Zaur Əliyev: “Orada yoluxma sayı artıb, operativ işçi qrupu şəhərə göndərilib”
“Vətəndaşlar artıq sosial məsafəni gözləmirlər. Hətta, maskadan istifadə edənlər gözə dəymir”.
AYNA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) direktoru Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifiqində deyib.
“Biz həftəlik analiz aparırıq, bu yolla epidemioloji vəziyyətə qiymət veririk. Bir neçə gündür, vəziyyətlə bağlı Gəncənin adı hallanır. Gəncə-Qazax bölgəsindən olan ümumi yoluxanların 14 faizini təşkil edir. Gəncədə yoluxma sayı artıb, operativ işçi qrupu şəhərə göndərilib. Məlum olub ki, orada karantin qaydalarına əməl edilməyib”, - İTSDA rəhbəri bildirib.
Əliyevin sözlərinə görə, yoluxmaların çoxu ailədaxili olub: “Tibb işçiləri arasında da kütləvi yoluxma baş verib. Cənub və şimal bölgəsində də vəziyyət təxminən eynidir. Bakının Yasamal, Sabunçu rayonlarında yoluxma miqyası çox idi, indi bunun qarşısı alınıb”.