf qaçdım. Ətrafda çox sayda insan var idi. Hamısı sakitcə dayanmışdı. Pıçıltı ilə danışırdılar. Yanlarından keçib pəncərədən içəri boylandım. Otaq qaranlıq idi. Tozlu şüşədən yatağı görməyə çalışırdım. Boş idi. Özümü itirdim. Pəncərəni açmağa çalışdım. “O”nu görmədiyim üçün narahat qalmışdım. Zingildədim. Səsimə heç kimin hay vermədiyini görüb bərkdən hürdüm. Rəhim anidən peyda oldu. Mənə yaxınlaşıb başımı sığalladı. Ancaq mənə lazım olan cavab bu deyildi. Onu itələyib evin qapısına doğru qaçdım. İnsanların arasından sivişib qabağa keçdim. Evin içindən ağlamaq səsləri gəlirdi. Gözüm Nəzakətə sataşdı. Əllərini dizinə çırpıb qışqırırdı. İçimə qəribə hisslər doldu. Bərkdən hürməyə başladım. Tofiqin otağına doğru qaçdım. Arxamdan bir neçə nəfər məni tutmaq istəsə də, çatdırmadılar.

Boş otağa daxil olub yatağa yaxınlaşdım. Bu otağın hər yerindən “O”nun qoxusu gəlirdi. Başımı çarpayıya söykədim. Burun dəliklərim boyüyüb-kiçilirdi. Ağır-ağır nəfəs alırdım. Nə qədər axtardımsa, başımı sığallayan kobud əlləri tapmadım. Ulamağa başladım. Onu tapmadıqca daha çox ulayırdım. Harada idi o parıltı? Niyə bu ağ-qara dünyada onu artıq görmürdüm? Bir neçə əl boğazımdan sallanan ipdən yapışıb məni dartaraq otaqdan çıxardı...

***

İçimdə qış yaşayırdım. ... O gündən sonra Tofiqi bir daha heç görmədim. Bir neçə zamandan sonra həyətimizə gəlib-gedənlərin sayı yenə azaldı. Hər gün pəncərənin ağzında dayanıb içəri baxırdım. Onun yolunu gözləyirdim. Hər darvazanın səsi gələndə həyəcanlanırdım. Bəlkə “O” qayıdar deyə qabağa qaçırdım. İçimdə bir duyğu onunla həmişəlik ayrıldığımızı deyirdi. Bu yükü daşıya bilmirdim. Üzümü göylərə tutub var gücümlə ağlayırdım. Səsimə səmalar belə, hay vermirdi...

Sarmaşıqlı darvazaya baxırdım. Dinməyən soyuq küləklər bütün bədənimi sarmışdı. Hər gün daha da artan tənhalığımı heç bir şəkildə içimdən çıxara bilmirdim. “O”nsuz həyat mənə boş və mənasz gəlirdi. Bundan sonra nə olacaqdı? Bundan sonra kim mənə “İşığım” deyəcəkdi? Mən artıq kimsəsiz idim? Niyə məni özü ilə aparmadı? Harada idi indi o? O da bədbəxt idimi? Mən onsuz bədbəxt olduğum kimi...

... Nəzakət demək olar ki, evdən çıxmazdı. Həyətdə həmişə Tofiq işləyərdi. Ondan sonra boş qalmış bağa baxacaq kimsə yox idi. Hərdən bir Nəzakət həyətə düşüb ağacları sulayırdı. Həftədə bir-iki dəfə isə qonşu Rəhim gəlib torpağı belləyirdi. Buna baxmayaraq yenə də bağ əvvəlki qədər canlı deyildi. Bəzi ağaclar solmağa başlamışdı.

Nəzakət mən tərəfə heç baxmırdı. Bəzən yemək verməyi də unudurdu. Suyum bitəndə ağacların dibinə açılmış palçıqlı sudan bir-iki qurtum alırdım...

...Darvazanın qapısı açıldı. Adətim üzrə tez qapı tərəfə qaçdım. Ancaq bu dəfə də gələn qonşu idi:

- Nəzakət xala, mən gəldim!

Cavab gəlmədi. Rəhim “Yəqin yatıb”, - deyərək əlindəki torbanı yerə qoydu:

- Hə, İşıq. Sənə bir az yemək gətirmişəm. Lap arıqlamısan.

Qonşuluqda yaşayan orta yaşlarda, zəhmətkeş oğlan heç zaman bizi unutmazdı. Hələ balaca vaxtlarımdan həmişə Tofiqə və Nəzakətə hər işdə kömək edərdi. Bu gülərüz, qaraşın oğlanı sevərdim. Nə məsələ idisə, sinəsində parıltı daşıyan hər kəsə qarşı sevgim yaranırdı. Bəlkə də onların mənə yaxşı münasibətindən yaranan sevgi idi. Hələ də bu möcüzənin nə olduğunu çözə bilməmişdim. Axı bu nə parıltı idi?.. Hər gəldiyində mənə yeməyə nəsə gətirərdi. İndi də yerə qoyduğu torbanı eşələyib oradan yemək çıxardı. Su qabımı da doldurdu. Dünəndən bəri dilimə heç nə dəyməmişdi. Ətləri diri-diri udduqdan sonra suyu da dibinə qədər içdim. Rəhim gülümsədi:

- Lap acından ölürmüşsən ki. Gözlə sənə yenə su verim.

Bu zaman Nəzakətin başı evin qapısından göründü:

- Elə yaxşı gəlmisən, Rəhim. Mən də səninlə söhbət etmək istəyirdim.

- Nə barədə, Nəzakət xala?

Nəzakət ayaqqabılarını dəyişib həyətə çıxdı. Ağır addımlarla bizə tərəf gəlməyə başladı:

- Bax, görürsən, artıq ayağım da tutmur. Gəzə bilmirəm.

- Lap əla gəzirsən, Nəzakət xala! – gülümsədi.

- Yox, a bala... Nə özümə baxa bilirəm, nə bu evə, nə bu həyətə... Nə də bu itə...

Rəhim başını qaşıdı. Nəzakət xala sözünə davam elədi:

- Tofiq sevərdi bu iti. Öz boğazından kəsib ona verərdi. Ancaq artıq Tofiq yoxdu. Mənim də ona verməyə bir tikə çörəyim yoxdu. Özü də xəstədi. Heç həyəti də qoruya bilmir. Mən onu daha saxlaya bilmərəm.

Rəhim bir xeyli susduqdan sonra dilləndi:

- Nə təklif edirsən, ay Nəzakət xala?

- Azdır getsin.

- Axı...

- Axısı yoxdu. Mən baxa bilmirəm. Çox istəyirsən, özünə götür, özün bax.

İçəri keçdilər. Onların arxasınca baxdım...

***

Sübh tezdən darvazanın arxasından gələn səs məni oyatdı. Qulaqlarımı şəklədim. Kimsə qapını açmağa çalışırdı. Ayağa qalxıb darvaza tərəfə getdim. Mırıldamağa başladım. Rəhimin qoxusunu hiss edib sakitləşdim. Sakitcə içəri keçdi. Onun qabağına gedib əlini yaladım. Rəhim əlini çəkib cibinə qoydu. Gunahkar kimi başını aşağı sallamışdı. Gözlərini məndən qaçırırdı. Evin işığı yandı. Başını pəncərdən çıxaran Nəzakət Rəhimi salamladı. Bir az söhbət etdilər. Sonra Rəhim boğazıma kəndir keçirdi. Aralı qalmış darvazaya doğru getdik. Hara getdiyimizi bilmirdim. Son dəfə buradan çıxandan sonra uzun müddət evə qayıda bilməmişdim. Maşına doğru irəliləyirdik. Arxaya dönüb evimə bir daha diqqətlə baxdım. İçimi qorxu sardı. Mızıldandım. Rəhim məni sakitləşdirib maşına mindirdi.

Pəncərənin şüşəsindən ətrafa baxırdım. Yol bomboş idi. Uzun, incə yolla şütüyürdük. Hava hələ alatoran idi. Təbiət sanki yuxudan oyanmamışdı. Ara-sıra uzaqlardan tənha quşların səsi eşidilirdi. Pəncələrimi şüşəyə söykəyib onu cızmağa başladım. Bunu görən Rəhim şüşəni açdı. Başımı maşından çıxardım. Üzümə vuran soyuq küləkdən gözlərimi aça bilmirdim. Tüklərim küləklə birgə uçuşurdu. Dilimi çıxarıb təmiz havanı udurdum...

... Dənizin kənarı ilə uzanan ensiz yola çatmışdıq. Hələ də bizdən başqa heç kəs görünmürdü. Ətraf sakit idi. Evimdən nə qədər uzağa getdiyimizi bilmirdim. Ancaq uzaqda idik... Bunu hiss edirdim.

Hava artıq açılmağa başlamışdı. Yavaş-yavaş oyanmağa başlayan təbiətin səsi eşidilirdi. Dənizi də arxamızda qoyub ağaclıq tərəfə girdik. Hasarlanmış dar yol ilə aşağı sürətlə gedirdik. Ara-sıra enli, daş hasarların arasından evlərin bir hissəsi görünürdü.

Onların arası ilə xeyli getdikdən sonra boş bir ərazidə dayandıq. Rəhim maşından çıxıb onun qapısına söykəndi. Cibindən siqaret qutusu çıxarıb oradan birini dodaqlarının arasına aldı. Çıxan tüstü maşının açıq pəncərəsindən icəri daxil olurdu. Onun qoxusundan öskürüb bir addım geri çəkildim. Rəhim əlindəkini ataraq maşından aralandı. Ətrafında dövrə vurub mənim qapım tərəfə yaxınlaşdı. Bir xeyli dayanıb pəncərənin şüşəsindən mənə baxdı. Pəncəmi yenə şüşəyə sürtməyə başladım. Rəhim dərindən nəfəs alıb qapını açdı, tez özümü çölə atdım.

Ətrafda heç bir canlı görünmürdü. Rəhim gəzişməyə başladı. Onun yanı ilə gedirdim. Arabir aralanıb qabağıma çıxan ağacı, otu iyləyir, sonra yenə geri - onun yanına dönürdüm. Bir az buralarda gəzdikdən sonra yenə cibindən siqaret qutusunu çıxardı. Bir siqaret daha yandırıb onu bir nəfəsə ciyərinə çəkdi. Maşına doğru gedib oradan bir torba çıxardı. Sonra xeyli aralıda yerləşən zibilliyə doğru getməyə başladı. Yerimdən tərpənmədim. Onu seyr edirdim. Həmişəki mehriban, gülərüz Rəhimdən heç bir iz yox idi. Bir günün içində sanki çox dəyişmişdi. Get-gedə bunu daha çox hiss etməyə başlayırdım. Arxasınca gəlmədiyimi görüb dayandı. Mənə baxıb yanına səslədi. Ağır addımlarla ona tərəf getdim. Yarı yolda yenə dayanıb mızıldadım. Rəhim iri ət parçası çıxarıb yerə qoydu. Çoxdan idi heç nə yemirdim, ətin qoxusu burnuma doldu. Dözməyib ona tərəf gəldim. Yerə qoyulan əti dişlərimin arasına keçirdim.

Arxamda səs eşitdim. Ağzımdakı tikəni çeynəyə-çeynəyə dönüb səs gələn tərəfə baxdım. Rəhimin əlindəki tüfənglə üzbəüz idim. İlk başlarda bunun nə olduğunu anlamadım. Üzümü çevirib ətimi yeməyə davam etdim. Onu udduqdan sonra Rəhimə doğru yenə döndüm. Hələ də eyni vəziyyətdə dayanmışdı. Mənə tuşlanmış tüfəngi iyləməyə başladım. Bəlkə bu da yeməli bir şeydi deyə onu qoxlayırdım. Rəhimin əli əsirdi. Mənə günahkar gözlərlə baxırdı. Başımı sağa əydim. Əslində ondan nə baş verdiyini soruşurdum. Rəhimin sinəsindəki parıltı durmadan yanıb-sönürdü. Gah yox olur, gah da gurlayırdı. Bu parıltı yenə zehnimə dolurdu.

Rəhimin narahat üz ifadəsi mənim də narahatlığımı artırdı. Gözlərini hey açıb-yumur, üzü qızarırdı. Dodaqlarını dişləyir, qaşlarını çatırdı. Onu belə halda heç görməmişdim. Bir-iki dəfə ayağımı yerə çırpıb bərk hürdüm. Quyruğumu bulamağa başladım. Mənə bir addım da yaxınlaşdı. Tüfəngin lüləsini alnımın ortasında hiss elədim. Qulaqlarımı sallayıb Rəhimin düz gözünün içinə baxdım. Rəhim gözlərini yumdu...

Silahı məndən çəkib bir əli ilə üzünü tutdu. Bir müddət belə dayandıqdan sonra başını qaldırıb dərin nəfəs aldı. Alnından axan təri sildi:

- Edə bilmərəm...

Mənə tərəf əyildi. Başımı sığalladı. Onun əlini yalamağa başladım. Bu hisslər mənə çox tanış idi. Ayrılıq hissləri? Yoxsa Rəhim də məni atıb gedirdi? Yoxsa o da artıq mənim yanımda olmayacaqdı?

Ayağa durub maşına doğru getməyə başladı. Onun arxasına düşdüm. Qapısını açıb maşına mindi. Qalxıb pəncələrimi üstünə qoydum. Məni itələyib qapını bağladı. Nə olduğunu anlamırdım. Şüşədən ona baxdım.  Qapını cıza-cıza hürməyə başladım. Lakin mənə hay vermədi. Qapını açmağa çalışırdım. İşə düşən mühərrikin səsini eşidib daha da həyəcanlandım. Mən hələ də içəri daxil ola bilməmişdim. Maşın hərəkət etdi. Qapıya söykədiyim pəncələrim sürüşərək yerə düşdü. Gedən maşının arxasınca qaçmağa başladım. Dayanmadan hürürdüm, Rəhimi səsləyirdim. Ancaq məni eşitmirdi. Get-gedə gözdən itən maşının arxasınca var gücümlə qaçırdım. Ancaq nə qədər çalışsam da, ona çata bilmədim. Az sonra belimdə yaranan ağrılar və yorğunluq hissi məni dayanmağa məcbur etdi. Rəhimi məndən götürüb uzaqlara aparan maşın isə artıq görünmürdü...

Sarmaşıqlı darvaza

... Yolun ətrafında dövrə vururdum. Hara gedəcəyimi bilmirdim. Nə etməli idim? Bundan sonra harada yaşamalı? Ətraf yad və boş idi. Sevdiyim heç kim yanımda yox idi. Onları tapa bilmirdim. Mənim evim harada idi?..

Bir neçə gün keçmişdi. Hələ də yolun qırağında fırlanır, Rəhimin qayıdacağını gözləyirdim. Hər uzaqdan gələn maşını görəndə həyəcanlanırdım. Quyruğum durmadan fırlanırdı. Mənə yaxınlaşdıqca hürürdüm. Maşının arxasına düşüb onu təqib edirdim. Bəlkə mənim arxamca gəlmişdilər?..

Bura gələn maşınların əksəriyyəti zibillik tərəfdə dayanırdılar. Düşmədən, maşının pəncərəsindən çıxan əllər ora çoxsaylı torbalar atırdı. Bəzən qutu daşdığına görə atılan torbalar dığırlanaraq yerə düşür və dağılırdı. Buna fikir verməyən maşınlar yollarına davam edir, buradan uzaqlaşırdılar. Gündən-günə böyüyən zibilliyin yanında gəzişən mənə heç kəs fikir vermirdi. İlk gün bu böyük zibil dağına yaxın durmasam da, növbəti günlər mənə güc gələn aclıqdan torbaları eşələməyə başladım. Üfunət qoxusu burnuma dolurdu. Əvvəl məni narahat etsə də, sonradan öyrəşdim. Artıq pis qoxunu hiss etmirdim.

Bəzən torbaların içində yemək qalıqları, atılmış köhnə çörəklər, xırda sümüklər tapırdım. Qarnımı doydurmasa da, aclığımı bir az yatızdırırdı. Hələ də heç hara getmir, mənim arxamca gələcək maşını gözləyirdim...

... Gecələrin birində uzaqdan mənə yaxınlaşan işıq gördüm. Bu saatlarda heç bir maşın bu əraziyə gəlməzdi. Ayağa qalxıb işıq gələn tərəfə zilləndim. Ora-bura yellənən quyruğum sakitləşə bilmirdi. Böyük bir maşın məndən bir az aralıda - zibil dağının yanında dayandı. İçərisindən iki nəfər çıxıb zibilə doğru getdi, atılmış çöpləri təmizləməyə başladı. Bir az aralıda dayanıb onları seyr edirdim. İşlərini bitirdikdən sonra əllərini çırpıb geri - maşına mindilər. Bayaqdan bəri mühərriki sönməyən maşın arxa-arxaya getməyə başladı. Bu zaman qabağa çıxıb düz maşının işığının önündə dayandım. Məni görən bir nəfər pəncərə şüşəsindən boylanıb əli ilə göstərdi:

- Burda it varmış ki.

- Əşi, olsun da. Küçə itidi, – sürücü əlavə etdi.

Maşın məndən uzaqlaşdı...

Sabahı gün bu əraziyə bir neçə adam daha gəldi. Ətrafa baxıb nəyisə uzun-uzun müzakirə etdilər. Sonra divara yazı yapışdırıb getdilər. Gün ərzində bura yaxınlaşan maşınların bəziləri yazını görüb geri qaydırdı. Bəziləri isə fikir verməyib yenə də zibil atmağa davam edirdi. Daha bir neçə gün keçdikdən sonra bura daş hasar çəkməyə başladılar. İşləyən fəhlələr məni qovur, əraziyə yaxın buraxmırdı. Yenidən qayıtdığımı gördükləri zaman yerdən götürdükləri daşları mən tərəfə atırdılar. Sonda uzun çubuqla üzərimə yeriyən ustadan canımı qurtarmaq üçün buradan uzaqlaşdım. Onlar gedənə kimi əraziyə qayıtmadım.

Bir gün daha keçdi. Zibillik olan yerin ətrafı hasarlanmışdı. Buna baxmayaraq bir dəlik tapıb içəri keçə bilmişdim. Zibillik olan yerdə xeyli gəzişdim, lakin yeməyə heç nə tapmadım. Maşınlar da artıq burada dayanmırdı. Aclıq get-gedə məni əldən salırdı. Burada daha qala bilməzdim.

***

Yola çıxdım. Asfaltı iyləməyə başladım. Tanış qoxu axtarırdım. Onun izinə düşüb bəlkə evə qayıda bilərdim. Yarı torpaq, yarı asfalt olan yollarda irəliləyirdim. Bu ensiz yolların hər iki tərəfi iri daş hasarlar idi. Bəzən darvazalardan sallanan yaşıl bitkilər gözümə çarpırdı. Yaxına gedib iylərini burnuma çəkirdim. Lakin tanış sarmaşıq qoxusu gəlmirdi. Ara-sıra hündür hasarlardan görünən evlərin damından quşlar uçurdu. Onların səsi tez-tez ətrafdan eşidilirdi. Hava çox isti idi. İlk dəfə idi ki, belə hərarətlə qarşılaşırdım. Susuzluqdan dilimi çölə çıxarıb ağır-ağır nəfəs alırdım.

Yol bitmək bilmirdi. Ətrafda heç kəs görünmürdü. Hər küncü, darvazanı iyləyə-iyləyə yoluma davam edirdim. Su axtarırdım. Ara-sıra qabağıma yol qırağında eşələnən itlər çıxırdı. Mənə diqqətlə baxır, bəzən mırıldayırdılar. Onları görməzdən gəlib yanlarından düz keçirdim.

Nəhayət, uzun yolun sonuna çatmışdım. Gəldiyim yoldan fərqli olaraq burada hasarlı evlər yox idi. Açıqlıq bir ərazidə dayanmışdım. Səs-küy artmışdı. Dörd tərəfdən şığıyan maşınların səsi qulağımı deşirdi. Hansı tərəfə getməli olduğumu bilmirdim. Bu an uzaqdan gözümə mavi zolaq dəydi. Dəniz idi... Rəhimlə bura gəldiyim zaman onu görmüşdüm. Həyəcanlandım. Dənizə bir-iki dəfə hürdüm. Ona tərəf qaçmaq istəyəndə siqnal səsi eşitdim. Uzaqdan sürətlə üstümə gələn maşın siqnal verirdi. Səsdən qorxub bir addım dala getdim. Maşın yanımdan bir göz qırpımında keçdi. Özündən sonra buraxdığı küləyi tüklərimi tərpətdi. Yenə sakitlik oldu. Bir həmlə daha etmək istəyəndə növbəti maşının üzərimə şığıdığını gördüm. Yenə geri çəkildim. Bir az yolun qırağında dayandıqdan sonra üçüncü həmləni də etmək qərarı aldım. Axı evimə bu qədər yaxınlaşmışdım. Geri dönə bilməzdim. Quyruğumu bulayıb sağa-sola gəzişirdim. Maşınların sayı get-gedə artırdı. Heç biri yolu boşaltmaq istəmirdi.

Məndən bir az aralıda qoca kişi dayanmışdı. Bu kişi ilə bir az əvvəl yolun qırağında qarşılaşmışdıq. Onun yanından sürətlə keçib yol kəsişməsinə çatmışdım. O da asta addımları ilə arxamca gəlirdi:

- Yolu keçə bilmirsən deyəsən...

Kişi gülümsədi. Ona baxdım.

- Lap mənim günümdəsən. Heç mən də keçə bilmirəm. Yaxşı gəl, gəl bir-birimizə kömək edək.

Kişi əlindəki çəliyi qaldırıb yol tərəfə uzatdı. Niyə belə etdiyini anlamadım. Maşınlar kişini görüb onun qabağında dayandılar. Kişi çəliyini aşağı salıb maşınların arasından keçməyə başladı. Bir-iki addım getdikdən sonra mən tərəfə döndü:

- Gəl!

Onun arxasınca özümü maşın yoluna atdım. Yenə kişini qabaqlayıb ünvana birinci çatdım. Yaşlı kişi ayağını yolun bu tərəfinə basdığı anda yenə maşınlar şütüməyə davam etdi. Kişi mənə “sağ ol” deyib öz yolu ilə getdi. Onun arxasınca xeyli baxdıqdan sonra hürdüm. Mən də ona minnətdarlığımı bildirirdim. Üzünü mən tərəfə çevirmədən çəliyini qaldırdı. Mənimlə sağollaşdığını anladım. Sinəsi parıltılı kişiyə xeyli baxdıqdan sonra dəniz tərəfə yollandım.

Qumsallıqla dənizə tərəf irəliləyirdim. İsti qum pəncələrimi yandırırdı. Gün şüaları düz üzümə vururdu. İstini daha çox hiss edirdim. Tüklərim nəmişlikdən bir-birinə yapışmışdı. Susuzluqdan artıq nəfəs ala bilmirdim. Suya yaxınlaşdıqda qum ilıq palçıqla əvəz olunurdu. Pəncələrimi bir-bir qaldırıb çırpırdım. Dalğaların səsi onlara yaxınlaşdıqca daha çox eşidilirdi. Suya yaxınlaşıb ondan bir qurtum almaq istədim, lakin yerində durmayan dalğa məndən uzaqlaşdı. Bir az daha yaxına gedib başımı suya tərəf uzatdım. Yenə məndən uzaqlaşan dalğanın ardınca qabağa qaçdım. Nəhayət, onu tuta bildim. Duzlu su dilimi yandırdı. Başımı yellədim. Bir az durub ondan içə bilərəmmi deyə düşündüm. İkinci cəhdim də uğursuz oldu: sinəmi yandıran dəniz suyu ürəyimi bulandırdı. Lakin suya ehtiyacım olduğu üçün bir-iki dəfə də dilimi suya salıb çıxardım.

Anidən üstümə gələn dalğa gözlərimə doldu. Başımı qaldırmağa macal tapmamışdım ki, iri dalğanın altında qaldım. Özümü itirdim. Geri çəkilmək istəsəm də, ayağım sürüşdü. Dalğa məni də özü ilə bir yerdə sahildən dənizə doğru apardı. Pəncələrimi tərpədərək özümü suyun üstündə saxlamağa çalışırdım. Nəhayət, başımı sudan çıxara bildim. Sahilin necə get-gedə məndən uzaqlaşdığını gördüm. O istiqamətdə üzməyə çalışırdım. Lakin nə qədər hərəkət etsəm də, ağır dalğaların öhdəsindən gələ bilmirdim. Suyun məni apardığı istiqamətə gedirdim. Son anda dəniz tərəfdən gələn iri dalğa məni özünə qatıb sahilə çırpdı. Ağzıma xeyli su getmişdi. Öskürürdüm. Duzlu su bədənimi yandırırdı. Təngnəfəs halda sudan bacardığım qədər uzağa qaçmağa başladım. Suyun mənə çatmayacağına əmin olduğum yerdə dayanıb nəfəsimi dərdim. Tüklərim dərimə yapışmışdı. Arıq bədənimi biruzə verirdi. Çırpındım...

... Hava qaralmağa başlayırdı. Dəniz boyu qumsallıqla irəliləyirdim. İsti get-gedə azalırdı. Gün batdıqca hava qaranlıqlaşırdı. Bəzən dayanıb batan günəşə tamaşa edirdim. Göyün üzərində bir-birini əvəz edən rənglərin ahəngi məni valeh edirdi. Əvvəl günəşin qürubunu heç bu qədər aydın görməmişdim... Kaş ki, “O” da indi mənimlə burada batan günəşi seyr edəydi... Bir xeyli sahillə irəlilədikdən sonra qabağıma daş hasar çıxdı. “Yenə bu hasarlar”, - deyə düşünürdüm. Yol tamamən bağlı idi. Hasarın bitdiyi yeri axtarmağa başladım. Nəticədə yenə yol ayrıcına çıxdım.

Yolu keçmək üçün yenə dayanıb uyğun zaman gözləyirdim. Ancaq maşınlar mənə yol vermirdi. Sehirli çəliyim olsa idi, artıq yolun o biri tərəfində idim deyə düşündüm. Bu zaman məndən bir az aralıda dayanmış iki nəfərə gözüm sataşdı. Yaşlı kişi ilə onun qolundan tutmuş cavan oğlan yolu keçməyə hazırlaşırdı. Kişinin əlindəki çəliyi görəndə sevinib onlara tərəf getdim. Yaxınlaşdığımı görən cavan oğlan kişinin qabağına keçdi. Ağzını büzüb, qaşlarını çatdı. Hisslərim qarışdı. Ayaq saxladım. Oğlanın baxışları məni hürkütdü. Cavan oğlan qışqırdı:

- Rədd ol burdan!

Üzərimə yeriməyə başladı. Üzümü çevirib onlardan uzaqlaşmaq istəyirdim ki, arxadan mənə dəyən təpiyin ağrısından zingildədim. Müvazinətimi saxlaya bilməyib yolun ortasına dığırlandım. Üzbəüz gələn maşının sürücüsü mənim anidən yola yıxılmağımı nəzərə almasa da, son anda maşının istiqamətini dəyişə bildi. Qorxumdan tez ayağa qalxıb qarşı tərəfə qaçmağa başladım. Məni əzməmək üçün istiqamətini dəyişən maşınlar çaxnaşdı. Siqnal səsləri bir-birnə qarışdı. Var gücümlə geriyə baxmadan qaçmağa başladım. Arxamca səslər eşidirdim: “Küçük!”, “Axmaq heyvan!”...

***

... Bağların arası ilə gedirdim. Mavi zolaqdan bacardığım qədər uzaqlaşmağa çalışırdım. Dəniz boyu uzanan daş hasar məni yolumdan ayırmışdı. İndi hara getməli olduğumu bilmirdim. Aclıq məni hər saat daha çox halsızlaşdırırdı. Hava da artıq qaralmışdı. Bağların arasında özümə otluq bir ərazi tapıb orada uzandım. Yorğun idim. Bir müddət sonra yuxusuzluq aclığa qalib gəldi, dərin yuxuya getdim...

... Səhərə yaxın ayılsam da, halsızlıqdan yerimdən qalxa bilmirdim. Bir tərəfdən isti, digər tərəfdən aclıq bədənimi qaldırmağıma mane olurdu. Üzərimə qonan milçəkləri quyruğumla qovurdum. Tüklərimin arasına bit-birə dolmuşdu. Bədənim hey qaşınırdı. Ayaqlarımın yan hissələrində xırda, qara ləkələr əmələ gəlməyə başlamışdı. Nə olduğunu bilmirdim. Lakin canlı idilər. Dərimi içdən yeyirdilər. Nə qədər çalışsam da, onlardan azad ola bilmirdim. Bədənimin ayrı-ayrı hissələrindən, tüklərimin arasından sanki dayanmadan nəsə qaçırdı. Pəncələrimlə qaşınan yerləri təmizləməyə çalışırdım.

Axşama qədər yerimdən tərpənmədim. Taqətsiz uzanmışdım. Bu zaman yaxınlıqda, otların arasından xışıltı eşitdim. Başımı qaldırmadan gözümün ucu ilə səs gələn tərəfə baxdım. Tikanların arasından boz quyruq görünürdü. Ora-bura yellənən, hərəkət edən quyruq sürətlə yerini dəyişirdi. Onu bir az izləyəndən sonra başı otların arasından göründü. Yaşıl gözləri ilə məni süzən, balaca, boz küçüklə baxışlarımız toqquşdu. Sonra başını yenidən aşağı salıb eşələnməyə davam etdi.

Üzümü çevirib gözlərimi yumdum. Az sonra küçük otluqdan çıxıb hansısa istiqamətdə qaçmağa başladı. Marağıma aldanıb yenə ona baxdım. Bir xeyli aralıda yerləşən ağ darvazaya yaxınlaşdı. Darvazanın ağzına qoyulmuş qabdan su içməyə başladı. Bəh-bəhlə xeyli su içdikdən sonra yoluna davam etdi. Suyu gördüyüm anda bədənimə güc gəldi, yerimdən qalxıb qaba doğru qaçmağa başladım. Paslanmış, iri qabın içərisində su, demək olar ki bitmişdi. Yalnız dibində quma qarışmış palçıqlı su qalmışdı. Onu ləzzətlə içdim.

Anidən darvazanın qapısı açıldı. Oradan bir baş çıxıb mənə gözünü zillədi. Qorxub geri çəkildim.

- Deyəsən yanırsan? Can!

Qapı bağlandı. Özümü itirdim. Bir az gözləyib getdiyinə əmin olduqdan sonra yenə qaba yaxınlaşıb dibini yalamağa başladım. Bu zaman qapı yenə açıldı. Cavan bir qız oradan çıxıb mənə doğru gəlməyə başladı. Qorxub tez qabdan uzaqlaşdım. Üzümü çevirib qaça bilərdim. Lakin arxadan yediyim təpikdən sonra ikiayaqlı canlılara arxamı çevirməyə də qorxurdum.

Məndən xeyli aralıda olduğuna əmin olduqdan sonra dayandım. Qız gülümsədi:

- Təzəsən deyəsən. Heç görməmişəm səni buralarda. Bir ayağı da işləmir. Yazıq... Yəqin hansısa vicdansız maşınla vurub...

Su qabına yaxınlaşıb onu doldurdu. Qızı diqqətlə süzürdüm. Əlində tutduğu qabdan süzülən suya baxdıqca boğazım quruyurdu. İstidən çöldə qalmış dilimdən dayanmadan selik axırdı. Tez zamanda suya qovuşmaq istəyirdim. Qızın qapıdan içəri girməyini gözləməyə səbrim çatmırdı. Quyruğum yellənirdi. Bu an gözüm qızın sinəsinə sataşdı. Yenə bu parıltı... Onu bayaqdan necə görməmişdim?

Qız qabı su ilə doldurandan sonra bir az gözlədi. Ona yaxınlaşmadığımı görüb geri - evə girdi. Qapı örtüldükdən sonra qaba yaxınlaşıb soyuq və təmiz suyu içməyə başladım...

***

... Bağların arası ilə gəzirdim. Hər küncü iyləyir, hər darvazanı nəzərdən keçirirdim. Hələ də sarmaşıqlı darvaza qabağıma çıxmamışdı. Buralarda nə qədər süləndiyimi xatırlamırdım. Zaman keçdikcə yaddaşım sanki silinməyə başlayırdı. Həyatımdan ancaq qırıq-qırıq parçalar xatırlayırdım. Yalnız burnuma tanış qoxu gəldiyi zaman bu xatirələr oyanırdı. Bəzən kimi və nəyi axtardığımı da unudurdum. “O”nu gözümün önünə gətirməyə çalışırdım. Ancaq dağınıq silueti qaranlıqla birgə yox olurdu. Qoxusunu hər yerdə axtarırdım. Onu yenidən tapmaq, tanımaq üçün bezmədən, usanmadan hər qapını gəzirdim. Bəlkə bir gün...

Axşama doğru ağ darvazaya çatdım. Bu saatlarda mələk qız həmişə həyətə çıxıb su qabını doldurar, yanına yemək tökərdi. Məni gördüyü zaman iri ət dilimləri, yağlı quyruqlar, sümüklər gətirərdi. Hər gün bu vaxt ağ darvazaların yanına qayıdıb onun qapıdan çıxmağını gözləyirdim.

Adını bilmirdim. Bu səbəbdən ona mələk qız deyirdim. Orta boylarda, bir az da dolu bədənli idi. Ağappaq dərisi pambıq kimi yumşaq idi. Məni sığalladığı zaman hiss etmişdim. Balaca burnu, iri, çəhrayı dodaqları var idi. Uzun, qəhvəyi saçlarını həmişə yuxarıdan yığdığı üçün uzun qaşlarını və iri gözlərini aydın görmək olurdu. Həmişə gülər, mənimlə söhbət edərdi. Dərisindən xoş və təravətli qoxu gələrdi. Mələkləri xatırladırdı. Əslində mən heç mələk görməmişdim. Amma mələk onun kimi deyildisə, bəs necə idi? Bəzən gecikərdi. Belə vaxtlarda onu qapının ağzında dayanıb saatlarla gözləyərdim. Gec də olsa, çıxar, mənə gülümsəyərdi. Onu gördüyüm zaman ürəyim daha tez-tez döyünərdi. Artıq ondan qorxmurdum. Yanına qaçıb ətrafında dövrə vururdum. Bəzən üzərinə atlanıb onu qucaqlayırdım. Onu tapdığım üçün çox xoşbəxt idim. Nə yaxşı ki, bu bağların arasında bir mələk qız yaşayırdı...

Məni gördüyü zaman “Yumaq” deyə səsləyərdi. Mənasını bilməsəm də xoşuma gəlirdi. Sevgi dolu cümlələri, səsi məni valeh edirdi. Par-par yanan parıltılı sinəsi ürəyimi isidirdi.

Bəzən yeməyi və suyu balaca boz küçüklə bölüşərdik. O da mənim kimi qapının bir yanında dayanar, mələk qızı gözləyərdi. İkimizin də onun sevgisinə ehtiyacı vardı. Bəzən onu boz küçüyə qısqanırdım. Qısqandığım zaman mırıldayır, onu yanımdan uzaqlaşdırırdım. Ancaq mələk qız mənə şəhadət barmağını göstərib silkələyərdi. Üz ifadəsindən düz etmədiyimi anlayır, utanırdım.

Beləcə günlərim keçirdi. Mələk qız və sarmaşıqlı darvazanı tapmaq xəyalları...

***

Bir neçə gün idi ki, mələk qızı görmürdüm. Nə qədər gözləsəm də, ağ darvazalar açılmırdı. Əvvəllər geç də olsa oradan çıxar, üzünü bir dəfə də olsun görərdim. İndi isə yox olmuşdu... Yoxsa mələk qız da artıq geri dönməyəcəkdi? Onu bir daha görməyəcəkdim? Narahat idim. Son zamanlarda bağın ətrafında çox sayda itlər peyda olmuşdu. Əvvəllər mələk qızı gözləyən mən və boz küçük idisə, indi itlərin sayı artmışdı. Mələk qız heç birimizə yox demir, hər kəsə yemək və sevgi paylayırdı...

... Zibillikdə eşələnirdim. Neçə gün idi qarnıma heç nə getmirdi. Aclıq yenə dözülməz hala çevrilirdi. Tullantılar arasında özümə yemək axtarırdım. Nə qədər ətrafında dövrə vursam da, bir şey tapmırdım. Bu zaman məndən bir az aralıda gəzişən boz küçüyün nəsə gəmirdiyini gördüm. Marağım mənə güc gəldi. Ona tərəf yaxınlaşdım. Küçük tapdığı iri sümüyün qırağında qalmış ətləri qoparmağa çalışırdı. Burnumu önə verib sümüyü iyləməyə başladım. Bunu görən küçük sümüyü dişlərinə alıb məndən aralanmaq istədi. Pəncəmi onun başına sıxıb yerə yıxdım. Qabağına keçib sümüyü iyləməyə davam etdim. Özünü itirən küçük sakitcə dayanmışdı. Bədəninin əsdiyini hiss etdim. Sümüyün qoxusu və aclıq bu sümüyü ondan almaq fikrini beynimə saldı. Mırıldamağa başladım. Küçük qorxub bayaqdan dişləri arasında saxladığı sümüyü yerə qoydu. Arxa-arxaya gedib məndən aralıda dayandı. Sümüyü yerdən götürüb ondan uzaqlaşdım.

Heç kəsin məni görmədiyi bir yerdə dayanıb sümüyü gəmirməyə başladım. Sümüklərlə bir yerdə qırılıb tökülən dişlərimi mədəmdə hiss edirdim. Az sonra başımın üzərini kölgə örtdü.  Ona tərəf çevriləndə iri bir qara itin başımın üzərində durduğunu gördüm. Sümüyü dişlərimin arasına alıb sakitcə dayandım. İy alan itin bir az ətrafımda gəzişəndən sonra mırıltılarını eşitdim. Sümüyü ona verməyimi tələb edirdi. Məndən iki dəfə böyük olan itə qarşı heç bir şansım olmadığını artıq anlamışdım. Ancaq sümüyü yerə qoymaq istəmirdim. Nə edəcəyimi düşünmək üçün zamana ehtiyacım var idi. Lakin bu an qara it dişləri ilə ayağımdan yapışdı. Ağrıdan zingildədim. Tutub buraxmaq istəmədiyim sümük ağzımdan düşdü. Qara it önə keçərək onu qamarladı.

Məndən uzaqlaşan qara itin arxasınca baxdım. Boz küçüyün mənə gücü çatmadığı kimi, mənim də qara itlə boğuşmağa gücüm yox idi...

Daha bir neçə gün keçdikdən sonra, nəhayət, mələk qız geri döndü. Uzaqdan darvazanın açıldığını eşitdim. Səs gələn tərəfə var gücümlə qaçmağa başladım. Gəldiyim zaman artıq mələk qız gülə-gülə ətrafındakı itləri sığallayırdı. Onların arasından sivişib önə keçdim. Üzərinə hoppanan boz küçüyü əzizləyən mələk qız məni görüb gülümsədi:

- Darıxmışdın mənim üçün, Yumaq? Gəldim, gəldim...

***

Günlər əvvəlki axarına qayıtmışdı. Lakin bu, uzun çəkmədi. Mələk qızın qapısına yığılan itlərin sayı günbəgün artırdı. İlk başlarda yeməyi bərabər bölmək mümkün idisə, indi artıq çətinləşirdi. İtlər çoxaldıqca hər birimizə çatan yeməyin miqdarı azalırdı. Bundan əlavə böyük itlər öz paylarını yedikdən sonra digərlərinə göz dikirdi. Nəticədə, zəiflərin və balacaların mədəsinə heç nə getmir, ac qalırdılar. Bəzən hansısa bir ət dilimini gizlincə götürüb qaça bilirdim. Hərdən isə alınmırdı. Nəticədə digərlərindən qalan qalıqları çeynəyir, bəzənsə heç nəsiz qalırdım.

... İsti günlərdən biri idi. Kölgəlik yerdə xeyli uzandıqdan sonra ağ darvazaya yaxınlaşıb bir az su içdim. Qızmar günəş belimi yandırırdı. Tüklərim tökülməyə başlamışdı. Çəhrayı dərim bədənimin ayrı-ayrı hissələrindən görünürdü. Onsuz artıq əvvəlki kimi qalın, ağ, parlaq tüklərim yox idi. Çirkdən və tozdan rəngini dəyişmişdi.

Ətrafda gəzinməyə başladım. Həyətdən bir xeyli uzaqlaşmışdım. Torpaqda tanış qoxu sezmişdim. Onun arxasına düşüb irəliləyirdim. Sonda qoxunun gəldiyi istiqaməti tapdım. Nəyin qoxusu olduğunu hələ də anlamamışdım. Qoxu gələn tərəfi qarğalar örtmüşdü. Başları nəyəsə qarışmışdı. Məni görəndə bəziləri uçub getdi. Onlar tərəfə getməyə başladım. Az sonra hamısı qanadlarını açıb uzaqlaşdı. Gözümə qaraltı sataşdı. Hərəkət etmirdi. Ona tərəf getdim. Boz küçüyün cansız bədəni qarğaların dimdiyindən dəlik-deşik olmuşdu. Ona diqqətlə baxdım. Bir-iki dəfə onu çağırıb başımla qarnından itələdim. Ancaq yenə də hərəkət etmədi.

Görünür aclığa dayana bilməmişdi. Bir daha onu başımla itələyib ayılmayacağına əmin olduqdan sonra geri qayıtdım. Oradan uzaqlaşan kimi qarğalar yenə onun ətrafına toplandılar.

Ağ darvazanın yanına çatdığım zaman yenə burada toplanmış iri itləri gördüm. Hər gün daha çox artan itlərin əlindən ağ darvazanın yaxınlığına belə, getmək olmurdu. Az sonra mələk qızın başı qapıda göründü. Onu görən itlər hürə-hürə qapının ağzına doğru yaxınlaşdılar. Eyni zamanda qonşu bağdan çıxan kişi itlərin üstünə qışqırmağa başladı. İlk başda heç kəs ona fikir verməsə də, əlində çomaqla onların üstünə gəldiyini gördükdə hərəsi bir tərəfə qaçışdı:

- Cəhənnəm olun! Bunların əlindən həyətə çıxmaq olmur. Yığılıblar sürü kimi.

Mələk qız acıqlandı:

- Nə işiniz var onlarla?! Sizə nə edirlər ki?!

- Necə yəni nə edirlər? İtdi e bunlar. Küçə itləri! Bəlkə aralarından biri quduzdu? Sabah burada oynayan nəvəmi dişləsə, nə olacaq?!

Mələk susdu. Qaşqabağını salladı. Kişi sözünə davam etdi:

- Yemək verirsən, ona görə sayları artır! Əvvəl yenə cəhənnəm, bir-iki it idi balaca. İndi nə qədər avara it var hamısı burdadı. Kəs yeməyi, yoxsa zəng vuracam, hamısını gəlib aparsınlar.

- Yaxşı, yaxşı! Heç hara zəng vurmayın.

Mələk qızın üzü tutuldu. Əlində saxladığı torbanı açıb yeməyi küçəyə səpələdi...

*** 

Qaranlıq idi. Havada yenə tanış qoxular vardı. Yarpaqlarını tökən ağacların arabir yağan yağış damcılarından islanıb ətrafa dağıtdığı qoxu burnuma gəlirdi. İlk dəfə Tofiqin məni əllərinə alıb anamın sinəsinə qoyduğu gecə ağlımdan ildırım sürəti ilə keçdi. Havada belə bir qoxu var idi. Tanış qoxu... Ürəyimin necə parçalandığını hiss etdim. Başımı qaldırıb səmaya baxmağa başladım. Ulduzlar bu gecə par-par yanırdı. Bəziləri daha iri və parlaq idi. Sanki mənə göz vururdular. Anidən bir parlaq ulduzun yanıb-sönən işığı fikrimi özünə çəkdi. Hərəkət edirdi. Başqa ulduzların yanından ötərək aşağıya doğru düşürdü. Az sonra gözdən itdi.

Ulduza bir-iki dəfə hürdüm. Onu səsləyirdim. Ancaq geri dönmədi. Sevdiklərim də belə idi. Nə qədər səsləsəm də, heç biri mənə geri dönməmişdi. Yenə ağlıma “O” gəldi. Onunla keçirdiyim hüzurlu, sevgi dolu zamanlar ağlıma muncuq kimi düzüldü. Onun qoxusunu axtarmağa başladım. Hüzüntünü içimdən çıxara bilmirdim, buna görə də başımı qaldırıb ulamağa başladım. Səsim ətrafı bürüdü. Darıxmağımı başqa cür ifadə edə bilmirdim. Üzümü səmaya, ulduzlara tutub bərkdən ağlayırdım. Az sonra bütün küçələrdən tənha itlərin ağlamaq səsi bir-birinə qarışdı...

Gecə yarısı idi. Ağ darvazanın ətrafında uzanmışdıq. Küçə sakit və qaranlıq idi. Heç bir evdə işıq yanmırdı. Gecəyə doğru əsməyə başlayan sərin meh tüklərim arasından keçərək dərimi sığallayırdı. Uzun zamandır davam edən dözülməz istilərdən sonra, nəhayət, hava sərinləşmişdi. Artıq günəş dərimin çılpaq qalmış hissələrini yandırmırdı.

... Məndən bir az aralıda yuxuya getmiş iri, qara it gözlərini açdı. Bir-iki dəfə gərnəşdikdən sonra gözlərini mənə zillədi. Əvvəlcə fikir verməsəm də, az sonra mənə baxan ac baxışlarından narahat oldum. Üzünü görməmək üçün ayağa qalxıb ona əks istiqamətdə uzandım. Sürünə-sürünə arxadan yanıma yaxınlaşmağa başladı. Səsini eşitsəm də, başımı qaldırmırdım. Lap yaxınıma gəlib quyruğumla oynamağa başladı. İri pəncələri ilə onu sığallayır, mırıldayırdı.

Quyruğumu qaldırıb onun pəncələrindən azad etdim. Qara it ayağa qalxdı. Ətrafımda dövrə vurmağa başladı. Bir-iki dəfə sinəsini qabağa verib atlandı. Bərkdən hürdü. Başımı hələ də qaldırmırdım. Gözlərimi yumub onu görməzdən gəlirdim. Qara it arxama keçib quyruğumun ətrafını iyləməyə başladı. Nəhayət, dözməyib ayağa qalxdım. Ondan uzaqlaşmaq istəyəndə qabaq pəncələrini qaldırıb belimə söykədi. Özünü buranın ağası hesab edən bu erkəyə yox demək olmazdı. Ani bir hərəkətlə arxadan bədənimə yapışdı. Zingildədim. Artıq ondan azad olmaq gec idi. Nə qədər çalışsam da, mümkün olmadı.

Az sonra işini bitirib aralandı. Əvvəlki yerinə qayıdıb uzandı və məni unutdu. Bir daha məni narahat etməsin deyə mən də qalxıb bayaqdan uzandığım yerdən və digər itlərdən xeyli aralandım. Qaranlıq küçə ilə bir az getdikdən sonra yolun qırağında duran iri bir maşının altına girdim...

... Qulağıma maşın səsi gəldi. Tez başımı qaldırdım. Hələ səhər açılmamışdı. Alatoran idi. Maşın yavaş sürətlə ağ darvazaya yaxın bir ərazidə dayandı. İçərisindən düşən üç kişinin üzünü görə bilmirdim. Örtmüşdülər. Əvvəlcə onların yemək gətirdiyini düşünüb o tərəfə  getmək istədim, lakin əllərində salladıqları ipləri gördükdən sonra ayaq saxladım. Mən bu ipləri çox yaxşı tanıyırdım. Bütün itlər ayaqlandı. Bu yad insanların kim olduğunu heç kəs bilmirdi. Qara it önə çıxıb kişilərə dişlərini göstərməyə başladı.

Bir-birilərinə baxıb başlarını yellədilər. Onlardan biri maşının arxasını açdı. Ətrafa yayılan yemək qoxusu mənə kimi gəlib çatdı. Nə qədər ac olsam da qorxu məni üstələdi - yeməyə doğru getmədim. Bütün itlər maşının ətrafında dövrə vururdular. Hamını yeməyin qoxusu cəlb etsə də, heç kəs ürək edib maşına tərəf getmirdi. Sonda itlərdən biri özünü qabağa verib oraya cumdu. Onun ardınca digər itlər də maşına doluşmağa başladı. Qara it xeyli qıraqda dayansa da, son anda maşına atladı. Başqa itləri itələyib yeməyə cumdu. Anidən qapını bağlamağa hazırlaşan balacaboy kişi bərk zərbədən yerə yıxıldı. Qara it ağzında iri tikə maşının arxasından atlanıb qaçmağa başladı. Onun ardınca boğazına atılan iplərə ilişərək yerə yıxıldı. İri tikəsi ağzından yerə düşdü. Güclü və sağlam iti ipdə saxlamaq çox çətin olacaqdı. Ora-bura dartınır, ipi boğazından atırdı. Onu saxlamağa çalışan iki nəfərin köməyinə üçüncü də gəldi. Qara it bərk hürür, hamısına dişini göstərirdi. İpləri dartır, cırmaqlayırdı. Qabağa qaçmağa çalışsa da, iplərdən bərk yapışmış kişilər onu buraxmırdılar. Sonda qara it onun boynundan yapışmaq istəyənlərdən birinin üstünə cumdu. Onu yerə yıxıb boğazından yapışmışdı. Kişinin qışqırıq səsi aləmi götürdü. Bəzi darvazaların qapıları yüngülcə aralanmağa başlamışdı. Bu zaman maşına qaçan balacaboy kişi oradan tüfəng çıxarıb qara itə dirədi. Eynilə Rəhimin mənə dirədiyi kimi...

Səs eşidildi. Dik atıldım. Qara it hərəkətsiz uzanmışdı. Çənəsi dağılmışdı. Ətraf get-gedə qana bulanırdı. Yerə yıxılan kişini qaldırdılar. Boğazını tuta-tuta maşına doğru qaçdı. Digərləri qara iti sürüyüb maşına atdılar. Həyətdən uzaqlaşdılar. Aralanmış qapılar təzədən örtüldü.

Ürəyim bərk döyünür, bədənim tir-tir əsirdi. Gözlərim hədəqəsindən çıxırdı. Ağır-ağır nəfəs alırdım. Səhərə qədər maşının altından çıxmadım. Gördüyüm səhnə, qara it, qan... Ağlım dumanlanmışdı. Axı nəyə görə...?

Səhər maşının altından çıxıb ağ darvazaya tərəf getməyə başladım. Gecədən torpağa tökülmüş qan artıq qurumuşdu. Yolun düz ortasında iri ət tikəsi dururdu. Ona yaxınlaşdım. İyləməyə başladım., qırağından yaladım. Ağzıma qum getdi - hər tərəfi batmışdı. Onu dişlərimin arasına alıb çırpdım. Qumu bir az təmizlənəndən sonra yeməyə başladım...

***

Döşlərimdə ağrılar günbəgün artırdı. Məmələrim qabarıb çölə doğru çıxırdı. Günbəgün böyüyən qarnımı daşımaq çətinləşirdi. Əvvəlkindən daha çox acır, bədənim daha çox su tələb edirdi. Qabırğalarım içimdə böyüyən balaların təpiklərindən az qala qırılırdı.

Həyətdə məndən başqa it qalmamışdı. Get-gedə havalar soyuduqca insanlar da bağları boşaldırdı. Küçə bomboş idi. Mələk qız da artıq yox idi, gəlmirdi. Ən son onu gördüyüm zaman mənim üçün qaynatdığı iri ət parçalarını qaba qoyub qapının ağzına yerləşdirmişdi. “Bir neçə gün səni idarə edər”, - deyib içəri girmişdi. Ondan sonra onu daha görmədim.

Yenə günlərlə qapının ağzında dayanıb gələcəyini gözləyirdim. Arada onu səsləsəm də, cavab ala bilmirdim. Yenə sevdiyim bir insan məndən çox uzaqlara getmişdi. Yenə tək idim...

Havalar artıq soyumuşdu. Ağacların üzərində bir yarpaq belə, yox idi. Daha yaşıl otlar arasında qaçan böcəklər, səmada süzən quşlar görünmürdü. İnsanlarla birgə sanki təbiət də getmişdi. Boş küçələr ürəyimi qızdırmırdı.

Evimi axtarmağa davam edirdim. Harada idi? Onu tapa bilmirdim. Həyətləri, küçələri gəzir öz yerimi tapmağa çalışırdım. Bəzən qapısı aralı qalmış darvazalardan içəri boylanırdım. Həyətdə gəzişən sağlam, iri itlərə baxırdım. Səliqə ilə daranmış par-par yanan tüklərə, düzgün qidadan sağlam qalan bədənə, işləyən ayaqlara... Nə zamansa mən də belə idim axı...

***

Dənizlə üzbəüz dayanmışdım. Dar küçələr yenə məni mavi zolağın yanına çıxarmışdı. Hava tutqun idi. Göyün üzünü örtən buludlar eyni istiqamətdə hərəkət edirdi. Bəzən onların arasından sivişib çıxan günəş şüası tez zamanda yenidən itirdi.

Dənizboyu sahilə atılan tullantılara baxırdım. Bir-bir hamısına yaxınlaşır, özümə nəsə axtarırdım. Gözümə sataşan iri şüşəyə yaxınlaşdım. Şüşədən gələn qoxu başımı hərlətdi. Aralandım. Sahildən bir az kənarda yerləşən tikilidən dadlı qoxular gəlirdi. Çıxan tüstünün iyinə getməyə başladım. Xudmani kafenin ətrafında iki maşın dayanmışdı. Onların yanından keçib kafeyə yaxınlaşdım. Qapı açıq idi. Həyətdə heç kəs yox idi. İçəridən səslər gəlirdi. Səs gələn tərəfə diqqətlə baxdım. Enlikürək, hündür bir kişi masanın üstünə düzdüyü ətləri baltalayırdı. Çiy ətin qoxusu hər yerə yayılmışdı. Qapının ağzından aralanıb kafenin arxasına tərəf getdim. Tüstünün haradan gəldiyini tapmaq istəyirdim. Bu zaman qabağımı kəsən bir qadın əlindəki süpürgə ilə üzümə vurmağa başladı:

- Rədd ol burdan! Get!

Tozlu süpürgənin ucları gözümə girib məni incitdi. Tez üzümü çevirib qadından uzaqlaşdım. Evin önünə tərəf qayıdanda içəridə səs-küy qopmuşdu. Bir kişi bərkdən bağırırdı:

- Əti indicə bura qoydum, əlimlə!

Arxasını eşidə bilmədim. Səslər bir-birinə qarışmışdı. Arada qırıq-qırıq “Səsini eşidirəm, buralardadı!”, “Qoymayın qaçsın!” cümlələri eşidirdim. Qapıya yaxınlaşdım. Anidən qapıdan sivişib çıxan pişik məni qorxutdu. Ağzında tutduğu iri, çiy ət dilimlərindən balaca parça yerə düşdü. Pişik gözdən itdi. Onun arxasınca baxdım. Çiy ət parçasına yaxınlaşıb onu iyləməyə başladım. Bu zaman qapı taybatay açıldı. Əlində balta, qapının ağzında dayanan kişi mənə qəzəblə baxırdı:

- Deməli sənsən?! İndi sənə göstərəcəm!

Qışqıra-qışqıra üstümə yeridi. Qaçmağa başladım. Dalımca düşən kişi sürətlə mənə yaxınlaşırdı. İşləməyən ayaq və zəif bədən mənim daha sürətlə qaçmağıma mane olurdu. Sahil boyu geri - gəldiyim yerə doğru qaçırdım. Hardan gəlmişdim ki? Ondan xilas olmaq üçün harada gizlənə bilərdim? Evim yox idi...

Bu zaman qarnımda bərk ağrı hiss etdim. İri daş mənə dəyərək qırağa yuvarlandı. Müvazinətimi itirdiyim üçün yıxıldım. Qarnımdan qopan ağrı məni ləngitdi. Özümə gəlib ayağa qalxırdım ki, arxamca gələn kişi iri baltanı zərblə başıma endirdi. Son anda zərbədən xilas ola bilsəm də, balta məndən yan keçmədi. Qulağımdan fışqıran qandan başım gicəlləndi. Bərk uğultu hiss edirdim. Hər şey başıma fırlanırdı. Bir qulağımı hiss etmirdim...

Qaçmağa davam edirdim. Hara və niyə qaçdığımı bilmirdim. Hissiyatım sanki itmişdi. Sadəcə burdan bacardığım qədər uzağa qaçmalı olduğumu bilirdim. Kişi artıq məni təqib etmirdi.

Sahildən aralanıb özümü maşın yoluna atdım. Boş yolu sürətlə keçib bağların arasına girdim. Qulağımın qanı axmağa davam edirdi. Mənim ardımca yol boyu gah asfalta, gah torpağa süzülürdü. Bədənim get-getə daha çox zəifləyirdi. Sonda tamam taqətdən düşüb dayandım. Yolun qırağında yerə yıxıldım. Qarnıma dəyən zərbə məni daha çox üzmüşdü. Zərbənin yerini yalamağa başladım. Bayaqdan bəri içəridə hiss etmədiyim təpikləri duydum. Hər şey yaxşı idi...

Gözlərimi yummuşdum. Hava artıq qaralmışdı. Səmanı örtən buludlar bir-biri ilə toqquşaraq göyləri guruldadırdı. Yağış damcıları bədənimin ayrı-ayrı hissələrinə toxunurdu. Ağır-ağır nəfəs alırdım. Qulağımdan çıxan ağrı və uğultu hələ də kəsməmişdi. Bir tərəfimi hiss etmirdim.

Yağış artmışdı. Bağların birindən qadın və balaca oğlan çıxdı. İsti paltarlarına bürünmüşdülər. Qadın əlindəki torbaları yaxınlıqda yerləşən zibilliyə atdı. Ana əlində qalmış son torbanı oğluna uzatdı. O da sevinə-sevinə zibil qutusuna yaxınlaşıb var gücü ilə torbanı onun içinə tulladı. Bu zaman yerdə uzanan məni gördü.

- Ana, ay ana! Burda it var!

- Oğlum, yaxın getmə! Birdən quduz olar.

- Ana, həyətə salaq da, nolar? Yağışda tək üşüyür.

- Yox, yox! Bura gəl, tez. Onlar üşümür, sən narahat olma.

Uşaq bir xeyli mənə baxdıqdan sonra anasının yanına qaçdı. İçəri girdilər. Az sonra yenə qapı səsi eşidildi. Uşaq qaça-qaça yanıma gəldi. Uzaqdan anasının “Çox yaxına getmə” deyən səsi eşidildi. Məndən bir az aralıda dayandı. Başımı qaldıra bilmədiyim üçün gözümün ucu ilə ona baxdım. Əlində saxladığı kolbasa dilimini mən tərəfə atdı. Dilim başımı söykədiyim yerdən bir az aralıya düşdü. Sonra geri - evinə qaçdı və gözdən itdi.

Bu gördüyüm oğlan sinəsində parıltı olan son insan idi. Onun ardınca baxdım...

Başımı kolbasa diliminə doğru uzatmağa çalışdım. Ancaq zəif olduğumdan yerimdən qalxa bilmirdim. Son gücümü toplayıb bir cəhd daha etdim. Artıq burnumun ucu düz kolbasa diliminə toxunurdu. Tərpənmədən, bu vəziyyətdə qalmışdım. İkinci cəhdi edib onu götürməyə artıq gücüm yox idi...

Yağış kəsmək bilmirdi... Gözümü açdım. İslanmış sarmaşıqları külək sağa-sola yellədirdi. Dəmir darvazanın qapısı bir az aralı idi. İçəridən ətrafa səpilən işıq get-gedə artırdı. Tanış səs məni çağırırdı. O səsə doğru qaçmağa başladım. Gülümsəyən nürani kişi kobud əllərini mənə doğru uzatmışdı. Nəhayət “O”, mənim səsimə cavab vermişdi. İndi yenə onunla bir yerdə, sevgi və hüzur dolu yaşayacaqdım. Mənə baxıb “Bundan sonra evindəsən” deyirdi. Artıq heç vaxt ayrılmayacaqdıq. Bundan sonra hər şey yaxşı olacaqdı...

Yağış axan qanı yollardan silirdi. Son izlərim də yağışla birgə dünyadan axıb gedirdi...

Nə idi bu onların sinəsində yanan işıq, parıltı? Niyə onlar digərlərindən seçilirdilər?..

Hekayənin müəllifi Aysel Şıxlinskaya,

AYNA üçün

Müəllif: Ayna.az