Qərar Ermənistan tərəfinin müraciəti əsasında Gürcüstan Neft və Qaz Korporasiyası tərəfindən verilib
Təxminən 5,5 kilometr uzunluğunda olan Gürcüstan-Ermənistan qaz kəmərinin bir hissəsi başqa yerə köçürüləcək. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, qərar Ermənistan tərəfinin müraciəti əsasında Gürcüstan Neft və Qaz Korporasiyası tərəfindən verilib.
Qərara əsasən, sözügedən hissə 1990-cı illərdə minalanmış Gürcüstan-Ermənistan-Azərbaycan sərhəd zonasında yerləşir. Bildirilib ki, bu hissədə hətta minimal təhlükəsizlik standartlarını təmin etmək və ya təmir işləri aparmaq mümkün deyil.
Plan boru kəmərinin bir neçə kilometrini təhlükəsiz məsafəyə köçürmək və onu Ermənistan tərəfindən tikilmiş yeni hissəyə birləşdirməkdir.
Qeyd olunub ki, Gürcüstan ərazisindən keçən bu boru kəməri Ermənistana təbii qaz tədarükünün əsas marşrutlarından biridir. Qaz Ermənistana Rusiyadan Gürcüstanın tranzit infrastrukturu vasitəsilə çatdırılır.