Hökumət siyasətini sərtləşdirməsə, inflyasiya maaş artımlarını “yeyəcək”

İqtisadiyyat

09.07.2019 - 15:45

Ekspert: “Son tendensiya büdcənin sosial yükünün artırılmasına və investisiya yönümlü büdcədən sosial yönümlü büdcəyə keçid deməkdir”

 

 “Yeni dəyişikliyə görə, büdcədə sosial xərclərin çəkisi 780 milyon manat artıb. Nəzərə alsaq ki, bu məbləğ maaş və pensiya artımları ilə bağlı ilin son 4 ayını əhatə edir, yəni illik xərclərin üçdə biridir, onda 2020-ci il büdcəsində bü istiqamətdə xərclərin 2 milyard 340 milyon manat artırılması gözlənilir”.

 

Bu fikirləri AYNA-ya şərhində iqtisadçı-ekspert Qadir İbrahimli səsləndirib: “Təbii ki, bu, böyük məbləğdir və indiki büdcə xərclərinin 10 faizinə yaxındır. Bu, büdcənin sosial yükünün artırılmasına və investisiya yönümlü büdcədən sosial yönümlü büdcəyə keçid tendensiyasıdır”.

“Nəzərə alsaq ki, hökumət ilin sonunda pensiya və əmək haqlarının yenidən artırılacağını bildirib, onda bu məbləğin daha da artacağı  gözlənilir. Bu tendensiya əhalinin gəlirlərinin artımına səbəb olacaq. Təbii ki, hökumətin sərt antiinflyasiya siyasəti yeritməsi şərti ilə. Yəni inflyasiya artımları “yeməməlidir”” – deyə ekspert vurğulayıb.

 

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “2019-cu il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilərək ikinci oxunuşda qəbul olunub. Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.

 

Layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Müəllif: Ayna.az