Gələn il üçün COVID-19 planları: Mart-aprel aylarında deyəcəklər ki…

Aktual

27.12.2020 - 16:06

…Ay camaat, gözünüz aydın, zillətdən aydınlığa çıxmağa başlayırıq

 

Dünyada 2020-ci ilə COVID-19 öz damğasını, möhrünü vurdu. Hələ də müxtəlif komplo-teoriləri, virusla bağlı müxtəlif versiyalar, qlobal oyunlar əsas müzakirə mövzusudur. Bu günə qədər hələ də virusun mənşəyi, mənbəyi dəqiq təsbit olunmayıb. Koronavirusun təbiət, və ya lobaratoriya “məhsulu” olduğu da dəqiq məlum deyil. Amma gəlin məntiqi ardıcıllıq qurmağa, məntiqli sullar qoyub, onlara cavab tapmağa çalışaq:

 

1.Virus ciddi təhlükədirmi? - Bəli, çox tez yayılan, tez yoluxduran, risk qruplarına daha ciddi təsir edən mərəzdir.

 

2. Virusla bağlı müxtəlif ölkələr fərqli mübarizə üsulları tədbiq etdilərmi? - Bəli, karantin tədbirlərindən tutmuş, müalicə protokollarına qədər, fərqli yanaşmalar gördük. İsveç üsulundan, Çin yanaşmasına qədər, fərqli siyasət quran dövlətlər oldu.

 

3. 2020-ci ilin əvvəlində sərt karantin tədbirlərinin bir çox ölkələrdə tədbiqi doğru idimi? - Bəli, virus hələ tanınmırdı, dövlətlər qapanmaqla zaman qazanıb, səhiyyə sistemini virusla mücadiləyə hazırlamağa məcbur idilər.

 

4. Sərt karantin tədbiqindən udan ölkələr varmı? - Xeyr, bütün dünya uduzdu – dünyanın ÜDM-i azaldı, ticarət dövriyyəsi zəiflədi, demək olar ki, bütün ölkələrdə işsizlik, yoxsulluq artdı, ÜDM hər yerdə (bir tək Çindən başqa - o da ayrı mövzudur, səbəbləri var) azaldı.

 

5. Dünya ölkələri vətəndaşlarına və biznes sahib çıxa bildilərmi? - Xeyr, böyük ölçüdə sahib çıxa bilmədilər. Doğrudur, ABŞ-da və Avropada vətəndaşlara pul da paylandı, biznesə böyük dəstək paketləri tətbiq edildi, amma dünya üzrə COVID-19-la mübarizəyə ümumən 12 trilyon dollar ayrılsa da, bunun 80 faizi iri biznesə, səhm bazarının şişməsinə, mənasız riskli yatırımların bahalaşmasına (bitcoin kimi) – bir sözlə, dünya iqtisadiyyatında növbəti “şarların” yaranmasına sərf olundu ki, bu da gələcək böhranların əsasını, şişmiş “balonların” partlamasının təməlini qoydu.

 

6. Bəs qazanan oldumu? - Bəli, böyük texnoloji şirkətlər və farmakalogiya qazandı, söhbət tək puldan yox, topladıqları məlumatlardan gedir – onlar daha dəyərlidir.

 

Bəs, 2021-ci iıə necə daxil oluruq? Məncə, COVID-lə bağlı qlobal hədəflərdən biri ABŞ-da 2016-cı ildə baş verən “təsadüfün” aradan qaldırılması idi – bu hədəfə nail olundu. 2020-ci ildə koronavirus KİV-lərin əsas mövzusu oldu, insanları vahiməyə salan virusdan daha çox onun təqdimatı idi. Bəşəriyyat kütləvi psixoz vəziyyətinə gətirildi, təməl hazır oldu, indi qlobal KİV-lər əhaliyə nə təklif edirdisə, onu da “həzm” etməyə başladılar. Təqribən noyabrın sonundan sonra Co Baydenin qələbəsi artıq şübhə yaratmadığı gündən sonra dünya KİV-lərinin “məhsul” təqdimatı dəyişməyə, dünyanı “vaksinə” kökləməyə başladı.

 

Vaksin məsələsi ayrıca mövzudur, daha geniş fikir mübadiləsinə ehtiyac var, amma qısa olaraq onu deyim ki, 1 ilə yeni virusa normal vaksin hazırlamaq mümkün deyil – istənilən vaksinin kəşfi və əsas da yoxlanılması, 3-5 il arası çəkir. Bu obyektiv zaman kəsimidir, çünki vaksinlərin insan orqanizminə, müxtəlif gen daşıyıcılarına və qan qruplarına təsirinin öyrənilməsi obyektiv olaraq, 3-5 il arası zaman alır.

 

Sözümün canı isə bunda deyil, indi vaksinlə bağlı pozitiv xəbər axınının təməl səbəbi başqadır. Gələn ildən virusun özü yox olmasa da, ona münasibət, COVID təqdimatı dəyişəcək, məncə, məhz buna hazırlıq gedir.

 

Yanvarın 20-də Bayden and içib fəaliyyətə başlayandan cəmi 100 gün ərzində koronavirus söhbəti beynəlxalq KİV-lərdə ancaq pozitiv xəbərlərdə öz əksini tapacaq. Bir daha virus itməsə də, ona münasibət dəyişəcək. Kütləvi psixoz vəziyyətini kütləvi sevinc gözləntisi əvəz edəcək. Beləliklə də, vaksinasiya ilə bağlı pozitiv xəbərlər o qədər artacaq ki, virusa münasibət dəyişəcək.

 

Ehtimalıma görə, gələn ilin mart-aprel aylarında birdən elan edəcəklər ki, “məsələ bitdi-bitir, dünya virusa qalib gəldi-gəlir, virus o qədər də təhlükəli deyilmiş, vaksinləşmə sürü immuniteti yaradıb, ay camaat gözünüz aydın, zillətdən aydınlığa çıxmağa başlayırıq”. Mart-aprel aylarına dünyada pandemiyanın 1 ili də tamam olacaq, bu 1 il ərzində milyardlarla insanın “online pasportu”, davranış qaydaları, dünya əhalisinin böyük əksəriyyətinə aid “big data”-nın toplanması da bitəcək. (Dəqiq analiz üçün 1 illik davranış qaydaları vacib zaman kəsimidir) Və bundan sonra həmin o “big data” 21-ci əsrin “neftinə” çevriləcək.

 

Bir il insanların “online” həyatını, sifarişlərini, marşrutlarını, zövqlərini, xərcləmədə prioritetləri öyrənən insanlığın davranışını da dizayn edə biləcək. Bu nə yaxşıdır, nə də pis, heç faciə də deyil, insan həyatına birbaşa müdaxilə də sayılmır – sadəcə süni intellektə qoşulmuş “big data” milyardlarla insanın gələcəkdə zövqünü və xərcləmələrini yönləndirə biləcək.

 

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert