Pakistanda keçirilən görüşdə ABŞ isə uranın zənginləşdirilməsinə 20 illik moratorium təklif edib
İslamabadda ABŞ ilə danışıqlar zamanı İran uranın zənginləşdirilməsini beş ilə qədər dayandırmağı təklif edib. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti İran və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Tehran fevral ayında Cenevrədə keçirilən danışıqlarda oxşar təkliflə çıxış edib və bundan sonra ABŞ Prezidenti Donald Tramp İrana qarşı əməliyyat başlatmaq qərarına gəlib. Pakistanda keçirilən görüşdə ABŞ uranın zənginləşdirilməsinə 20 illik moratorium təklif edib.
Nəşrin məlumatına görə, nüvə proqramının dayandırılması müddətinin müzakirəsi tərəflərin razılığa gəlmək şansının olduğunu göstərir. Ağ Ev rəsmiləri bildiriblər ki, hələlik konkret razılaşmalar əldə olunmasa da, danışıqların yeni mərhələsi müzakirə olunur.
“Axios” əvvəllər xəbər verib ki, Tehran danışıqlar zamanı uranın zənginləşdirilməsinin ən azı 10 il müddətinə dondurulmasını tələb edən bir təşəbbüs irəli sürüb.