“Amerikalıların hərəkətləri göstərir ki, onlar bu ərəb ölkəsinin əhalisini və onların müqavimət göstərmək iradəsini tanımırlar”
Livanın şiə "Hizbullah" partiyasının lideri Həsən Nəsrullah ABŞ Prezidenti Co Baydenin Yəmən ərazilərinə hücum əmri verməklə səhv etdiyini bildirib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu fikri Nəsrullah Beyrutda mitinq iştirakçılarına televiziya ilə müraciətində bildirib.
"Hizbullah" liderinin sözlərinə görə, ABŞ-ın hərəkətləri qanadlı raket zərbələrinin Qırmızı dənizdə husi qırıcılarını dayandıra biləcəyi ümidi ilə diktə olunur.
Eyni zamanda, "Hizbullah" lideri söyləyib ki, Prezident Bayden və ətrafı Yəmənə təcavüzə başlamaqla səhv etdiklərini tezliklə anlayacaqlar: “Amerikalıların hərəkətləri göstərir ki, onlar bu ərəb ölkəsinin əhalisini və onların müqavimət göstərmək iradəsini tanımırlar”.
Nəsrullah yəmənlilərin Qırmızı dənizdə İsrailə gedən bütün gəmilərə hücum edəcəyini və bunun “İsrailin Qəzza zolağına təcavüzü” dayanana qədər davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, ABŞ və Böyük Britaniya yanvarın 12-də Yəmənin paytaxtı Sənaya kütləvi zərbələr endirib. Böyük Britaniyanın Baş naziri Rişi Sunak qeyri-döyüş dəstəyinin Hollandiya, Kanada və Bəhreyn tərəfindən verildiyini açıqlayıb.