İranın Azərbaycana qarşı qəzəbini püskürməsi üçün bəhanə

Siyasət

19.12.2020 - 17:04

Politoloq: “İndi Tehran Bakı-Ankara birliyinə qarşı mövqeyini daha açıq-aşkar nümayiş etdirməyə başlayacaq”

 

“İranın Yaxın Şərq və İslam dünyasının digər coğrafiyalarında “İslam inqilabını başqa ölkələrdə də doğurmaq” uğrunda apardığı ekspansionist siyasət və hibrid müharibələr təkcə dünya gücləri ilə deyil, tez-tez region ölkələri ilə də arasında diplomatik gərginliklərin yaşanmasına səbəb olur. İlk dövrlərdə “şiə hilalı” qurmaq uğrunda apardığı mübarizədə müəyyən qədər uğurlar əldə edən İrana qarşı həmin “hilal”ın bir parçası hesab etdiyi İraq, Suriya və Livan kimi ölkələrdə də əhali arasında narazılıqlar artmaqdadır. Qədim imperiyaların bərpası xülyası ilə xarici siyasət yürüdən İranın teokratik siyasi sistemi Yaxın Şərqdə bu yolda din, daha dəqiq desək, şiə amilindən məharətlə istifadə etsə də, Qafqaz regionunda öz siyasi ambisiyalarını həyata keçirmək üçün din faktorunu tətbiq etməkdə uğursuz olub”.

 

Bunu AYNA-ya açıqlamasında İran üzrə ekspert Mirəli Ağayev deyib. Bildirib ki, Qafqaz ölkələrini “tarixi əraziləri” hesab etmək və bu bölgəni öz tərkibinə qatmağa çalışmaqla müşayiət olunan İranın din faktoru ilə pərdələnmiş imperialist siyasəti, Ermənistanın işğalçılıq siyasəti nəticəsində düşmən münasibətlərə malik olan Azərbaycan Respublikası və Ermənistanla münasibətlərdə dalana dirənib: “Buna görə də, zaman-zaman iranlı tədqiqatçıların özlərinin də etiraf etdiyi kimi, rəsmi Tehran Bakı və İrəvanla münasibətdə dini deyil, praqmatik siyasət yürütməyə üstünlük verib. Bu istiqamətdə İran ötən illər ərzində Azərbaycan cəmiyyətində öz təsir imkanlarını yaymaq üçün daha çox “din və şiə qardaşlığı” prizmasından çıxış etsə də, Ermənistanda bu yolda iqtisadi imtiyazlar və köməklərlə faydalanıb. Bundan əlavə, İran cəmiyyətinin əksəriyyətini azərbaycanlılar, türkmənlər, qaşqaylar və digər bu kimi türk xalqlarının təşkil etməsi, rəsmi Bakının İranla münasibətlərini yalnız mehriban qonşuluq siyasəti çərçivəsində məhdudlaşdırması, əvəzində Türkiyə və İsraillə strateji tərəfdaşlıq etməsi, Rusiya faktoru və digər bu kimi amillər Tehranın Qafqaz siyasətində zaman-zaman ambisiyalarını həyata keçirmək uğrunda uğursuzluğa düçar olmasının digər amillərindən hesab edilə bilər”.

No description available.

“Etnik məsələlər əsas etibarilə, İranın Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunun işğal edilməsi ilə nəticələnən 1-ci Qarabağ müharibəsində də Ermənistana dəstək göstərməsi üçün əsas bəhanə olmuşdu. Bu həqiqəti 2019-cu ilin avqust ayında İran Parlamentinin sabiq deputatı və ölkənin əsas siyasi simalarından sayılan Əli Mütəhhərinin də etiraf etməsi ölkə daxilində bəzi dairələr arasında qalmaqalla müşayiət olunmuşdu. Azərbaycanın müstəqillik əldə etməsindən sonra iki ölkə arasında hər kəsə məlum olan ara-sıra yaşanan diplomatik gərginliklər fonunda, 2016-cı ildə baş vermiş Aprel döyüşlərindən sonra Azərbaycanın hərbi qüdrəti, xüsusilə İsrail istehsalı olan hərbi texnikalardan praktik olaraq istifadə etməsi İranı daha da qıcıqlandırmağa başlayıb. Qüdrətli və Qarabağı azad etməyə qadir olan Azərbaycanın İran azərbaycanlılarının müstəqillik meyllərini daha da alovlandıracağı qorxusu daim İranın hakimiyyət orqanlarını Qarabağda status-kvonun davam etməsinə yönələn siyasət yürütməyə sövq edib. Hətta, hər zaman olduğundan daha da kəskin olaraq, 2017-ci ilin dekabr ayında İranın informasiya resurslarında anti-Azərbaycan və Azərbaycan- İsrail istiqamətli silsilə yazılar dərc edilmiş, bu hal Həsən Ruhaninin “ümid və tədbir hökuməti”nə bağlı “Şərq” qəzetinin Dağlıq Qarabağda qurulmuş xunta rejiminin “xarici işlər naziri”ndən müsahibə alması, burada İranın həmin rejimin müstəqilliyini tanıma ehtimalından bəhs etməsi ilə kulminasiya nöqtəsinə çatmış və iki ölkə arasında diplomatik gərginliyə səbəb olmuşdu”, - deyə ekspert vurğulayıb.

 

Ağayev əlavə edib ki, Vətən müharibəsinin başladığı ilk günlərdən İranın Rusiyadan göndərilən silah-sursatı tranzit olaraq Ermənistana ötürməsi, ilkin olaraq neytral mövqe sərgiləməsi ölkənin hakim dairələri içərisində bu döyüşlərin də digərləri kimi qısa müddət davam edəcəyinə olan ümidindən qaynaqlanırdı: “Lakin Azərbaycanın ard-arda torpaqlarını işğaldan azad etməsi Tehranı çıxılmaz vəziyyətlə üz-üzə qoymuşdu. Yuxarıda sadalanan tarixi iddialar səbəbindən birbaşa Ermənistan əleyhinə və Azərbaycanın haqq mövqeyini dəstəkləməyə istiqamətlənmiş mövqe sərgiləməkdən çəkinən İran, bu səbəbdən təkcə Azərbaycan müsəlmanlarının deyil, eləcə də digər müsəlman ölkələrinin içərisində də qınanmağa başlamışdı. Daim dildə “müsəlman və şiə qardaşlığı” siyasətindən çıxış edən İranın İslam dünyasında mövqeyini itirməyə səbəb olan sükutu, sonda Ali dini lider Əli Xameneyinin gec də olsa, Azərbaycana dəstək çıxışı verməsi ilə pozulmuşdu”.

 

“Müharibə dövründə Türkiyənin Azərbaycana açıq-aşkar dəstəyi, habelə Ordumuzun İsrail istehsalı olan silahlar da daxil olmaqla, modern hərbi ləvazimatlar tətbiq edərək Ermənistanın arsenalında olan bahalı Rusiya istehsalı hərbi texnikaları asanlıqla sıradan çıxarması İran tərəfindən dərin narahatlıqla qarşılanır, bu narahatlıq ölkə mediasında silsilə  Azərbaycan və Türkiyə əleyhinə yazıların yayımlanması ilə daha da qabardılırdı. Əlbəttə, bunun səbəblərindən biri İranın da əsas silah arsenalını Rusiya istehsalı olan hərbi texnikaların tutması, digəri isə döyüşlərin başlamasının ilk günündən etibarən İran azərbaycanlılarının Azərbaycana dəstək verməsi, bu istiqamətdə keçirilən çoxsaylı aksiyalar və Qarabağın azadlığının Güney Azərbaycanın müstəqillik ideyalarına birbaşa təsirindən qaynaqlanırdı”, - həmsöhbətimiz əlavə edib.

 

Politoloq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında səsləndirdiyi şeiri də yada salıb: “Ərdoğanın Azərbaycanın Çar Rusiyası və Qacar hökuməti tərəfindən iki yerə parçalanmasının verdiyi ayrılığın əzabını özündə ehtiva edən məşhur “Arazı ayırdılar” şerini oxuması, əslində, İranın müharibə dövründə yığılıb qalan, lakin heç bir halda ifadə etməyə imkanı olmadığı qəzəbin püskürməsi üçün bəhanəyə çevrildi. Dağlıq Qarabağ münaqişəsini həll edən, torpaqlarını azad edən Azərbaycanın qüdrəti, regionda yeni gücün əyani olaraq isbatlanması və bunun Güney Azərbaycanın müstəqillik ideyalarına təsiri qlobal miqyasda da müzakirə edilən məsələlərdən biridir. Xüsusilə, bu şeirin Ərdoğanın dilindən səsləndirilməsindən sonra Güney azərbaycanlıların “Arazı ayırdılar” şeiri ətrafında trend başladaraq, kütləvi videolar çəkib bunu sosial şəbəkələrdə yayması Azərbaycanın zəfərinin Güney Azərbaycanda hansı təsirlərə malik olduğuna və İranın hakimiyyətinə işarədir. Bu şeirin səsləndirilməsindən sonra iranlı rəsmilər bəzi siyasi tribunalardan ölkə hakimiyyətinin son döyüşlər zamanı Ermənistana açıq-aşkar dəstək verməməsini “strateji səhv” adlandıraraq, aidiyyəti orqanları bu “səhvi” düzəltməyə çağırıblar. Son günlər artıq bu hal əməli olaraq özünü göstərməkdədir. Bir neçə gün ərzində İran azərbaycanlılarının yaydığı video və fotolarda yenidən Rusiyanın göndərdiyi “Kamaz” markalı silah-sursatla dolu hərbi yük maşınlarının Ənzəli limanından Ermənistana təhvil verilmək üçün Nurduz gömrük buraxılış məntəqəsi istiqamətində daşındığı müşahidə edilir”.

 

“Yekun olaraq demək olar ki, sözügedən şeirin səsləndirilməsi mövcud reallıqda heç bir dəyişikliyə səbəb olmayacaq. İran, sadəcə olaraq, regionda Azərbaycan və Türkiyə birliyinə qarşı əvvəllər olduğu kimi, yenə də Ermənistan-Rusiya tərəfinin yanında yer almasını keçmişdən fərqli olaraq, indi daha açıq-aşkar nümayiş etdirməyə başlayacaq. Bu isə bir çox baxımdan milli təfəkkür və vətəndaşların din amili səbəbindən aldadılaraq digər ölkələrin təsir dairələrinə düşməsinin qarşısını alan, İranın özü tərəfindən bilərəkdən və ya bilməyərəkdən atılan addım kimi düşünülə bilər”, - deyə M.Ağayev fikirini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib