Gürcüstan Müdafiə Nazirliyininin əməkdaşları bəyanat yayıblar

Dünya

30.11.2024 - 01:15

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyinin onlarla əməkdaşı Aİ və NATO-ya daxil olma kursuna sadiq olduqlarını bildiriblər

Gürcüstan Müdafiə Nazirliyinin onlarla əməkdaşı Aİ və NATO-ya daxil olma kursuna sadiq olduğunu bildirərək, bunu ölkənin təhlükəsizliyi üçün alternativsiz adlandırıblar. AYNA gürcü mediasına istinadən bildirir ki, onlar hökumətin Aİ-na daxil olmaq üzrə danışıqları dondurmaq qərarı fonunda birgə bəyanat yayıblar.

“Avropa və Avroatlantik inteqrasiya ölkənin təhlükəsizliyini və suverenliyini daha da gücləndirmək üçün alternativsiz yoldur. Həm Gürcüstan Konstitusiyası, həm də milli və idarələr səviyyələrində bütün konseptual sənədlərlə təsdiqlənmiş xarici siyasət və təhlükəsizlik siyasətinin əsas prioritetidir", - bəyanatda qeyd olunub.

Müraciət müəllifləri Gürcüstanın Avropa və Avroatlantik strukturlarla əməkdaşlığının vacibliyini, eləcə də Qərb tərəfdaşlarının Gürcüstanın müdafiə potensialının inkişafına töhfəsini vurğulayıblar.

Bəyanatı 43 nəfər – Müdafiə Nazirliyinin müxtəlif şöbələrinin əməkdaşları imzalayıblar.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin Avropa İttifaqına  daxil olması və Avropa İttifaqının bütün büdcə qrantlarından imtina barədə danışıqlarla əlaqədar məsələnin 2028-ci ilə qədər gündəlikdən çıxarıldığını elan edib.

Prezident Salome Zurabişvili vətəndaşları hökumətin qərarına qarşı çıxmağa çağırıb. Prezident səfirlərə, dövlət qulluqçularına, hərbçilərə və polisə ayrıca müraciət edib.

Bundan sonra Gürcüstan Xarici İşlər Nazirliyinin onlarla əməkdaşı hökumətin avrointeqrasiyanı dondurmaq qərarına qarşı çıxaraq, bunu ölkənin strateji maraqlarına uyğun olmayan və Konstitusiyaya zidd qərar adlandırıb. Onlar xəbərdarlıq ediblər ki, bu, Gürcüstanın təcrid olunmasına və Avropa İttifaqına üzv olmaq üçün tarixi imkanın itirilməsinə gətirib çıxara bilər.

Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili hökumətin kursuna etiraz olaraq öz istefasını elan edib.

Müəllif: Ayna.az