Atəşkəs müqabilində girov müqaviləsini HəMAS qəbul etmir
Fələstinin HƏMAS hərəkatı İsrail girovlarının dörd aylıq atəşkəslə mübadilə edilməsinə dair yeni təklifi rədd edib. AYNA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bildirilib ki, Qətərin vasitəçiliyi ilə danışıqlar prosesində “yaxşı irəliləyiş” əldə olunmasına baxmayaraq, HƏMAS yalnız İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağından tamamilə çıxarılması və müharibənin dayandırılması ilə razılaşır.
Hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin sözçüsü Taher əl-Nunu deyib: “Biz ilk növbədə tam və hərtərəfli atəşkəsə tərəfdarıq, nəinki müvəqqəti barışığa”.
Onun sözlərinə görə, döyüşlər dayanan kimi qalan detallar, o cümlədən girovların azad edilməsi müzakirə oluna bilər.
Bundan əvvəl “Associated” Press xəbər vermişdi ki, İsrail və HƏMAS arasında danışıqlarda ABŞ vasitəçiləri yüzdən çox girovun azad edilməsi müqabilində Qəzzada iki aylıq atəşkəs haqqında sazişin hazırlanmasında irəliləyiş əldə edirlər.