Diplomatın geri qayıtması prezidentlər arasındakı telefon danışığı zamanı əldə edilən razılaşma nəticəsində baş tutub
Gürcüstanın Ukraynadakı səfiri Teymuraz Şaraşenidze təxminən bir ildən sonra Kiyevə qayıtdı. AYNA "İnterfaks"a istinadən bildirir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyiməlumat yayıb.
Qeyd edilib ki, diplomatın geri qayıtması prezidentlər - Vladimir Zelenski və Salome Zurabişvili arasındakı telefon danışığı zamanı əldə edilən razılaşma nəticəsində baş tutub.
Ukrayna XİN başçısının müavini Vasily Bodnar Şaraşenidze ilə görüşüb. Bölgədə təhlükəsizliyi gücləndirmək üçün ikitərəfli əlaqələrin və qarşılıqlı münasibətlərin inkişafını gücləndirmək arzusu ifadə edilib.
Nazirliyin açıqlamasında qeyd edilib ki, səfir Gürcüstanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyin dəyişməz olduğunu bildirib.
Qeyd edək ki, 2020-ci ilin mayında Gürcüstan keçmiş Prezident Mixail Saakaşvilinin Ukrayna Prezidenti yanında Milli İslahatlar Şurasının icraiyyə komitəsinin rəhbəri təyin olunmasından sonra Kiyevdəki səfirini məsləhətləşmələr üçün geri çağırmışdı.