Azərbaycanın da ilin sonunadək xarici turistləri qəbul edəcəyi gözlənilir
Gürcüstan Milli Turizm Administrasiyasından (GMTA verilən məlumata görə, iyunun 15-dən etibarən daxili turizm üçün sərhədlər açılacaq, iyulun 1-dən isə ölkə sərhədləri xarici turistlərin üzünə açıq olacaq. Gürcüstanın Baş Naziri Georgi Qaxaria bütün təhlükəsizlik tədbirlərinin görüləcəyini deyib.
Beləliklə, gürcülər pandemiyadan sonra ilk turistlərini qarşılamağa hazırlaşırlar. Bundan başqa, sentyabr ayında Tiflisdə Dünya Turizm Təşkilatının (DTT) sammiti keçiriləcək, tədbirdə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın nümayəndələri iştirak edəcək.
Şübhəsiz ki, Gürcüstan sərhədinin açılması ölkəmizdə müsbət dinamikaya səbəb olacaq. Bundan əlavə, Azərbaycan Gürcüstanda turistik reytinqdə ardıcıl olaraq birinci yerdədir. GMTA-nın məlumatına görə, 2020-ci ilin fevral ayında bu ölkəyə ən çox turist Azərbaycandan (1-ci yer) və Türkiyədən (2-ci yer) gəlib.
"Vizit Tur" turizm agentliyinin direktoru Svetlana Hüseynova AYNA-ya açıqlamasında bildirib ki, Gürcüstan sərhədlərinin açılmasının ölkəmizə təsirləri barədə indidən proqnoz vermək tezdir: “Vəziyyət hələ də qeyri-müəyyəndir və daim dəyişir. Məsələn, sərhədlərin açılma tarixini bir neçə dəfə təxirə salan Türkiyəni götürək. İnanmaq istərdim ki, iyulun 1-də Gürcüstan həqiqətən də öz sərhədlərini açacaq, amma indiyə qədər tur paketləri almaq üçün müraciətlər yoxdur. İnsanlar hələ də bilet almaqdan qorxurlar”.
Müsahibimiz ötən ilin yay mövsümündə Azərbaycandan Gürcüstana 600 min nəfərdən çox turist səfəri edildiyini bildirib: “Amma bu yay turist səfərlərinin keçən ilki kimi çox olmayacağını güman edə bilərik. Təbii ki, insanların tətilə ehtiyacları var, bəziləri artıq tətil planlaşdırırlar. Bu mənada bir çox Azərbaycan vətəndaşı qonşu Gürcüstana üz tutacaqlar. Gürcüstan da bunu başa düşür və ona görə sərhədlərini açır. Ümid edirəm ki, bu, digər ölkələr üçün yaxşı bir nümunə olacaq”.
S.Hüseynovanın fikrincə, artıq digər ölkələr də turizm üçün qapılarını açmaq barədə düşünməlidir: “Həmkarlarımızla, digər turizm agentlikləri və şirkətlərinin rəhbərləri ilə daim əlaqə saxlayırıq. Və haqlı olaraq, turizm bazarında problem olduğu üçün mövcud vəziyyət bizi çox narahat edir. İndi həmrəylik və bir-birinə dəstək olmağın vaxtıdır”.
Azərbaycanın hava məkanı daxili və beynəlxalq uçuşlar üçün hələ də bağlı olsa da, Avropa ölkələri Covid-19 pandemiyası zamanı tətbiq olunan məhdudiyyətləri tədricən qaldırmağa başlayıb. Aprelin 24-də Çex Respublikası Avropa İttifaqında (Aİ) ilk olaraq sərhədlərini açdı. Hökumət tələbə və iş vizası ilə ölkəyə girişə icazə verdi.
Hava yolları şirkətləri arasında ilk olaraq Macarıstanın “Wizz Air” şirkəti uçuşlarını bərpa etdi. Mayın 1-dən Londondan Budapeşt, Lissabon, Tenerife və Rumıniyanın bir neçə şəhərinə uçuşlar başladı. “Korean Air” iyun-avqust aylarında 36 beynəlxalq istiqamətdə bilet satışını elan etdi. Türk Hava Yolları da yay ayları üçün uçuşlar planlaşdırır.
Yerli mütəxəssislər Azərbaycanın da xarici turistləri yenidən qəbul etməyə başlayacağı ilə bağlı proqnozlar verirlər. Azərbaycan Turizm Bürosunun (ATB) şöbə müdiri İlkin Cavadov jurnalistlərə açıqlamasında daxili turizm bazarının inkişafının prioritet olacağını deyib. Onun sözlərinə görə, Azərbaycan mərhələlərlə, ilin sonuna qədər qonşu Rusiya, İran, Gürcüstan, Türkiyə və nisbətən Qazaxıstan və Ukraynadan turistləri qəbul edəcək.
İradə Əsədova