Rusiya, Türkiyə, Qazaxıstan, Ermənistan, İran və Hollandiyaya da borclar ödənilib
Gürcüstan 7 ölkəyə, o cümlədən Azərbaycana “tarixi borc” adlandırılan borcunun ödənilməsini başa çatdırıb. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin sentyabrında Gürcüstan Paris Klubunun kreditorları ilə razılaşma çərçivəsində 2004-cü ilin iyulunda restrukturizasiya olunmuş xarici borcun qalığını tam ödəyib.
Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Qazaxıstan, Ermənistan, İran və Hollandiyaya da borclar ödənilib.
Bütün borclar Gürcüstan müstəqillik əldə etdikdən sonra ilk illərdə yaranmış xarici öhdəliklərə aiddir.
Ödənişlər 1999-cu ilə qədər yaranmış 160 milyon ABŞ dolları borcunu, 1999-cu ildən 2004-cü ilin may ayına qədər yığılmış öhdəliklər üzrə faizləri və əvvəllər təsdiq edilmiş cədvələ uyğun olaraq 2004-2006-cı illərdə ödənilməli olan borcları əhatə edib.
Ödənişlərin ümumi məbləği 225 milyon dolları ötüb.
31 avqust 2025-ci il tarixinə Gürcüstanın ümumi xarici dövlət borcu 9,1 milyard dollar təşkil edib.