“Gürcü Arzusu”nun Mişadan qisası: “Niyyət Saakaşvilini həbsxanada öldürməkdir”

Dünya

05.07.2023 - 18:25

Həkimlər Klinikalar SEO Xidməti

Şahin Cəfərli: “Hakimiyyət elə vəziyyət yaratmaq istəyirlər ki, Avropa Birliyinin Gürcüstanı üzvlüyə qəbul etməsinə yer qalmasın”

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvilinin yeni görüntüləri dünya mediasının əsas müzakirə mövzularından birinə çevrilib. Fevral ayından bəri ilk dəfə məhkəmə iclasına xəstəxanadan onlayn formada qatılan keçmiş Prezidentin acınacaqlı fiziki görünüşü bir çoxlarını heyrətə salıb. Saakaşvilinin məhkəmə çıxışından fraqment “Mtavari” telekanalı tərəfindən yayımlanıb. Görüntülərdə sabiq Prezidentin son dərəcə arıqladığı, tanınmaz halda olduğu diqqət çəkir.

Qeyd edək ki, Gürcüstanda Saakaşviliyə qarşı dörd cinayət işi başlanıb. Onlardan ikisi üzrə siyasətçi qiyabi olaraq üç və altı il həbs cəzasına məhkum edilib. 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, Gürcüstanın “İmedi” teleşirkətinin ofisinin dağıdılması və təxminən 9 milyon lari (2,9 milyon dollardan çox) məbləğində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı işlər üzrə məhkəmə prosesləri davam edir.

Saakaşvili vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə də ittiham olunur. Onu 5 ildən 8 ilə qədər həbs gözləyir. Vəkillərin sözlərinə görə, sabiq Prezident mitinqin dağıdılması ilə bağlı göstəriş verməyib.

Gürcüstan hökumətinin həbsdə olan eks dövlət başçısına qarşı belə qisascıl yanaşmasının səbəbləri barədə AYNA-nın suallarını politoloq Şahin Cəfərli cavablandırıb. Analitik qeyd edib ki, Saakaşvilinin həbsxanada heç də ideal şəkildə saxlanılmadığı məlum idi:

- Əvvəlki aylarda da onun həbsxana palatasında xoş olmayan görüntüləri yayılmışdı. Amma yeni görüntülər insanlarda daha çox sarsıdıcı effekt yaratdı. Saakaşvili faktiki olaraq, tanınmaz hala düşüb. Gürcüstan hökumətinin bu dərəcədə qeyri-insani rəftarına inanmaq çətindir. Əslində Saakaşviliyə həbsxanada belə rahatlıq verməməyin səbəbi aydındır – bu, qisasçılıq deməkdir. Həm də şəxsi qisasçılıqdır. Saakaşvilidən qisas almaq, onu əzməkdir. Amma qisasın da bir təhəri var. Bu görüntülərdən sonra şübhəm yoxdur ki, hətta niyyət Saakaşvilini həbsxanada tədricən öldürməkdir.

- Bu nəyin qisasıdır?

- Dediyim kimi, daha çox şəxsi qisasçılıq rol oynayır. Bidzina İvanişvilinin lideri olduğu hakim “Gürcü Arzusu” rəhbərliyi Saakaşvilidən qisas alırlar.

Eyni zamanda, fikir verin bu hadisələr nə zaman baş verir – Gürcüstanın Avropa Birliyi üzvlüyünə namizəd statusu almasına az qalmış bir vaxtda. Gürcüstanın Avropa Birliyi üzvlüyünə namizəd statusu alması məsələsi gündəmdədir və qarşıdakı aylarda bu, mənfi, yaxud müsbət şəkildə - həll olunmalıdır. İndi Saakaşvilinin bu cür görüntülərinin dünyaya yayılmasından sonra Avropa Birliyi Gürcüstana namizəd statusunu necə verə bilər?! Belə anlaşılacaq ki, qanun pozuntularına görə, insan haqlarını tapdadığına görə Gürcüstan hökumətini mükafatlandırır.

- O zaman Gürcüstan hakimiyyəti Avropa Birliyinə üzvlük məsələsini təhlükə altına atır...

- Təbii ki, məsələni sual altına atır. Məncə, Gürcüstan hakimiyyəti bunu qəsdlə edir. Təkcə Saakaşviliyə qarşı hüquq pozuntusu deyil, ölkədə başqa hüquq pozuntuları, insan haqları pozuntuları, müxaliflərə qarşı təqiblər, təzyiqlər də var və s. Məqsəd odur ki, Gürcüstanın Avropa Birliyinə inteqrasiyası əngəllənsin. Hakimiyyət elə vəziyyət yaratmaq istəyirlər ki, Avropa Birliyinin Gürcüstanı üzvlüyə qəbul etməsinə yer qalmasın. Bu isə Gürcüstan üçün çox ciddi problemdir. “Gürcü Arzusu”nun apardığı siyasət Gürcüstanın maraqlarına ziddir. Gürcü müxalifəti onların adını dəyişib “Rus arzusu” qoyublar. Həqiqətən də, indiki Gürcüstan hakimiyyəti tamamilə Rusiyanın maraqlarına uyğun siyasət həyata keçirir. Rusiya ilə hər sahədə sıxm əlaqələr mövcuddur və bunu davam etdirirlər. Avropa Birliyinin Gürcüstana namizədlik statusunu verməməsi “Gürcü Arzusu”nun siyasətinə bir növ haqq qazandırmış olacaq. Gürcüstan hakimiyyəti bu vəsilə ilə Rusiya ilə əməkdaşlığını daha da dərinləşdirəcək və cəmiyyətə də “baxın, Avropa bizi istəmir” mesajını verəcək.

- Ola bilərmi ki, susqunluq göstərməklə Qərb də Saakaşvilidən qisas alır?

- Qərb susqun deyil. Əlində olan vasitələrdən, hüququn imkan verdiyi elementlərdən istifadə edir. Gürcüstan hakimiyyətinə çağırışlar olunur. Sadəcə görünür ki, Qərb Gürcüstan hakimiyyətini bütövlükdə itirmək istəmir. Dediyim kimi, bu, Gürcüstan hakimiyyətinin Saakaşvilidən şəxsi qisasıdır.

- Gürcüstan cəmiyyətinin də Saakaşviliyə qarşı edilənlərə etirazını müşahidə etmirik...

- Əslində Saakaşvilinin siyasi karyerası bir qədər tragik alındı. Bəlkə də bu bütün islahatçı siyasətçilərin taleyidir. Ədalət və həqiqət naminə qeyd etmək lazımdır ki, Saakaşvilinin hakimiyyəti dövründə çoxlu hüquqazidd hadisələr baş verib. Məsələn, bir sıra şübhəli siyasi qətllər, iş adamlarının müəmmalı ölümləri və s. Mən demirəm ki, bunlarda Saakaşvili hökumətinin əli vardı. Amma hər halda onun hakimiyyəti dövründə belə hadisələr baş verib. Eyni zamanda gürcü müxalifətinin aksiyalarının zorakılıqla dağıdılması, bəzi aksiya iştirakçılarının ölməsi faktları var. Həbsxanalarda işgəncələrə rast gəlinmişdi. Saakaşvilinin seçkilərdə uduzması səbəblərindən biri də seçki ərəfəsində həbsxanadakı işgəncələrlə bağlı görüntülər yayıldı. Bu, Saakaşvilinin reytinqinə ciddi zərbə vurdu.

Düzdür, Saakaşvili ciddi islahatlar həyata keçirdi, amma bu islahatlar zorakılıqla müşahidə olundu. Bəlkə də başqa yol yox idi, amma Gürcüstan cəmiyyəti bunu qəbul etmir. İndi gürcülər həmin hadisələri xatırlayırlar. Saakaşvili hökumətinin islahatları zorakılıqla həyata keçirməsi ciddi narazı kütlənin formalaşmasına səbəb oldu. İndi “Gürcü Arzusu” da bu vəziyyətdən istifadə edir, öz istədiyi siyasəti həyata keçirir. Saakaşvilinin indiki vəziyyətə salınmasına ona görə etiraz yoxdur ki, insanların bir qismi keçmiş Prezidentə qarşı hələ də qəzəblidir. Onlarda belə qorxu var ki, Saakaşvili həbsdən çıxsa, yenidən Gürcüstanda ara qarışacaq, hakimiyyəti ələ keçirəcək və intiqam almağa başlayacaq. Bu qorxudan “Gürcü Arzusu” davamlı şəkildə istifadə edir.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş