Komitə üzvləri vitse-spikerin hesabatını məqbul saydı

Aktual

16.09.2020 - 18:49

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyasında ilk iclası keçirilib

 

Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyasında ilk iclası keçirilib. Milli Məclisin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli öncə VI çağırış dövründə parlamentdə görülən işlərdən danışıb. İbrahimli bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar bütün dünyada yaranmış ağır şəraitə baxmayaraq, Milli Məclis öz işini ən yüksək səviyyədə davam etdirib və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib.

 

Həm ölkə daxilində, həm beynəlxalq miqyasda deputatlarımız Azərbaycanın milli maraqları istiqamətində geniş fəaliyyət göstəriblər: “Milli Məclisin Sədri Sahibə xanım Qafarovanın başçılığı ilə ciddi islahatlar həyata keçirilib, beynəlxalq əlaqələr genişləndirilib və hər bir deputat öz fəaliyyətini günün, bugünkü dünyanın tələbləri səviyyəsində qurub”.

 

Komitə sədri məlumat verib ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib. Sonra o, 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 15 məsələyə baxılıb. Ötən sessiyalar dövründə komitədə 5 qanun layihəsi müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib. Nəzərə çatdırıb ki, həmin qanun layihələrindən 4-ü üç oxunuşda (birinci, ikinci və üçüncü oxunuşlarda), 1-i isə bir oxunuşda müzakirədən keçib.

 

Baxılan qanun layihələri Milli Məclisin iclaslarında qəbul edilib. 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan 90 ərizə və məktuba, müxtəlif xarakterli digər sənədlərə, elektron poçt vasitəsilə gələn müraciətlərə komitədə baxılıb. 38 ərizə, müraciət və sənəd tədbir görülmək üçün aidiyyəti təşkilatlara göndərilib. Ərizələrin əksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlarla telefon əlaqəsi saxlanılıb və qanun çərçivəsində məsələnin həllinə nail olunub. Vətəndaşların fərdi qəbuluna da komitədə xüsusi diqqət ayrılıb. Hesabat dövründə koronavirus pandemiyası ilə əlaqədar, həmçinin iyul ayında Tovuz rayonu ilə sərhəddə Ermənistanın növbəti hərbi təxribatı ilə əlaqədar yaranmış vəziyyətlə bağlı seçicilərlə sıx əlaqə saxlanılıb, yerlərdə çoxsaylı görüşlər keçirilib. Sessiyalar ərzində komitə sədri və üzvləri parlamentlərarası əlaqələr üzrə işçi qruplarla da onlayn qaydada müxtəlif görüşlər keçiriblər. Məlumat dinlənildikdən sonra komitədə fikir mübadiləsi aparılıb.

 

Müzakirələrdə komitə sədrinin müavini Sahib Alıyev, deputatlar Cavanşir Paşazadə, Azər Badamov, Ceyhun Məmmədov, Anar İsgəndərov rəy və təkliflərini bildiriblər. Yaz və növbədənkənar sessiyalar dövründə görülmüş işlər yüksək dəyərləndirilib. Hesabat məqbul sayıldı. İclasda komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı təsdiqləndikdən sonra cari məsələlərə baxılıb, deputatların təklifləri dinlənilib. Yekunda gündəlikdəki məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Müəllif: Ayna.az