İki həftəlik atəşkəs: “Bu, ikitərəfli atəşkəs olacaq!”

Dünya

08.04.2026 - 10:50

Atəşkəs aprelin 10-dan qüvvəyə minəcək: həmin gün İslamabadda danışıqlar başlayacaq

Tramp İranın enerji infrastrukturuna zərbələri iki həftə müddətinə təxirə salıb. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial media hesabında məlumat verib.

“Baş nazir Şahbaz Şərif və Pakistanın feldmarşalı Asim Munir ilə danışıqlara və onların bu gecə İrana göndərilən dağıdıcı qüvvənin qarşısını almağımı xahiş etmələrinə və İran İslam Respublikasının Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılmasına razılıq verməsinə əsasən, İranın bombardmanını və hücumunu iki həftə müddətinə dayandırmağa razıyam. Bu, ikitərəfli atəşkəs olacaq! Bunu etməyimin səbəbi, artıq bütün hərbi məqsədlərə çatmağımız və onları aşmağımız, İranla uzunmüddətli sülh və Yaxın Şərqdə sülh haqqında qəti sazişin üzərində çox irəliləməyimizdir. İrandan 10 bəndlik təklif aldıq və bunun danışıqlar üçün işlək bir əsas olduğuna inanırıq. Keçmiş mübahisəli məsələlərin demək olar ki, hamısı ABŞ və İran arasında razılaşdırılıb. Lakin iki həftəlik müddət sazişin yekunlaşdırılmasına və həyata keçirilməsinə imkan verəcək. Prezident olaraq və Yaxın Şərq ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları adından bu uzunmüddətli problemin həllinə yaxınlaşmağımız mənim üçün şərəfdir. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik!”, - Tramp bildirib.

İsrail İranla iki həftəlik atəşkəsdə ABŞ-a qoşulmağa razılıq verib. Bu barədə CNN ABŞ administrasiyasının adı açıqlanmayan yüksək vəzifəli məmuruna istinadən məlumat verib.

İranın Ali Rəhbəri Müctəba Xameneyi ABŞ və İsraillə atəşkəsi təsdiqləyib. Bu barədə "The New York Times" məlumat yayıb.

“İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xameneyi Çinin gərgin diplomatiyası və son anda təzyiqindən sonra Pakistanın 2 həftəlik atəşkəs təklifini təsdiqləyib” - məlumatda deyilir.

Həmçinin İran və ABŞ arasında aprelin 10-da Pakistanın paytaxtı İslamadda danışıqlar başlayacaq. Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurası açıqlama yayıb.

“Danışıqlar 10 aprel cümə günü İslamabadda Amerika tərəfinə tam etimadsızlıq şəraitində başlayacaq”, - deyə açıqlamada deyilir.

Açıqlamada danışıqların iki həftə davam edəcəyi, lazım gələrsə, müddətin uzadılacağı bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş