Nazir: “Haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazım olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik”
“Həqiqətən biz bir millət, iki dövlətik və bunu ən kiçik fərdə qədər hər kəs bilir. Xüsusilə, Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür. Tovuzdakı son hücumu ilk gündən etibarən cənab Prezidentimiz başda olmaqla bütün 83 milyonluq xalqımız nifrətlə qınayır. Bu təxribatların böyük hücum və beynəlxalq hüquqa zidd olduğunu, Xocalı qətliamından, Dağlıq Qarabağın işğalından etibarən cinayətkar hərəkətlərin davamı olduğunu görürük. Buna qarşı bizim mövqeyimizi bilirsiniz. Azərbaycan bizim qardaşımızdır, bir ananın iki ayrı övladıyıq. Burada biz özümüzü həqiqətən Vətənimizdə hiss edirik”. AYNA xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Akar bildirib ki, bütün bunlar sadəcə sözdə qalmamalı, əməldə də həyata keçirilməlidir: “Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub. 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olaraq Türkiyə Cümhuriyyəti ilə münasibətlər inkişaf etdirilərkən ordularımız arasındakı əlaqələr də, məlum olduğu kimi, inkişaf etməyə başladı. Belə ki, bizim hərbi çərçivə müqavilələrimiz, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalarımız, müdafiə sənayesi sahəsində əməkdaşlığımız var. Bütövlükdə bunların məntiqi nəticəsi olaraq, 2010-cu ildə imzalanan strateji əməkdaşlıq sazişimiz var. Beləliklə, bu müqavilələr çərçivəsində bizim buraya gəlməyimiz, getməyimiz, birlikdə olmağımız, yeməyimiz-içməyimiz, təlimlərdə bərabər olmağımız son dərəcə təbii bir fəaliyyətdir”.
“Biz ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa bu günə qədər etdik və bundan sonra da etməyə davam edəcəyik. Təbii ki, bu təlimlər çox önəmlidir. Təlimlər nəzəriyyənin əmələ çevrildiyi laboratoriya kimidir. Bu gün də bunun nümunəsini gördük. Böyük bir sevgi, böyük bir şövq, yüksək əhval-ruhiyyə gördük. Hamının gözləri yanırdı, birliklə yanaşı, bir işi bacarmağın sevincini yaşayırdılar. Beləliklə, biz əməkdaşlığımızın davamını, bu təlimlərin bu gün başa çatmasını deyil, sadəcə bir mərhələsini gördük. Hərbi təlimlər, hərbi təhsil davamlı prosesdir. Buna görə də bu istiqamətdə fəaliyyətlər davam edir. Bu səbəbdən cənab Prezidentimiz başda olmaqla Türkiyə Cümhuriyyəti dövləti və bizim 83 milyonluq xalqımız buradakı fəaliyyətləri həqiqətən böyük sevgi və şövq ilə yaxından izləyir. Atatürkün də dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Həqiqətən bu, bir millət olmağımızın təbii nəticəsidir”, - deyə Akar vurğulayıb.
Nazir qeyd edib ki, burada Baş Qərargah rəisi, Quru Qoşunları, Hərbi Hava Qüvvələri komandanları ilə birlikdə həqiqətən bunu çox mühüm tapşırıq, mühüm iş olaraq görürlər: “Buradakı dostlarımıza da dedik, Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik. Biz sülhün, sabitliyin tərəfdarıyıq. Təkcə ölkələrimizin təhlükəsizliyi, əmin-amanlığı mənasında deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içərisində olmasının tərəfdarıyıq. Digər tərəfdən, haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazım olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik”.