“Əməliyyat başladıldıqdan sonra onun ən qansız, problemsiz şəkildə keçirilməsi üçün intensiv səylər göstərdik”
“Türkiyə Suriyada Bəşər Əsəd administrasiyasının devrilməsi ilə nəticələnən silahlı müxalifətin əməliyyatında iştirak etməyib”. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu sözləri ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan deyib.
“Türkiyə belə bir prosesin bir parçası deyildi. Müxalif qruplar tərəfindən əməliyyat başladıldıqdan sonra onun ən qansız, problemsiz şəkildə keçirilməsi üçün intensiv səylər göstərdik. Lakin əvvəllər heç bir ölkə və ya qrupla danışmamışıq, belə planlaşdırmada iştirak etməmişik”, – deyə nazir vurğulayıb.
Fidan onu da bildirib ki, üçüncü ölkələrin vasitəçiliyi ilə dəfələrlə belə cəhdlər edilsə də, Suriyanın keçmiş Prezidenti Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə etmək üçün görüşməyib: “Çalışdıq, istədik, amma imtina etdilər. Hətta regional dövlətlərdən, xüsusən də İraqdan vasitəçi kimi istifadə etdik. Əsəd təkliflərin hamısına mənfi cavab verdi”..
Qeyd edək ki, noyabrın 27-də Suriya müxalifətinin silahlı qruplaşmalarının, o cümlədən “Heyət Təhrir əl-Şam”ın (HTŞ) üzvləri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinə qarşı genişmiqyaslı hücuma başlayıb. Dekabrın 7-də axşam saatlarında Suriya Prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri ələ keçiriblər: Hələb, Deyr əz-Zor, Dəra, Həma və Homsu. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar. Bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Əsəd Suriyadaxili danışıqlardan sonra postunu və ölkəni tərk edib və Rusiya ona sığınacaq verib.