Gəlini və nəvələri xəstəxanaya yerləşdirilib, qardaşı arvadı ölüb
Gəncədə 4 nəfərin bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluqdan AYNA-ya verilən xəbərə görə, 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu qardaşı arvadı 1967-ci il təvəllüdlü Ofeliya Quliyevanı, öz gəlini 1984-cü il təvəllüd Günay Quliyevanı və nəvələri- 2006-cı il təvəllüdlü Malik Quliyev, 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızını bıçaqlayıb.
Hadisə zamanı O. Quliyeva hadisə yerində ölüb. Gəlini və nəvələri isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
İstintaqla cinayətin M.Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.