Onlar hər gün öz həyatlarını təhlükəyə atırlar
Bu gün dünyada koronavirus infeksiyasının ayaq açıb yeridiyi bir dövrdə ən çox tənqid olunan sahə səhiyyə, paradoksal olsa da, ən çox təşəkkür edilənlər də həkimlərdir.
Media əhli gündəlik olaraq, hansısa rayon xəstəxanasında baş verən kiçik qanunsuzluqlardan tutmuş, iri klinikalarda olan yüksək qiymətlərə qədər güniş bir mövzu arealına sahibdirlər. Nəzərə alsaq ki, bizə bu işdə əllərində smart-telefonlar olan vətəndaşlarımız da kömək edir, necə deyərlər bu mövzuda sıxıntımız yoxdur. Amma səhiyyəmizdəki problemlərə baxmayaraq, elə həkimlərimiz var ki, onlar doğurdan da öz peşələrinə, içdikləri Hippokrat andına sadiqdirlər.
Açığını desək, adətən redaksiyamızın poçtuna koronavirus mövzusunda şikayətlər daxil olur: hansısa həkim yaxşı baxmadı, klinika pul aldı, təcili yardım gec gəldi və s. Amma, aldığımız bir məktub bizi həqiqətən sevindirdi – deməzli biz təkcə mız qoymuruq, həm də təşəkkür edə bilirik.
Redaksiyamıza müraciət edən şəxsi ölkədə çoxları tanıyır. AMEA-nın arxeologiya və etnoqrafiya institutunun aparıcı elmi işçisi, arxeoloq Azad Zeynalov Qarabağın işğaldan azad edilməsindən sonra məşhur Azıx mağarasına gedən və oranın vəziyyəti barədə müfəssəl məlumat verən ilk azərbaycanlı alimdir. Və bu alimimiz də indi dünyada tüğyan edən COVID-19 bəlasından kənarda qala bilmədi. Çağırılan təcili yardım onu Bakının Məhəmmədi kəndində yerləşən modul tipli xəstəxanaya çatdırdı. Orada müalicə olunan Azad Zeynalov, artıq sağalıb və hətta aktiv əmək fəaliyyətinə də başlamaq fikrindədir.
Alim xahiş etdi ki, mümkünsə onun adından adıçəkilən xəstəxanda onun əziyyətini çəkən həkimlərə – infeksionist Leyla Məmmədhüseynovaya, Kardiologiya institununun direktoru Gülnaz Dadaşovaya, şöbə müdiri Mədinə Əzimovaya və adlarını çəkmədiyi daha neçə-neçə həkim və tibb bacısı heyətinə təşəkkürünü çatdıraq.
Biz də çatdırırıq, çünki bu çətin dövrümüzdə həkimlərin əməyinə verilən dövlət qiyməti ilə yanaşı, bizim – sadə vətəndaşların da verdiyi qiymət, göstərdiyi dəstək tibb işçiləri üçün çox vacibdir. Axı onlar da hər gün öz sağlamlıqlarını riskə ataraq, neçə-neçə insanın yenidən öz evinin kandarından içəri girərək, sevinclə ailəsinə qayıtması üçün çalışırlar. Çəkdyiniz zəhmətin əvəzini Yaradan versin, əziz həkimlər!