QHT-lər isə hakim partiyanın təxribat xarakterli seçki reklamının televiziyada qadağan olunmasını tələb edirlər
Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının seçki videosu qalmaqala səbəb olub. AYNA-nın gürcü mediasına istinadən məlumatına görə, QHT-lər bildirirlər ki, bu reklam zorakılığa təhrik edir.
Müxalifət kanalları reklam çarxını yerləşdirməkdən imtina ediblər, buna görə tənzimləyici orqan onlara qarşı böyük cərimələr tətbiq edib.
Qanuna görə, seçkilərə bir ay qalmış Gürcüstan telekanalları parlamentdə təmsil olunan bütün partiyalara pulsuz reklam vaxtı ayırmalıdırlar. Bunun üçün hər 3 saatdan bir ən azı 7,5 dəqiqə vaxt ayrılır.
“Gürcü arzusu” “Cəmiyyətin mənəvi degenerasiyasına yox deyin” şüarı ilə pulsuz televiziya videosu yayımlamaq qərarına gəlib. Arxa fonda gürcü fəalların və vətəndaş cəmiyyəti nümayəndələrinin şəklidir.
“Mtavari” telekanalı bu reklamı yayımlamaqdan imtina edib. Bildirilib ki, bu, seçki subyekti olmayan şəxslərə qarşı yönəldiyi üçün qanunu pozur.
Gürcüstan Milli Rabitə Komissiyası onların arqumentlərini nəzərə almayıb. “Mtavari” 5 min lari məbləğində cərimələnib.
Oxşar cərimələr “Pirveli” və “Formula” telekanallarına da tətbiq edilib. Bu kanallar əvvəlcə reklam çarxını yerləşdiriblər, lakin sonradan onu efirdən götürüblər.
Hər üç televiziya şirkəti qərarlardan məhkəməyə şikayət edib. Buna baxmayaraq, tənzimləyici yerləşdirmənin davam etməsinə görə onlara qarşı yeni protokollar tərtib edib. İndi onları daha 10 min lari (hər biri üçün) cərimə gözləyir.
“Transparency International Georgia” qeyri-hökumət təşkilatı müxalifət televiziya şirkətlərinin ədalətsiz şəkildə cərimələndiyini bəyan edib: “Video, orada təsvir edilən insanları nifrət qruplarının hədəfinə çevirir və onlara qarşı zorakılığa təhrik edir ki, bu da onların şəxsi təhlükəsizliyini təhdid edir. Bu, əvvəllər, o cümlədən yaxın keçmişdə dəfələrlə baş verib”.
QHT həmçinin qeyd edib ki, reklamda seçkiləri müşahidə edəcək ən azı iki təşkilat təqdim olunub.
“Biz hesab edirik ki, “Gürcü arzusu”nun seçki videosunda bu təşkilatların nümayəndələrindən istifadə hakim partiyanın yerli nəzarətçi təşkilatlara qarşı əlaqələndirilmiş və planlaşdırdığı kampaniyanı davam etdirmək və nəzarətçi təşkilatların reputasiyasına xələl gətirmək məqsədi daşıyır. Bu arada, Rabitə Komissiyasının və məhkəmənin qərarları tənqidi mediaya maliyyə zərbəsi vurur”, - təşkilatın bəyanatında deyilir.
TIG və Avropa Orbit Platforması tənzimləyiciyə reklamın yayım şəbəkəsindən çıxarılması xahişi ilə müraciət edib. Onlar Gürcüstan Mərkəzi Seçki Komissiyasına da şikayət göndəriblər. “Gürcü arzusu” təşkilatı “monitorinq təşkilatlarını gözdən salmaq kampaniyasını dayandırmağa” və müxalifət mediasının işinə mane olmamağa çağırılıb.