MSK bülletenlərinin yenidən hesablanması barədə qərar qəbul edib
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkiləri ilə bağlı öz məlumatlarını iki dəfə yoxlamaq üçün hər bir dairədə beş seçki məntəqəsinin bülletenlərinin yenidən hesablanması barədə qərar qəbul edib. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə MSK-nın məlumatında qeyd olunub.
Qeyd edək ki, dünən axşam saatlarında Tiflisdə parlament binası qarşısında Gürcüstanın müxalifət qüvvələrinin etiraz mitinqi keçirilib.
Birləşmiş müxalifət oktyabrın 26-da keçirilən və hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının qalib gəldiyi seçkilərin nəticələrini tanımır. Parlamentə daxil olan 4 müxalifət qüvvəsindən 3-ü mandatlarından imtina edəcəklərini açıqlayıb.
Gürcüstan Prezidenti Salome Zurabişvili də seçkinin nəticələrini tanımadığını elan edib.
Xatırladaq ki, MSK-nın məlumatına görə, “Gürcü arzusu” seçicilərin 53,9 faizini, “Dəyişikliklər Alyansı” 11 faizə yaxın, “Vahid Milli Hərəkat” 10,1 faiz, “Güclü Gürcüstan” 8,8 faiz səs toplayıb. Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası 7,7% səs toplamaqla parlamentə düşən 4-cü maxalifət təşkilatıdır. Qalan səslər digər partiyaların payına düşür.