Narendra Modi sammitin bitməsini gözləməyib və Yeni Dehliyə uçaraq səfərini tez başa vurub
Hindistanın Baş nazir Narendra Modi Kazanda keçirilən BRİKS sammitinin bitməsini gözləməyib və oktyabrın 23-ü Yeni Dehliyə uçaraq səfərini tez başa vurub. AYNA xarici mediaya istinadən bildirir ki, ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Randhir Caisval dövlət başçısının təyyarədə çəkdirdiyi fotoşəkili yerləşdirib.
Modi çərşənbə axşamı sammitin genişləndirilmiş iclasında iştirak edib və həmin gün Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşüb. Ertəsi gün Baş nazir daha bir neçə ikitərəfli görüş keçirib və Hindistan nümayəndə heyətinin rəhbərliyini xarici işlər naziri Subrahmaniyam Caişankara təhvil verərək Rusiyanı tərk edib.
Modi Almaniya kansleri Olaf Şoltsa görə Kazan sammitində iştirakını tez başa vurub. Almaniya kansleri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün bu gün, oktyabrın 24-də Hindistana səfər edəcək. Liderlər ikitərəfli münasibətlərin inkişafını müzakirə edəcəklər. Hindistan XİN Şoltsun Modinin şəxsi dəvəti ilə rəsmi səfərə edəcəyini açıqlayıb. Kansleri Nazirlər Kabinetinin nümayəndələri müşayiət edəcəklər.
BRİKS sammitinə səfər Modinin son üç ayda Rusiyaya ikinci səfəri idi. Hər iki səfərdə Baş nazir Putini Ukrayna ilə müharibəyə son qoymağa çağırıb.
"Biz inanırıq ki, problemlər sülh yolu ilə həll edilməlidir və biz sülh və sabitliyin tezliklə bərqərar olmasını tam dəstəkləyirik", deyən Modi Kazanda vasitəçilik etməyə və müharibəni dayandırmaq üçün "hər hansı yardımı göstərməyə" hazır olduğunu bildirib.
Bundan əvvəl, iyul ayında Modi Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlmişdi. Rusiyaya bu səfər Hindistan Nazirlər Kabinetinin rəhbəri üçün Ukraynada müharibə başlayandan sonra ilk səfər idi. Modinin gəldiyi gün Rusiya ordusu Ukraynanın mülki hədəflərinə, o cümlədən Kiyevdəki ən böyük uşaq xəstəxanasına kütləvi raket hücumu həyata keçirmişdi. Hücum zamanı ümumilikdə 40-dan çox adam, o cümlədən uşaqlar həlak olub.
Həmin vaxt Modi Putinə baş verənlərdən “ağrı və dəhşət” hiss etdiyini söyləmişdi: "Sülh yolu ilə həll yolları və danışıqlar bombalar, silahlar və mərmilər arasında işləyə bilməz. Müharibəni dialoq yolu ilə bitirməyə çalışmaq lazımdır”.