Hakerlər Lukaşenkoya xəbərdarlıq edib: “Əvvəl vergi sistemi çökəcək...”

Dünya

13.09.2020 - 15:55

“Ölkədəki elektrik enerjisi tükənəcək, bank sistemi məhv olacaq”

 

Belarusdakı hakerlər və İTK mütəxəssisləri Prezident Aleksandr Lukaşenkoya xəbərdarlıq ediblər. AYNA-nın xəbərinə görə, hakerlər sosial şəbəkələrdə ölkə başçısını təhdid edərək bildiriblər ki, nümayişçilərin tutulması prosesi davam edəcəyi təqdirdə vergi, enerji və bank sistemlərini çökdürəcəklər.

 

İKT mütəxəssisləri həbslər dayanmasa və Lukaşenko vəzifəsindən ayrılmasa, Belarusun vergilər nə olduğunu unudacağını bildiriblər.

 

“Aleksandr Qriqoryeviç, sizə şəxsən müraciət edirik. Çox ağrılı olacaq. Əvvəl vergi sistemi çökəcək, sonra ölkədəki elektrik enerjisi tükənəcək, sonra bank sistemi məhv olacaq. Buna ehtiyacınız varmı?”, - deyə hakerlərin müraciətində vurğulanıb.  Hakerlər Lukaşenkonun, yaxınlarının, dostlarının hesablarını məhv edə biləcəklərini də əlavə ediblər.

 

İTK mütəxəssisləri Prezidentdən İstiqlal Sarayından bir səsgücləndirici ilə ayrılmasını və Belarus xalqından üzr istəməsini tələb ediblər.

 

Qeyd edək ki, Belarusda etiraz aksiyaları beşinci həftədir ki, davam edir. Mitinq iştirakçıları Lukaşenkonun istefasını, yeni prezident seçkilərinin keçirilməsini və nümayişçilərə qarşı amansız təzyiq göstərən məsulların cəzalandırılmasını tələb edirlər. Səlahiyyətli şəxslər vəziyyətə xarici müdaxilə elementlərinin göründüyünə inanırlar. Lukaşenkoya görə, etirazçılar ölkədə “rəngli inqilablar təlimatları”na uyğun hərəkət etməyə çalışırlar, Polşa, Litva, Çexiya və Ukraynadan idarə olunurlar. Müxalifət dövlət çevrilişinə cəhddə günahlandırılır.

 

Xatırladaq ki, 9 avqustda Belarusda prezident seçkiləri keçirilib. MSK-nın açıqladığı nəticələrə görə Prezident Lukaşenko seçicilərin 80 faizindən çoxunun səsini qazanaraq növbəti dəfə Prezident seçilib. Müxalifətin namizədi Svetlana Tixanovskaya isə 10 faiz səs alıb.

Müəllif: Ayna.az