Rəqəmlərlə jonqlyorluq: Böhran dövründə “gözdən pərdə asmaq” olmaz

İqtisadiyyat

27.07.2020 - 17:09

“Qeyri-rəsmi məşğulluğun qanuniləşdirilməsi üçün yeni mexanizmlər lazımdır”

 

Pandemiya və bununla əlaqədar tətbiq olunan sərt karantin tədbirləri bir çox insanın qazancının azalmasına, digərlərinin isə ümumiyyətlə işsiz qalmasına səbəb oldu. Ancaq yerli məmurların ifadələrinə inansaq, belə çıxır ki, vəziyyət o qədər də pis deyil.

 

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun sözlərinə görə, koronavirus pandemiyası dövrü Azərbaycanda qeyri-rəsmi məşğulluğun leqallaşdırılmasına öz töhfəsini verib: “Son altı ayda özəl sektorda bağlanmış əmək müqavilələrinin payında, təxminən 17,12% artım olub, nəticədə onların sayı 752 minə çatıb. Bu fonda əməkhaqları 8,3% artıb. Dövlət sektorunda bu göstərici 3,5%, özəl sektorda 13,8% təşkil edib. Belə əmək münasibətləri və əməkhaqqının saxlanılması pandemiya zamanı xüsusi əhəmiyyət kəsb edir”.

 

Mövcud reallığı AYNA-ya şərh edən Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin (DİTM) sədri Nəriman Ağayev hesab edir ki, karantin rejiminin çoxsaylı çatışmazlıqları ilə yanaşı, həqiqətən də müsbət bir göstərici var - kölgə iqtisadiyyatının miqyasının azalması: “Özünü təcridetmə rejiminə görə, qanunsuz işləyənlərin çoxu işə gedə bilmədilər və fəaliyyətlərini qeydiyyata aldırmalı oldular. Daha çox uşaq hazırlaşdıran müəllimlər – repetitorlar cərimələrdən qorxmadan sərbəst dərs vermək üçün işlərini qanuniləşdiriblər. Taksi sürücülərinin də işi əsasən qanuni müstəviyə keçdi”.

“Əlbəttə ki, bütün bunlar qeyri-qanuni məşğulluq probleminin tam həll edilməsi demək deyil. Məsələn, bir çox bərbər və gözəllik salonları işçiləri evdə heç bir vergi ödəmədən xidmət göstərirlər. Şəxsi mənzilləri təmizləyən və dayə işi ilə məşğul olan qadınlar da fəaliyyətlərini heç bir yerdə qeydiyyata aldırmırlar. Dövlət sadəcə buna göz yumur, çünki onun üçün daha çox sahibkarların öz fəaliyyətini qanuniləşdirməsi vacibdir”, - Ağayev deyib.

 

İqtisadçı-ekspert Natiq Cəfərli də AYNA-ya bildirib ki, karantin zamanı leqal işlə təmin olunanların sayında artım olub: “Hesab edirəm ki, bu artımın səbəbi bir çox işəgötürənin dövlətdən maddi dəstək almaq üçün təcili olaraq işçiləri qeydiyyata almağa başlaması ilə əlaqədardır. Bundan əlavə, ictimai iş yerlərinin yaradılması ilə əlaqədar müqavilələrin sayı da artdı. Lakin bu işləri yüksək keyfiyyətli və daimi adlandırmaq olmaz. Bu vəziyyətdə biznesin kölgədən çıxması haqqında danışmaq, həqiqətən problemi həll etmək yox, rəqəmlərlə jonqlyorluq etməkdir”.

Mütəxəssisin fikrincə, iqtisadiyyatın dalana dirəndiyi bir vaxtda, belə vəziyyətdən leqal fəaliyyət göstəricilərini artırmaq üçün istifadə etmək düzgün deyil: “İndi qarşıda yalnız bir məqsəd dayanmalıdır - əhali arasında məşğulluğu qorumaq. Məsələn, Avropada həmişə qeyri-qanuni mühacirlərə qarşı mübarizə aparıblar, amma indiki vəziyyəti nəzərə alaraq, insanların maneəsiz işləməsinə, məsələn, məhsul yığmaq imkanına, göz yumurlar. İndi bu sahədə sərtləşmə və prosedurları çətinləşdirməyin vaxtı deyil”.

 

“Pandemiya məşğulluğun leqallaşdırılmasına heç bir şəkildə təsir etməməlidir, çünki istənilən halda qeyri-qanuni əmək münasibətlərinin sayının minimum olmasını təmin etmək üçün səy göstərmək lazımdır. Pandemiya yalnız mövcud problemi açığa çıxardı. Deməli, statistikaya görə, turizm sektorunda cəmi 24 min insan çalışır, halbuki real olaraq bu rəqəm 100 mindən az deyil. İnşaat və xidmət sahələrində də əmək müqavilələri olmadan qanunsuz işləyənlər çoxdur. İnsanlar 190 manat müavinət almaq üçün müraciət etməyə başlayanda hökumət qanunsuz məşğulluğun miqyasını dərk etməyə başladı. Azərbaycanda 5,8 milyon əmək qabiliyyətli əhali var, amma rəsmi olaraq işlə təmin olunanların hamısını hesablasaq, məlum olur ki, ölkədə 2 milyon işsiz var. 10 milyonluq əhalisi olan bir ölkə üçün bu, çox böyük rəqəmdir. Amma real olaraq, bizdə bu qədər işsiz yoxdur, sadəcə əksəriyyəti qanunsuz işləyir”, - Cəfərli bildirib.

 

Onun sözlərinə görə, müəssisələri əmək müqaviləsi bağlamağa məcbur etmək yanlış və təsirsiz bir yoldur: “Pandemiyadan əvvəl də rəsmi qeydiyyata alınmadan işə götürülmək üçün cərimələr var idi, amma gördüyünz kimi, mənzərə göz qabağında idi. Əmək müqavilələrinin bağlanmasını əmək prosesinin bütün tərəfləri üçün faydalı edən yeni sxemlərə ehtiyacımız var. Bir iş üçün bir neçə nəfər müraciət etdikdə onlardan ən azı biri qanunsuz – müqaviləsiz işləməyə razı olacaq. İndi Dövlət Sosial Müdafiə Fonduna ödəmələr çoxdur və heç də hamı onları ödəmək istəmir. Bu ödəmələrin azaldılması vəziyyəti dəyişərdi. İkincisi, Fonda edilən sosial ödəmələrin məbləğinin minimum əmək haqqı ilə bağlanması düzgün deyil. Onu da qeyd edim ki, işəgötürən çox vaxt bu ödəmələri etməmək üçün VÖEN-ləri olanları işə götürməyə çalışır, lakin bu vəziyyət onlar üçün də sərfəli deyil”.

Müəllif: Elya Belskaya