Erkin Qədirli: “Öyrəniləcək şeylər hələ çoxdur”
“Son iki gün “Facebook” səhifəmdə maliyyə hesabatı yazmaq, verilmiş əlavə sualları cavablandırmaq cəhdim bu yolda görülməli olan işlərin ilk təcrübəsi idi. Müsbət və mənfi yanları oldu. Öyrəniləcək şeylər hələ çoxdur”. AYNA bildirir ki, bu sözləri Respublikaçı Alternativ Partiyasının (ReAL) funksioneri, deputat Erkin Qədirli deyib.
Millət vəkili bildirib ki, daha öncə də xəbər verdiyi kimi, deputat işləri ilə bağlı ayrıca internet saytı hazırlanır: “Milli Məclisin payız sessiyası başlayana yaxın açılacaq. Orada, dövrü maliyyə və başqa hesabatlarımla yanaşı, gündəlik (həftəlik) məlumatlar da olacaq - çıxışlar, səsvermələr, təkliflər, sorğular, görüşlər, səfərlər və s. Orada seçicilərin birbaşa müracitələri (şikayətləri, təklifləri və s.) üçün imkan da yaradılacaq. Koronavirusdan doğan problemlərə görə yaz sessiyası dönəmində çox şeyi etmək alınmadı”.
“Karantinə görə seçicilərlə görüşmək olmurdu, harasa səfər etmək imkanı yox idi, dairəmdə ofis hələ qurulmayıb. Üstəlik, mənim özüm də bu dönəmdə daha çox öyrənirdim, təcrübə toplayırdım, münasibətlər qururdum. Bunların hamısı vaxt alır, ünsiyyət bacarıqlarını inkişaf etdirməyi tələb edir. Görüləsi işlər çoxdur və getdikcə çoxalacaq. Gördüyüm hər işin hesabatını verəcəyəm”, - deyə Qədirli vurğulayıb.
Xatırladaq ki, E.Qədirli bu günlərdə rəsmi “Facebook” səhifəsində millət vəkili olduqdan sonrakı maliyyə qazancı barədə hesabat yazıb. Hesabat statusunda deputat bu müddət ərzində nə qədər maaş, premya aldığını, onun nə qədərini nəyə xərclədiyini qeyd edib.