Hökumət əhalini təşviq edə bilmir: Qəpik-quruşa görə vaxt itirməyə dəyməz

İqtisadiyyat

29.07.2020 - 15:55

Vətəndaşlar ƏDV-nin bir hissəsini geri qaytarmaq sistemindən nadir hallarda istifadə edirlər

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, may ayının əvvəlindən 10 iyun tarixinə qədər əlavə dəyər vergisinin (ƏDV) çeklərlə təsdiq edilmiş bir hissəsi - 2,7 milyon manat məbləği artıq alıcılara geri qaytarılıb. Bu dövr üçün ümumi geri qaytarılacaq məbləğ 5 milyon manat təşkil edəcək.

 

Xatırladaq ki, nağd ödəmə halında istehlakçılara ƏDV-nin 10, nağdsız olduqda isə 15%-i geri qaytarılır. Ancaq pərakəndə satışın həcmini nəzərə alsaq, geri qaytarılan məbləğin olduqca az olduğu aydın olur. Fakt odur ki, vətəndaşlar ƏDV-nin geri qaytarılması sistemindən fəal istifadə etmirlər.

 

İqtisadçı-ekspert Natiq Cəfərli AYNA-ya açıqlamasında səbəblərdən birinin sırf texniki xarakter daşıdığını deyib: “Məbləğin geri alınmasına nail olmaq üçün www.edvgerial.az portalında qeydiyyatdan keçmək, çekdəki məlumatları vaxtında daxil etmək lazımdır. Bizdə isə alıcıların bir çoxu evə gələn kimi çekləri atır, bir hissəsi isə heç mağazada götürmür. İndi QR koddan istifadə edərək məlumatın daxil edilməsi asanlaşsa da, bu amil belə, vətəndaşları sistemdən istifadə etməyə həvəsləndirmir”.

“Alınan məbləğ ölkə sakinlərini ƏDV vəsaitinin bir hissəsini qaytarmağa sövq etmək üçün çox azdır. Bir supermarketdə orta alış-veriş çeki 30-40 manatdır və bu məbləğdən şəxsin geri aldığı vəsait qəpik-quruşdur. İnsanlar qəpik-quruşdan ötrü bir sıra prosedurları yerinə yetirməli olduqlarını düşünəndə, bunu etmək istəmirlər”, - ekspert bildirib.

 

Onun sözlərinə görə, bu sistemin köməyi ilə hökumət kölgə iqtisadiyyatı ilə mübarizə aparmağı planlaşdırır və müəyyən irəliləyişlər də olacaq, lakin uğurlar nəzərəçarpacaq olmayacaq: “Böyük marketlərdə ƏDV-nin bir hissəsini qaytarmağa imkan verən çeklər verilir. Lakin kiçik mağazalar bu məqsədlər üçün yararsız olan çekləri verən köhnəlmiş kassa aparatlarından tez-tez istifadə edirlər. Bölgələrdə bu, ümumiyyətlə problemdir. Bundan əlavə, paytaxtda və bölgələrdə çoxları küçə satıcılarından, xüsusən yayda - meyvə-tərəvəz mövsümündə alış-veriş edirlər və təbii ki, onlar heç bir çek vermirlər”.

 

Cəfərli qeyd edib ki, ƏDV-nin bir hissəsinin qaytarılması nağd ödənişlərin sayını azaltmaq üçün nəzərdə tutulmuş tədbirdir: “Ancaq indi həm kartla, həm də nağd şəkildə ödəməklə ƏDV-nin bir hissəini  geri ala bilərsiniz. Düzdür, nağd ödəniş zamanı bu məbləğ nağdsız ödənişdən 5% az olacaq, amma istənilən halda bu amil tədbiri ümumi olaraq mənasız edir. Fikrin özü yaxşıdır, amma həyata keçirilməsində böyük probellər var”.

 

“Nağdsız ödəmə üçün geri qaytarılan faiz nisbətini artırmaq və nağd ödəmə zamanı geri qaytarılmanı ləğv etmək daha yaxşı olardı. O zaman nağd pulun geri qaytarılmasında “kəş bək”ə daha çox maraq olardı. Dünyanın heç bir yerində ƏDV-nin bir hissəsinin nağd ödəniş müqabilində geri qaytarılması praltikası yoxdur”, - iqtisadçı vurğulayıb.

 

Vətəndaşları nağdsız ödənişlərdən istifadə etməyə həvəsləndirməyin digər yollarından danışan N.Cəfərli bir neçə il əvvəl çeklərdən lotereya bileti kimi istifadə etməyi təklif etdiyini söyləyib: “Biz nağdsız ödənişlər zamanı alınan çeklərdən danışırıq. Ayda bir dəfə televiziyada translyasiya olunmaqla qiymətli hədiyyələrin, məsələn, noutbukların, telefonların lotereya oyunları keçirilə bilər. Bu, əhalini daha çox maraqlandıracaq və bu halda nağdsız ödənişlər artacaq. Əlbəttə ki, bu, lotereyalar ədalətli və şəffaf olması şərtilə keçiriləcəksə. Vətəndaş bunlara şübhə ilə yanaşmassa və qazana biləcəyinə inansa da, dostlarının, qohumlarının, qonşularının bundan qazandıqlarını nümunə olaraq görsə, çek toplamaq üçün bank kartları ilə alış-veriş üçün ödəməyə üstünlük verəcək”.

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev isə AYNA-ya açıqlayıb ki, insanların bu sistemdən nadir hallarda istifadə etməsinin iki səbəbi var – məlumatsızlıq və tənbəllik: “Əsas məsələ bazarı, onun fəaliyyətini stimullaşdırmaqdır. Bu zaman ödəmə metodu vacib deyil. Axı, istehlakçıların yaş kateqoriyası, yəni yaşlı insanların ümumiyyətlə nağd şəkildə ödəmələrə üstünlük vermələri nəzərə alınmalıdır. ƏDV-nin bir hissəsini geri qaytarmaq sistemi normal və sadədir. Daha da sadələşdirilsə, bu, saxtakarlığa yol açacaq”.

 

Lotereyaların keçirilməsi ideyasına gəlincə, Ağayevin sözlərinə görə, bəzi pərakəndə satış şəbəkələri il ərzində onlardan müəyyən məbləği alanlara lotereyada iştirak təklif edir: “Lakin nəticədə mükafatlar üçün müraciət edənlərin böyük əksəriyyəti heç bir şey udmur, hətta simvolik belə, hədiyyə də almaır. Belə vəziyyət insanlarda lotereyalarla bağlı mənfi təcrübələr yaradır və bu sistemə inamı azaldır”.

Müəllif: Elya Belskaya