Gecə saatlarında Kiyev və Odessaya PUA-larla hücum edilib

Dünya

23.04.2024 - 12:18

Odessada yaşayış binalarına ziyan dəyib, 9 nəfər yaralanıb, Kiyevə doğru uçan bütün PUA-lar vurulub

Rusiya pilotsuz təyyarələri (PUA) çərşənbə axşamı gecə Kiyev vilayətinə və Odessa ətrafına hücum edib. Bu barədə A/YNA Ukrayna mediasına istinadən bildirir.

Odessaya hücum nəticəsində yaşayış binalarına ziyan dəyib, yanğın başlayıb. Doqquz nəfər yaralanıb, onlardan dördü uşaq olub.

Odessa vilayət administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, xilasedicilər üçü uşaq olmaqla 34 nəfəri xilas edə biliblər.

Odessa meri Gennadi Truxanov bildirib ki, azı 14 mənzil dağılıb. İnfrastruktur obyektlərinə ziyan dəyib. O dəqiqləşdirib ki, zərərçəkənlərə yardımı şəhərin şimal hissəsində, liman infrastrukturunun bir hissəsinin də yerləşdiyi Peresipski rayonunun administrasiyası təşkil edəcək.

Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko isə bildirib ki, dünən gecə Kiyevə doğru uçan bütün PUA-lar vurulub. Popko yazıb ki, dağıntı və tələfat olmayıb. Onun sözlərinə görə, dronlar Rusiya hərbçiləri tərəfindən Kursk vilayətindən buraxılıb və Sumı və Çerkassı vilayətləri üzərindən uçaraq, cənub-qərbdən Kiyevə daxil olmaqla, uzun dövrə vurublar.

Müəllif: Ayna.az