Səfirlik: “İran və Azərbaycan xalqlarının dostluğu əbədidir və...”
İranın Azərbaycandakı səfirliyi açıqlama yayıb. AYNA-nın xəbərinə görə, İranın Azərbaycan Ordusunun məlumatlarını Ermənistana ötürməsi, bu ölkəyə silah və yanacaq verməsi barədə informasiyaları səfirlik təkzib edib.
“İslam İnqilabının Ali Rəhbərinin və İslam Respublikasının yüksək vəzifəli rəsmilərinin Azərbaycan Respublikasının mövqelərini açıq şəkildə dəstəkləmələri və işğalı qınamaları ilə bağlı açıq mövqeləri hamıya aydındır və bu mövqe dəfələrlə Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri tərəfindən müsbət qiymətləndirilib. Azərbaycan Respublikasının müdrik xalqı da son müharibə zamanı İran və Ermənistanın quru və hava sərhədlərinin bağlanması xəbərindən məlumatlı idi. Bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də bəyan olunub”, - deyə açıqlamada bildirilib.
Qeyd edilib ki, İran Dağlıq Qarabağ müharibəsinin həssas dövründə Azərbaycan Respublikasına siyasi və hərbi dəstək verib: “İki millətin tarixi, mədəni və dini ortaqlıqlarını nəzərə alaraq, İran və Azərbaycan xalqlarının dostluğu əbədidir və heç bir qüvvə bu cür hərəkətləri ilə ona xələl gətirə bilməz”.