İranın erməni sevgisi din, dil və rejim fərqlərinin fövqündədir – Dünəndən bu günə

Tarix

09.10.2021 - 21:32

Tehranda hakimiyyət başına kimlərin gəlməsindən asılı olaraq, Azərbaycana daim qısqanclıq, Ermənistana dəstək nümayiş olunub

İran Qərb tərəfindən blokadaya salınmış və bu şəraitdə yaşayan ölkədir. Bu, azmış kimi qonşuları ilə də münasibətləri yaxşı deyil. Lakin bütün siyasi təzyiqlərə baxmayaraq, Azərbaycan hər zaman İrana qarşı səmimi və dostyana münasibət göstərib. Xarici dövlətlərin Azərbaycan üzərindən İrana hərbi yol açmasına da icazə verməyib.

Vətəndaşlarımızı düşündürən haqlı suallar var: Biz də müsəlman ölkəsi olduğumuz halda, niyə İran Ermənistanla dostluq edir? Niyə Xocalı soyqırımının üzərindən keçib, Ermənistana qucaq açırlar? Niyə Cənubi Azərbaycanda otuz milyondan çox soydaşımız ana dilində təhsil ala bilmir, amma bir ovuc erməninin öz dilində məktəbi, dərgiləri və s. var?

Bugünkü siyasi prosseslərin, gərginliklərin bu günün problemi olduğunu səthi düşünən və qiymətləndirən şəxslər az deyi. Lakin tarix bu problemlərin təməlidir. Biz bugünkü hadisələri keçmişə nəzərən qiymətləndirə bilirik. Daha əvvələrin tarixi məlumdur, lakin bu günü anlamaq üçün son 100 ilin tarixi önəmli rol oynayır.

Əsas proseslər Rusiyada bolşeviklərin imperiyanı yıxması, hakimiyyəti ələ alıb, Birinci Dünya müharibəsindən tələm-tələsik çıxması ilə başladı. Onlar elan etdilər ki, keçmiş Rusiya İmperiyasının heç bir müqaviləsinin öhdəliyini götürmürlər. Bu, əsasən boğaza kimi yığılmış borclara görə idi. Belə olan vaxtda Qacar İranı fürsəti dəyərləndirməyə çalışdı. Əgər keçmiş Rusiya İmperiyasının müqavilələri bolşeviklər tərəfindən tanınmırdısa, o zaman Gülüstan və Türkmənçay müqavilələri də tanınmırdı və Şimali Azərbaycan Qacar İranına birləşdirilə bilərdi.

Lakin onlar cənubda prosesləri hazırlayarkən, müzakirə edərkən, 1918-ci ildə şimalda yeni dövlət quruldu - Azərbaycan Cümhuriyyəti. Artıq məsələ ölkənin adının ətrafında cərayan etməyə başladı. Belə ki, Qacar hökuməti qətiyyətlə bildirdi ki, yeni yaranan dövlətə Azərbaycan adı vermək olmaz. Çünki Azərbaycan İranın tərkibində bir əyalətdir. Vəliəhdlər Azərbaycanın mərkəzi Təbrizdən çxır. Bu gün şimalda yaranan dövlətin adının Azərbaycan olması İran taxtına, ərazi bütövlüyünə təhdiddir.

Lakin Milli Şuranın sədri M.Ə.Rəsulzadə öz məqalələrində İrana qarşı heç bir torpaq iddialarının olmadığını, mövcud cümhuriyyətə Azərbaycan adının verilməsinin tarixi əhəmiyyətini izah etmişdi. O yazırdı ki, ərazinin tarixi-coğrafi adı Azərbaycandır və Bakıda, Gəncədə, İrəvanda  yaşayan türk əhali ilə Xoyda, Təbrizdə, Ərdəbildə yaşayan türkün danışığında heç bir fərq yoxdur. Burada bir ədəbiyyat yaranırsa, sənət yaranırsa, bu, Azərbaycan ədəbiyyatı, Azərbaycan sənəti adlanır. Ölkəmizin adının Azərbaycan adlanması olduqca təbiidir.

İranla ilk diplomatik əlaqə qurmaq istəyən Cümhuriyyətimiz oldu. Belə ki, elə Qacarların da qohumuluğu çatan Ziyadoğlu nəslinin nümayəndəsi, o zaman xarici işlər nazirinin müavini Adil Xan Ziyadxanlı İrana təyin edilən ilk səfirimiz idi. 1919-cu ilin payızında Tehranda Azərbaycan səfirliyinin binası təsis edildi. Lakin səfir 1920-ci ilin yanvar ayında səfirliyin başına keçdi və orada üçrəngli bayrağımız asıldı. İran arxivindən əldə etdiyim fotonu sizə təqdim edirəm.

Təbii ki, İranın mərkəz dairələri Azərbaycan səfirini sıxışdırmaqla yanaşı Azərbaycan Cümhuriyyətini tanımaqdan da imtina edirdilər. Çünki onlar bolşevik hökuməti ilə danışıqlar aparırdılar, ali İran xanədanının Qafqaziyədə yaranan heç bir dövləti tanımayacağına söz vermişdilər. Həm də onların burada Rusiya və əyalətləri, Qazaxıstan bazarları ilə ciddi ticarətləri vardı və bunu gömrüksüz həyata keçirirdilər. Lakin Cümhuriyyətin varlığı, gömrük onlara çətinlik və ləngimələr yaradırdı.

Belə olan təqdirdə Azərbaycan Cümhuriyyəti hökuməti İrana diplomatiyanın sərt üzünü göstərdi. İrandan gələ bütün ticarət məhsullarına və tranzit kimi ölkədən keçəcək karvana qadağa qoydu. Bu zaman Bakıda olan tacirlər İran hökumətinə məktublar yazdılar ki, bizim vəziyyətimiz ağırdır. Təbii ki, İranda hər zaman tacirlər önəmli zümrələr idilər və onların arxasındakı kütlə müəyyən təsirə malik idi. Bunu nəzərə alan şah hökuməti artıq özü Azərbaycanla münasibət qurmağa başladı.

1920-ci ilin yanvarında artıq Azərbaycan Cümhuriyyəti Paris sülh konfransında de-fakto tanındı. İran da bu müddətə kimi gözləmədə idi. Tehran düşünürdü ki, Azərbaycan Cümhuriyyəti tanınmaycaq və İranın bu konfransda keçmiş ərazi iddiaları müsbət həllini tapacaq. Lakin əksi olunca artıq İran Azərbaycanı tanımağa məcbur qalmışdı. 1920-ci ilin 16 mart tarixində İran nümayəndə heyəti Bakıda Azərbaycan Cümhuriyyəti Nazirlər Kabineti tərəfindən qəbul edildi. İrandan gələn nümayəndə heyətinin rəhbəri Seyyid Ziyaəddin Təbatəbai idi.

Danışıqlar olduqca gərgin keçdi. Xüsusən də, gömrüyə aid maddədə xeyli  çəkişmələr yaşandı. Azərbaycan tərəfinin qoyduğu rüsumları İran nümayəndə heyəti qəbul etmək istəmirdi.

Lakin 17 mart tarixində gecəyarı müqavilə bağlandı və ziyafət təşkil olundu. Müqavilə dostluq, sərhədlər, ticarət, gömrük, teleqraf və s. haqqında idi. 25 mart 1920-ci il tarixində isə Qacar İranı Azərbaycan Cümhuriyyətini de-yure tanıdı. Amma bu tanınma ratifikasiya edilmədi. Belə ki, 1920-ci ilin 28 aprel tarixində Azərbaycan bolşeviklər tərəfindən işğal olundu və bu sənəd rəsmən İran şahı tərəfindən ratifikasiya edilməmiş qaldı.

Erməni məsələsi

Son zamanlar Seyyid Təbatəbainin İran şahına göndərdiyi məktub üzə çıxıb. O məktubda dostluq müqaviləsindən sonra Azərbaycan hökumətinin qardaş və dost İran hökumətindən Qarabağdakı və Zəngəzurdakı erməni dəstələrinə qarşı mübarizə aparan Cümhuriyyət ordusuna silah yardımı ilə bağlı səmimi xahişi əks olunmuşdu. Lakin Təbatəbai bu məsələnin üzərindən ustalıqla keçdiyini şaha bildirir və belə əsaslandırır ki, Azərbaycan hökuməti ilə dost olmağımız beynəlxalq əlaqələri və qonşu dövlətlərlə olan əlaqələri pozmaq demək deyil. “Biz Ermənistala münasibətlərimizi qorumağa çalışmalıyıq”, - deyə o bildirmişdi...

Burada vətəndaş daha bir haqlı sualla çıxış edə bilər: Azərbaycanı tanımaq istəməyən, buranı İran torpağına qatmaq istəyən xanədan niyə bir zamanlar öz qohumluqları çatan İrəvan xanlığı ərazisində yaranan Ermənistan dövlətinə qarşı bu varislik, torpaq iddialarını qaldırmırdı? Bu gün də eyni siyasət davam etməkdədir. Şuşa azad olunanda bəzi İran mətbuatında Şuşa Qacar şahlarının, şahzadələrinin oylağı, həqiqi vətəni kimi təqdim edildi, hətta oranı İran torpağı kimi təqdim etməkdən də çəkinmədilər. Lakin İrəvan məsələsində bu iddia qaldırılmır.

Bu münasibətlərin kökündə yenə də kilsə məsələsi durur. Kilsə Ermənistanın varlığının zəmanətidir. İstər Qacar şahları olsun, istər Pəhləvilər, istərsə də, İslam Cümhuriyyəti dövründə erməni kilsələri daim İranla münasibətləri tənzimləyib. Baxmayaraq ki, Ermənistan Sovet tərkibində idi, lakin İrandakı kilsələr vasitəsi ilə İran dünyadakı erməni lobbilərindən istifadə edə bilirdi. Bunun əvəzində isə erməni kilsələrinin tikintisi və digər fəaliyyətlər göstərilirdi.

Pəhləvilər dönəmində (1925-1979) xüsusilə də, Rza Şah Pəhləvinin hakimiyyətdə olduğu zaman (1925-1941) erməni kilsəsinə xüsusi önəm verilmiş, onların imtiyazları çoxaldılmışdı. Tehranda “Müqəddəs Məryəm Ana Kilsəsi” tikilməyə başlanılmış, tikinti 1945-ci ildə yekunlaşmışdı. Bundan əlavə ermənicə məktəblərin açılması Pəhləvilərin dövründə geniş vüsət almışdı. Ermənicə “Akil” qəzetinin də açılması (1931) kilsə-dövlət münasibətlərinin yaxşı yöndə olduğunu göstərirdi.

1941-ci ildə hakimiyyətə gələn Məhəmməd Rza Şah Pəhləvinin dövründə ermənicə dərslər “Müqəddəs Gevorq Kilsəsi”nin nəzdində dini məktəblərdə farsca keçilirdi. Dərs müddəti həftədə 6 saat idi. Ümumilikdə Pəhləvilər dövründə İranda 16 məktəbdə 5000 şagird təhsil alırdı. Ermənilərin mill və dini assimiliyasiyasının qarşısını almaq üçün Haykazyan adlı təşkilat İrandakı kilsələrə maliyyə dəstəyi verirdi. 1961-ci ildən Tehranda erməni Yeparxiyası erməni kilsələrində erməni dili müəllimlərinin ixtisaslaşması haqqında hökumətə təklif vermişdi.

1979- cu ildə qurulan İran İslam Cümhuriyyəti də erməni kilsələrinə xüsusi önəm vermiş, hətta bir neçə kilsənin inşasını həyata keçirmişdi. Bunlardan 1987-ci ildə Tehranda “Müqəddəs Vartan Kilsəsi” və “Müqəddəs Səlib Kilsəsi”ni göstərmək olar. Erməni kilsələrinin əsaslı təmiri və Ermənistanla əlaqələrin gücləndirilməsi Mahmud Əhmədinecatın dövründə daha intensiv həyata xarakter almışdı.

Müasir dövr

Bu gün iki dövlət arasındakı münasibətlərin daha da inkişafı üçün İran tərəfi xüsusi canfəşanlıq edir. İranın Ermənistandakı səfirliyinin keçmiş müşaviri Həmid Muradxaninin “panorama.am” saytına verdiyi müsahibəsində erməni xalqının İran xalqının qardaşı olduğunu qeyd edib, ermənilərə münasibətin İran Konstitutsiyasına uyğun olduğunu bildirib. O, hətta müsahibəsində İranda yerləşən müsəlman abidələri ilə yanaşı erməni kilsələrinin, muzeylərinin də komnual xərclərdən azad olundugunu deyib.

Müşavir İranda hazırda rəsmi qeydiyyatda 213 erməni kilsəsinin olduğunu vurğulayıb. Bunlardan 30-u Urmiyada, 15-i Tehranda, 13-ü İsfəhanda, 10-u Təbrizdə, 7-si Xoyda, 4-ü Makuda və  s. yerləşir. Abidələrin qorunmasını İran höküməti və erməni icması həyata keçirir.

Bu gün İranla Ermənistan arasında dostluq əlaqələri genişdir. İran Ermənistan üzərindən qeyri-leqal yollarla Avropadan bir sıra məhsulların ticarətini edir. Burada tibbi ləvazimatlar və avadanlıqlar, narkotik satışı, bəzi çirkli pulların yuyulması və həyata keçirilir.

Lakin Azərbaycan ordusu Gorus-Qafqan yolunda nəzarəti ələ alandan sonra bu qara ticarət kəsilməyə başladı. Bu da İranın nəfəsini kəsir. Zəngəzur yolunun açılması isə blokadada olan İranı bir daha cəzalandıracaq. İran artıq tərəfini tutmalı və bölgədə siyasi diktə yetkisi olan Azərbaycanla hesablaşmalıdır.

Müəllif: Şəhla Cabbarlı